“Bank kreditlərinin, vergilərin, kommunal xərclərin ödənilməsinə moratorium qoyulmalıdır“ - TANINMIŞ İQTİSADÇIDAN HÖKUMƏTƏ TƏKLİFLƏR

Baxış sayı:
2791

"Hazırkı xüsusi rejimli karantin şəraitində həlli vacib olan aşağıdakı sosial və iqtisadi xarakterli məsələlərə dair aprelin 1-dək təcili qərarlar verilməlidir”.

Bu barədə açıqlama verən Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı alim Qubad İbadoğlu 6 təklif irəli sürüb:

1. Bank kreditlərinin və ona görə faiz borclarının, vergilərin, kommunal xərclərin ödənilməsinə moratorium qoyulmalıdır. Hesab edirəm ki, moratorium ən azı 3 ay müddətinə müəyyənləşdirilməlidir. Kommunal xərclər və vergilərlə bağlı bunu etmək daha asandır, çünki Azərbaycan bazarında bu xidmətləri göstərən dövlət şirkətləridir.
 
2. Dünya bazarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar olaraq əhali qrupuna satılan təbii qaza və elektrik enerjisinə tətbiq olunan differensiallaşmış tarif sistemi ləğv olunmalı, bu tariflərin formalaşmasında neftin dünya bazar qiymətlərinin oynadığı rolu nəzərə alaraq onların qiymətlər ucuzlaşdırılmalıdır. Elekrtik enerjisinin istehsalında əsas xammal olaraq qazdan istifadə edilməsi və qazın qiymətinin dünya bazarına kəskin ucuzlaşması buna imkanlar yaradır.
 
3. Neftin dünya bazar qiymətinin ucuzlaşmasına görə daxili bazarda satılan neft və neft məhsullarının, o sırada da Ai-93 markalı benzinin, dizel yanacağının və mazutun qiymətlərı aşağı salınmalıdır. Əks təqdirdə belə çıxır ki, Azərbaycan həmin məhsulları xarici bazarlarda daxillə müqayisədə daha ucuz satır və itkilərini yerli istehlakçılarının əlavə xərcləri hesabına kompensasiya edir.
 
4. Azərbaycana əsas ərzaq məhsulları, tibbi ləvazimatlar və dərman preparatlarının, dezinfeksiya vasitələrinin gətirilməsinə tətbiq olunan gömrük rüsumları və ƏDV ləğv edilməlidir.
 
5. İşszilərin, əlliliyə görə müavinət alanların, yaşa, əməyə və ailə başçısını itirməyə görə təqaüd alan pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında fərman verilməli, həmin fərmanla müavinətlər və təqaüdlər artırılmalıdır.
 
6. İş yerlərini müvəqqəti itirənlərə və biznesini dayandırmaq məcburiyyətində qalanlara dəstək proqramı çərçivəsində birbaşa nağd ödənişlər edilməlidir.