Azərbaycanda “reket jurnalistlər” kimə lazımdır? - SENSASİON FAKTLAR

Və yaxud Mətbuat Şurasının “Reket Jurnalistika”ya qarşı Mübarizə Komissiyası hansı məqsədlə yaranıb?

2016-cı il dekabrın 3-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “reket jurnalistlər”ə qarşı əməliyyatlara  başlaması cəmiyyətdə böyük əksəriyyət tərəfindən təqdir olundu. Hətta nəinki hökumətə yaxın media şəbəkələrinin rəhbərləri, müxalifyönlü qəzetlər, QHT rəhbərləri və hüquq müdafiəçiləri də “jurnalist” adı altında fəaliyyət göstərən bir qrup şəxsin qanunsuz əməllərinin ifşa edilməsini alqışladılar.
Xatırladaq ki, həmin vaxt ilk olaraq “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev, müavini Hikmət Nəcəfli və qəzetin bir neçə əməkdaşı saxlanıldı. Bundan bir neçə gün sonra DTX əməkdaşlarının keçirdiyi növbəti əməliyyat zamanı “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev həbs edildi. Daha sonra - fevralın 17-də isə müxtəlif vaxtlarda “Azadlıq” qəzeti və “Azadlıq” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq edən jurnalist Elçin İsmayıllı yaşadığı İsmayıllı rayonunda rüşvət alarkən yaxalandı.  Həmin vaxt iddia olundu ki, jurnalist İsmayıllı rayon mədəniyyət və turizm şöbəsinin işçisini hədələyərək, onun haqqında mənfi məlumatlar yayacağını bildirib. Hədələnən şəxs Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) şikayət edib və pul alarkən saxlanılıb.
Sözsüz ki, Azərbaycanda “reket jurnalistlər”ə qarşı keçirilən əməliyyat yuxarıda sadalanan faktlarla yekunlaşmır. Təkcə ötən 6 aya yaxın müddətdə daha bir neçə “jurnalist” məhz “reketçilik” fəaliyyəti ilə bağlı həbsə atılıb. Sadəcə, adlarını çəkdiyimiz şəxslərin həbsi mətbuatda daha ciddi müzakirə mövzusuna çevrildiyindən, digər “jurnalistlər” haqda məlumat verməyə ehtiyac duymadıq. Amma onu da qeyd edək ki, hazırda “reket jurnalistikaya” qarşı əməliyyatın yekunlaşdığını iddia etmək də doğru olmaz. Çünki bu sahədə hələ də ciddi neqativlərin olduğu çoxlarına sirr deyil. Ən azı Mətbuat Şurasının (MŞ) “Reket Jurnalistika”ya qarşı Mübarizə Komissiyasının səlahiyyətlərinin artırılmasını bunun bariz nümunəsi hesab edə bilərik. Təbii ki, bu komissiyanın fəaliyyəti ilə bağlı bəzi qaranlıq məqamlar da yox deyil...
Bu məsələyə keçməzdən öncə dəyərli oxucularımıza xatırladaq ki, bu yaxınlarda Azərbaycan Mətbuat Şurasının (MŞ) Reket Jurnalistikaya qarşı Mübarizə Komissiyasının səlahiyyətləri artırılıb və komissiyasının tərkibi genişləndirilib. Belə ki, sözügedən komissiyanın tərkibinə dövlət qurumları - Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələri də daxil edilib.  “Artıq qərar qəbul olunub, hansısa şikayət daxil olarsa komissiya hərəkətə keçəcək” – deyə Mətbuat Şurasının sədri Əflatun Amaşov mediaya bildirib. Onun sözlərinə görə, komissiyanın məqsədi reketçiliklə bağlı şikayəti tam araşdırmaq və jurnalistikanın bu məsələdə birtərəfli ittihamının qarşısını almaqdır: "Həmişə şikayət olur ki, jurnalist və yaxud mətbuat orqanı reketçilik edir. Amma bunun qarşı tərəfi də var axı... Yəni şantaj olunan məmur, təşkilat, yaxud dövlət qurumu. Məmurun nə marağı var ki, jurnalistə pul verir?
Elə məqam ola bilər ki, hansısa qurum, hansısa təşkilat mətbuat orqanını, jurnalisti ittiham edər. Əgər Mətbuat Şurasına bu sayaq şikayətlər daxil olarsa, komissiyaya qeyd olunan qurumların da nümayəndələri dəvət olunacaq və geniş şəkildə araşdırılacaq. İddiaların nə dərəcədə doğru olub-olmadığı, təşkilat rəhbərinin kimliyi, həmin o jurnalistlə bağlılığı, jurnalistlərə pul veribmi, verməyibmi – bunlar hamısı gün işığına çıxarılacaq. Yəni komissiyanın tərkibinin genişləndirilməsi, ora dövlət qurumlarının da cəlb edilməsində məqsəd jurnalistikanın birtərəfli ittiham olunmasının qarşısını almaqdır”.
