“BAKI TƏCİLİ HƏRƏKƏTƏ KEÇMƏLİDİR..." - Erməni lobbisindən Azərbaycana qarşı növbəti təxribat

Baxış sayı:
3323

ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kazlariç və Florida Beynəlxalq Universitetinin baş elmi işçisi Deyvid Kramerin yenidən anti-Azərbaycan propaqandasına dəstək verənlərin sırasına qoşulublar. Məsələn, senator Bob Menendezin ABŞ-ın Azərbaycana 120 milyon dollarlıq yardımına etirazı ilə yanaşı, bu iki amerikalı siyasətçi də ölkəmizə qarşı şuluqluq edirlər. ABŞ-dan Azərbaycana ünvanlı sərt təhdidlər nəylə bağlıdır?

Politoloq Yeganə Hacıyeva bildirdi ki, ABŞ-ın Azərbaycana 120 milyon dollarlıq yardımına hər hansı amerikalı siyasətçinin etirazını rəsmi ABŞ-ın Azərbaycana qarşı sərt təhdidi kimi qəbul olunması yanlışdır: “Bunu ABŞ-ın deyil, bu ölkənin Konqresdən maliyyələşən erməni lobbisinin təşəbbüsü adlandırmaq daha doğru olardı. Amma etiraf etmək lazımdır ki, ABŞ-ın Cənubi Qafqaz və ya Yaxın Şərq siyasətində, ümumilikdə ABŞ xarici siyasətində çoxlu boşluqlar mövcuddur. Bu boşluqlar üzərində isə kənar qüvvələr və ya üçüncü tərəf  lobbi qrupların köməkliyi ilə ABŞ-ın strateji tərəfdaşları olan ölkələrlə münasibətlərini korlaya biləcək fəaliyyət qururlar. Son zamanlar ABŞ xarici siyasət və təhlükəsizlik komitələrinin üzvləri erməni lobbisinin Amerikanın maraqlarına zidd Robert Menendez və digərlərinin ABŞ-ın Yaxın Şərq və Cənubi Qafqaz siyasətinin əleyhinə daxildən sabotaj hərəkətləri və  Ermənistanın bu regionda fəaliyyətinin ABŞ maraqlarına zidd olması faktının gizlədilməsinə yönəlik addımları haqqında bir neçə qapalı araşdırma aparılıb.

Yuxarıda haqqında danışdığım araşdırmalardan məqsədli sızdırmalar əsasında ABŞ-da ard-ardında xarici siyasət və təhlükəsizlik üzrə “beyin mərkəzləri”nin dərc etdiyi nəşrlərində bu haqda məlumatlar gedib. Məsələn, ABŞ Konqresindən maliyyələşən Amerika Erməni Milli Komitəsinin  qaranlıq fəaliyyəti, bu təşkilatın terror fəaliyyətinə görə məhkum olunmuş və ABŞ-ın milli maraqlarına qarşı çıxış edən xarici media şirkətlərinin başçıları  ilə əlaqəsi olan rəhbərləri haqqında geniş məlumatlar  dərc edilir. Vaşinqtonun siyasi dairələrinə təsir etmək iqtidarında olan Amerika Erməni Milli Komitəsi ABŞ-ın “ən böyük və təsirli siyasi təşkilatlardan” biri kimi, həm də bu ölkənin siyasi sabitliyinə və ABŞ üçün  həssas regionlarda ortaq maraqlara xidmət edən tərəfdaşlarına qarşı daxildən fəaliyyət göstərərək ABŞ-ın milli təhlükəsizliyinə  təhdid yaradaraq ölkənin maraqlarına qarşı fəaliyyət göstərir”.

Ekspertin sözlərinə görə, Robert Menendez 2010-cu ildə  Metyu Brayzanın ABŞ-ın Azərbaycanda səfiri vəzifəsinə namizədliyi məsələsinin müzakirəsi zamanı da ermənilərin tərəfindən çıxış edib: “Menendezin belə şübhəli fəaliyyəti haqqında amerikalı araşdırmaçı jurnalist Raul Loveri Kontreras ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitabında geniş sənədlə sübut olunan məlumatlar paylaşıb.

Robert Menendez 2005-2006-cı illərdən başlayaraq müxtəlif vaxtlarda erməni lobbisi ilə yaxın təmasda olub, bu müddətdə sözügedən lobbi təşkilatlarından və ayrı-ayrı erməni donorlardan 250 min ABŞ dolları məbləğində maliyyə vəsaiti alıb və bunun hesabına seçki kampaniyası aparıb”.

