BAYDEN KİYEVƏ GƏLDİ - Ukrayna XİN “sürpriz hazırlandığını” bəyan etmişdi / FOTO, VİDEO

Baxış sayı:
2804

Məlum olduğu kimi, ABŞ Prezidenti Co Baydenin 20-22 fevral tarixlərində Polşaya səfəri planlaşdırılıb. Bu səfər çərçivəsində onun Ukrayna paytaxtına da gələcəyi barədə məlumatlar dolaşsa da, belə bir səfərin baş tutacağı ehtimalı olduqca aşağı qiymətləndirilirdi. Lakin hazırda Kiyev küçələrində baş verənlər və Ukrayna XİN-in açıqlaması belə qənaət yaradır ki, ABŞ Prezidenti Ukrayna paytaxtına gəlir.

Ukrayna mətbuatı xəbər verir ki, bu gün səhərdən başlayaraq, Kiyevin bir neçə mərkəzi küçəsi və ABŞ səfirliyi istiqamətindəki yollar bağlanıb. Şəhərdə ABŞ səfirliyinə aid avtomobillərin intensiv hərəkəti müşahisdə olunur.

Məsələylə bağlı danışan Ukrayna XİN başçısının müavini Andrey Melnik isə yerli kanallara açıqlamasında dolayısı ilə Baydenin səfərini təsdiqləyib: “Gəlin hələlik bu intriqanı saxlayaq və qabağa qaçmayaq. Mən ümid edirəm ki, hazırlanan sürpriz alınacaq. Bizim üçün çox vacibdir ki, işğalın ildönümündə biz təkcə sözdə dəstəyi, həmrəyliyi deyil, həm də böyük yardımı və bizim ən vacib, başlıca tərəfdaşlarımızın Kiyevdə olmasını görəcəyik”.

Melnik konkret olaraq kimin gələcəyini söyləməyib və azca gözləməyi məsləhət görüb.

Xatırladaq ki, daha öncə Baydenin Varşavada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcəyinə dair məlumatlar yayılmışdı. Lakin Zelenbski dolayısı ilə bu xəbəri inkar etmişdi. İndi isə məlum olur ki, bayden özü Kiyevə gəlir.

Son dəqiqələrdə daxil olan məlumata görə Co Bayden artıq Kiyevdədir. Bununla bağlı videogörüntülər də yayılıb.

Qeyd edək ki, bu səfər Ukrayna üçün böyük siyasi və mənəvi dəstək yükü daşıyacaq. Rusiyanınsa onsuz da ayaqlar altına atılmış nüfuzuna daha bir ağır zərbə olacaq.

C.Məmmədov