Azərbaycanda zavod direktoru həbs olundu - Mənimsəmə, dələduzluq...

Baxış sayı:
1258

"İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçisi olmaqla bu müəssisələrə faktiki rəhbərlik edən Şirəliyev Cavanşir Qardaş oğlu özgə əmlakını külli miqdarda mənimsəməklə dələduzluq cinayətini törətməkdə şübhəli bilinərək həbs olunub. Muxalifet.az xəbər verir ki, Bakı Şəhər Prokurorluğunda istintaq olunan cinayət işində elan olunan ittihama əsasən, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq əməlini törətmişdir. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənisəməkdə ittiham olunur. Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində həbs qətiuimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən təqdimat verilmişdir. Səbail rayon məhkəməsinin (hakim Aytən Əliyeva) 04 dekabr 2019-cu il tarixli qərarı ilə C.Şirəliyevin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib. Ehtimal olunur ki, C.Şirəliyevin əməllərindən ziyan çəkən mənzil alanların sayı istintaqa indiyədək məlum olanlardan daha çoxdur. Ona görə də şirkət rəhbərinin əməllərindən zərərçəkmiş şəxslərin sayının artacağı gözlənilir. Eyni zamanda, C.Şirəliyevin direktoru olduğu Yevlax Kərpic Zavodunun adına "Dəmirbank" ASC-dən götürdüyü 560 min ABŞ dolları krediti təyinatı üzrə xərcləməyərək mənimsəməsinə, həmçinin, bu kərpic zavoduna rəhbərlik etdiyi dövrdə 300 min manatdan artıq məbləği vergidən yayındırmasına dair də məlumatlar var. /demokrat.az