Bakı metrosunda qatarların hərəkəti bərpa olundu - YENİLƏNİB + VİDEO

Baxış sayı:
371

“28 May” stansiyasına tuneldən giriş sahəsində yüksəkgərginlikli kabeldə izolyasiya müqaviməti pozulduğundan qısaqapanma baş verib. Elektrik rele-mühafizə sistemi, normativlərə uyğun olaraq, vaxtında işə düşərək, alışmanın qarşısını alıb. Lakin qısaqapanma nəticəsində tüstülənmə baş verib”.

Bununla bağlı “Bakı Metropoliteni” məlumat yayıb. 

Bildirilib ki, ehtiyat tədbiri kimi, “Həzi Aslanov”-“28 May” istiqamətində 5 dəqiqəyə yaxın müddət ərzində qatarların hərəkətini təmin edən yüksək gərginlik çıxarılıb:

“Yoxlama tədbirləri nəticəsində təhlükəsizliyə tam zəmanət olduğundan 5 dəqiqədən sonra, “Xətai”-“Cəfər Cabbarlı” mənzili istisna olmaqla, digər sahələrdə qatarların hərəkəti interval tələbləri tam qorunmaqla bərpa olunub.

Hər ehtimala qarşı, verilmiş qərara uyğun olaraq, “Xətai”-“Cəfər Cabbarlı” mənzilində bütün sahələr üzrə tam yoxlama tədbirləri aparılıb. Təhlükəsizliyə hər hansısa maneə olmadığından 16:09 dəqiqədə “Xətai”-“Cəfər Cabbarlı” mənzili üzrə sərnişindaşıma fəaliyyəti bərpa olunub.

Hazırda bütün metropoliten infrastrukturu tam normal fəaliyyət göstərir, qatarlar qrafikə uyğun olaraq hərəkət edir”.

16:39

“Bakı Metropoliteni”nin “Xətai”-“Cəfər Cabbarlı” xəttində qatarların hərəkəti bərpa edilib.

Bu barədə “Bakı Metropoliteni”ndən məlumat verilib.

16:02

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Məlumatda deyilir:

“Bu gün saat 14:32-də FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin “28 May” stansiyasında qatarın təmas reysində elektrik naqillərində qısaqapanma nəticəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, qısaqapanma nəticəsində metro tunelinə girişdə elektrik kabelinin 0,5 paqonometr hissəsində lokal tüstülənmənin baş verdiyi və qarşısının metropoliten əməkdaşları tərəfindən alındığı müəyyən olunub.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır”.

14:54

Bakı metrosunun “28 May” stansiyasında problem yaşanıb. 

Məlumata görə, qatarların hərəkətində ləngimələr baş verib. 

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Oxu.Az-a açıqlamasında bildirib ki, ilkin məlumata görə, “28 May” stansiyasının girişində tüstülənmə olub:

“Stansiyanın giriş sahəsində tüstülənmə ehtimalı ilə yüksək gərginlik çıxarılıb. Bu səbəbdən metronun “Həzi Aslanov” – “28 May” istiqamətində hərəkət edən qatarlarda müəyyən ləngimələr baş verib”.

B.Məmmədovun sözlərinə görə, hazırda “Cəfər Cabbarlı” və “Xətai” stansiyaları istisna olmaqla, Bakı Metropolitenində qatarların hərəkətinin tənzimlənməsi təmin olunur. 

Qurum rəsmisi məsələ ilə bağlı əlavə məlumatın veriləcəyini əlavə edib.

O qeyd edib ki, metroya bomba qoyulması ilə bağlı yayılan iddialar əsassızdır.