Bakıda marketdə məhsulları yararsız hala salan şəxs işdən qovulmuş generalın oğlu imiş - VİDEO / Yenilənib

Baxış sayı:
1198

Bakıdakı marketlərdən birində məhsulları qəsdən yararsız hala salan Rüstəm Orucovla bağlı maraqlı detal məlum olub.

Belə ki, o, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucovun oğludur.

Xatırladaq ki, R.Orucov və onun tanışı Xəyalə Vəliyeva bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həmin şəxslər saxlanılıb. Onlar polis orqanına gətirilib və R.Orucovla X.Vəliyeva ilə profilaktik söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.

Onu da xatırladaq ki, R.Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, 2017-ci ilin iyulun 3-də idarə etdiyi BMW markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə, ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatlığına və insanlarda vahiməyə səbəb olmuş, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq etmişdi.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə R.Orucov 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

General-mayor Novruzəli Orucov isə həmin hadisədən sonra Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunmuşdu.

Qeyd edək ki, bu barədə ilk xəbəri musavat.com saytı yayıb.

***

Marketdə özlərini çəkib yeyinti məhsullarını yararsız hala salanlar saxlanılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Zeyni Hüseynov bildirib ki, bir neçə gün əvvəl marketlərin birində qida məhsullarını qəsdən yararsız hala salıb və bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşanların şəxsiyyəti müəyyən edilib.

Araşdırmalarla həmin şəxslərin Bakı şəhər sakinləri Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqlarları məlum olub. Onlar polis orqanına gətirilib və həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, o cümlədən mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşman olduqlarını bildiriblər.