Y.Hacıyeva onu da dedi ki, Menendez və diğərlərinin Azərbaycan əleyhinə təşəbbüsü ABŞ üçün strateji bir regionda onun özünün ziyanına işləyəcək: “ABŞ-ın Cənubi Qafqaz siyasətinin uğuru  İran-ABŞ münasibətləri fonunda, Rusiya və İranın sərhədlərində yerləşən mühüm partnyor ölkə kimi, Türkiyə və İsraillə xüsusi münasibətləri olan Azərbaycanın qlobal enerji təhlükəsizliyində ABŞ-ın mövqeyini  dəstəkləməsi fonunda müəyyənləşir. ABŞ da onun əsas strateji tərəfdaşı Azərbaycana qarşı olan fəaliyyət onun bu regionda öz ziyanına olan fəaliyyətdir”.

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, ABŞ Azərbaycan əlaqələri 20 ildən artıqdır ki, strateji əməkdaşlıq çərçivəsində davam edir: “Bu illər ərzində ikitərəfli əlaqələrdə müəyyən problemlər olsa da, bu münasibətlərin qırılmasına, Vaşinqtonun sərt siyasət sərgiləməsinə səbəb olmayıb. Azərbaycan daima ABŞ -ın strateji maraqlarını regionda uzlaşdırıb, həmçinin Vaşinqtonda Azərbaycana enerji və nəqliyyat sahələrində layihələrin reallaşmasında əvəzsiz dəstək verib. Azərbaycan ABŞ üçün Cənubi Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşdır. Məhz bu xüsusda tərəflər arasında etimad siyasəti formalaşıb. ABŞ-ın Azərbaycanla müəyyən siyasi və demokratiya sahəsində fikir ayrılıqları olur və bu da ABŞ-da anti-Azərbaycan qüvvələrin hərəkətə keçməsinə gətirib çıxarır. Bu gün ABŞ Konqresində güclü erməni lobbisi var və onlar bütün məqamlarda ABŞ Azərbaycana qarşı siyasətinin mənfi istiqamətdə formalaşmasına bəzən gətirə bilir. Lakin ABŞ prezidentinin 28 May Respublika Günü ilə bağlı göndərdiyi təbik məktubunda iki dövlət arasında əlaqələri yüksək qiymətləndirməsi və bundan sonrada əməkdaşlığın inkişaf xətti üzrə davam edəcəyi mesajını verməsi göstərir ki, yaxın və uzaq  perspektivdə Azərbaycan ABŞ əlaqələrində hər hansı bir qırılma olmayacaq. Aydındır ki, ABŞ bəzən öz müttəfiqlərinə qarşı sərt siyasətə əl ata bilir. Bəzən Azərbaycana da qarşı müəyyən təzyiqlər olur. Amma, qeyd etdiyim kimi bu strateji tərəfdaşlığa zərər vermir. ABŞ -da müəyyən mərkəzlər var ki, ABŞ prezidentinin Azərbaycana ayırdığı yardımlara qarşı yeni planlara həyata keçirirlər ki, bu yardım ayrılmasın. Rəsmi Bakı bununla ciddi məşğul olmalı, ABŞ-dakı Azərbaycan lobbisi və səfirlik bu kimi məsələlərdə prinsipiallıq göstərib bu avantüranın qarşısını almalıdır”.

Politoloq Əhəd Məmmədli də bildirdi ki, Azərbaycana qarşı bu tipli hücumlar erməni lobbisinin güclü işi ilə bağlıdır: “Eyni zamanda, ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Kozlariç əgər Azərbaycana qarşı fəaliyyət göstərirsə, bu, həm də Azərbaycan XİN və ABŞ-dakı səfirliyimizin zəif iş aparmasından irəli gəlir: Ümumiyyətlə, XİN rəhbəri tutduğu vəzifədən azad edilməlidir. ABŞ və Rusiyadakı səfirlər geri çağırılıb yerlərinə daha məsuliyyətli adamlar təyin edilməlidirlər. Lobbi siyasəti yenidən qurulmalıdır. Səfirlər və konsullar vətənpərvər, məsuliyyətli adamlardan təşkil edilməlidir. Bütün bu işlər rəsmi Bakı tərəfindən təcili sürətdə görülməlidir. Bu basqıların xüsusən rəsmi Vaşinqtondan təşkil edildiyini düşünmürəm. Amerikanın başı indi özünə qarışıb. Azərbaycana qarşı rəsmi olmayan tanınmış şəxslərin qeyd olunan hücumları sırf erməni lobbisinin fəaliyyəti ilə əlaqəlidir”./musavat.com