Əlbəttə, ilk baxışdan Mətbuat Şurasının “Reket Jurnalistika”ya qarşı Mübarizə Komissiyasının tərkibinə Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndələrinin daxil olmasını müsbət qarşılamaq olar. O baxımdan ki, bu addım “reketçilik” fəaliyyəti ilə məşğul olan “jurnalistləri” yanlış yoldan çəkindirər və onlara qarşı mübarizədə daha effektiv nəticə ortaya qoya bilər. Ancaq bu məsələnin arxasında tamamilə fərqli maraqların və bir sıra gizli niyyətlərin olduğu da istisna deyil. Hansı ki, biz bunu hakimiyyətin Mətbuat Şurasının tərkibindəki məlum komissiya vasitəsilə “sözəbaxmayan” mətbuatı daha da boğmaq, hər kəsi öz maraqlarına tabe etdirmək niyyəti kimi də qəbul edə bilərik.
Birincisi, nəzər almalıyıq ki, qeyri-dövlət təşkilatı olan Mətbuat Şurası QHT tipli bir qurumdur və onun hansısa komissiyasında rəsmi dövlət orqanlarının - Ədliyyə Nazirliyinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşlarının təmsil olunması hüquqi baxımdan ziddiyyətlidir. Üstəlik, bu, ən azı onun müstəqilliyini kölgə altına alır.
İkincisi, əgər həqiqətən də məqsəd “reket jurnalistika”ya qarşı mübarizə aparmaq və bu məsələdə rəsmi qurumların dəstəyini əldə etməkdirsə, Mətbuat Şurası indiyə qədər bu və ya digər qəzetin, jurnalistin adını “qara siyahı”ya salmaqla öz işini bitmiş hesab etməz, onların hər biri haqqında toplanan məlumatları yuxarıda adları çəkilən rəsmi qurumlara ötürməklə problemin hüquq müstəvisində həllinə çalışa bilərdi. Lakin təəssüf ki, bu vaxta qədər hansısa şikayət və dələduzluq faktı ilə bağlı Mətbuat Şurasının hüquq-mühafizə orqanlarına müraciət etdiyinin şahidi olmamışıq. Belə olduğu halda sözügedən 4 qurumun nümayəndəsinin bu gün Mətbuat Şurasının komissiyasında “qorxuluq” kimi təmsil olunması anlaşılan deyil. Daha doğrusu, burada yuxarıda dediyimiz gizli niyyətlərin olduğu açıq şəkildə özünü göstərir...
Əlsində, bu gün “reket jurnalistika”ya qarşı mübarizə aparmaq üçün ilk növbədə aşağıdakı bir neçə suala cavab tapmaq lazımdır:   
1. “Reket jurnalistika”sı hansı dairələrə xidmət edir və konkret olaraq kimə (oxu: hakimiyyət daxilindəki hansı qruplaşmaya) lazımdır?
2. “Reket jurnalistikası”nın maliyyə qaynaqları hardan gəlir?
Zənnimizcə, bu iki sualın da cavabı istər Mətbuat Şurası rəhbərliyinə, istər də  bu qurumun “Reket Jurnalistika”ya qarşı Mübarizə Komissiyasının tərkibində fəaliyyət göstərən rəsmi qurumlara çox yaxşı aydındır. Bununla yanaşı, “reket jurnalistika”ya qarşı daha səmərəli mübarizə üsulu da onlara bəllidir. Odur ki,  “Reket Jurnalistika”ya qarşı Mübarizə Komissiyası azad mətbuatın başı üzərində “Domokl qılıncı” olmaq niyyəti ilə deyil, “reket jurnalistlər”ə qarşı mübarizə aparmaq məqsədi ilə yaradılıbsa, bunu ancaq alqışlaya bilərik. Əks halda, yəqin ki, bu komissiyanın fəaliyyəti ciddi nəticələr verməyəcək və cəmiyyətdə Mətbuat Şurasına olan inamı da sarsıdacaq...

Muxalifet.az

P.S. Təbii ki, bizim məqsədimiz Mətbuat Şurasının və “Reket Jurnalistika”ya qarşı Mübarizə Komissiyasının fəaliyyətini bəri başdan qaralamaq deyil. Əksinə, bu komissiyanın “reket jurnalistlər”ə qarşı mübarizədə daha prinsipial olmasını arzulayır və onlara bu yolda müvəfəqqiyyətlər arzu edirik.

P.P.S Muxalifet.az “reket” jurnalistlərin fəaliyyəti, onları himayə edən məmurlar və maliyyə qaynaqları haqda geniş araşdırma aparır. Yaxın günlərdə bu haqda oxucularımıza sensasion faktları təqdim edəcəyik.