Azərbaycanda qadın olmaq...

Azərbaycanda qadınlara qarşı törədilən silsilə cinayətlərin ardı-arası kəsilmir. Bütün bunlat müxtəlif tərzlərdə özünü biruzə verən xaosun ilkin əlamətləridir. Məsələyə bədii üsulla deyil, daha real aspektdən baxaq və aşağıda qeyd etdiyim müəmmalı suallara birlikdə cavab axtaraq...
Problem nədən qaynaqlanır və fəsadları nə ola bilər? Müxtəlif don geyindirilərək, törədilmiş qətllər nədən xəbər verir? Hadisəni törətmiş şəxslərin həbs edilməsi ilə doğurdanmı əsl cinayətkarlar cəzasını alır? Bizləri uçuruma aparan yalnış təfəkkür qismətimizə daha hansı mənfilikləri gətirə bilər?
Problemin ilkin səbəbi təbii ki, valideynlərdə deyil, çünki valideyn övladını müəyyən yaş həddinədək qoruyur, ilkin əxlaqi təməl prinsipləri övladına aşılayır. Lakin uşağın inkişafı, böyüməsi, formalaşması, dünyaya baxış bucağının, düşüncə tərzinin, göstərə biləcəyi istedadının geniş imkanlanlarını isə düşdüyü mühit və yeni cəmiyyət ona bəxş edir. O cəmiyyət ki, onun təməli ibtidai sinifə qədər hazırlıq, daha sonra orta, bir qədər sonra isə ali təhsil müəssisələrində qoyulur.
Heç kimə sirr deyil ki, bağçaya gedən uşaqla universiteti bitirən tələbə arasında ortaq cəhət həmin yeri bitirdikdən sonra onlara ünvanlanan “Bura sənin üçün nə demək idi?” sualına cavab tapa bilməyəcəklər. Deməli, təhsil müəssisələrinin ümumilikdə 16 illik fəaliyyətini tamamilə yararsız hesab etmək olar. Cəmiyyətə ixtisaslı kadr əvəzinə, savadsız, düşüncə qabiliyyəti olmayan, etdiyi əməllərin sonrasını təsəvvürünə gətirməyərən, yelbeyin, tüfeyli, “cinayətkar” Məcnun və Leylilər hazırlayan, xalqın gələcək müqəddəratını həll edən, yeni nəsillərin formalaşmasında bilavasitə rol oynayan təhsildə, köklü dəyişiliklərin aparılmasının zəruri olduğu bir daha özünü sübuta yetirdi. Hələ “bilik” ocaqlarında təməl daşları atılan rüşvətxorluq, zəhmət çəkmədən hansısa işi maneəsiz aradan qaldırmaq bacarığı, getməsi vacib olan yerə getməyib də, hansısa məvacib hesabına həmin yerdə, görünür, hesab edilmək, suni şərəf lövhəsindən illərlə şəklinin düşməməyi və neçə-neçə bu qəbildən olan nümunələri demirəm.
Prosesdə ilkin səbəb olmasa da, ikinci ən böyük amil valideyn və onların övladları ilə lazımi ünsiyyət qura bilməməsi faktorudur. Oğlan uşaqlarının daha aqresiv, qız uşaqlarının isə daha qorunmasız, bir qədər də ikinci planda böyüdən valideynlər özləri də bilmədən, vəhşi təbiət prinsipləri ilə qurulan həyata “canavarlar” və onların işdahlı vaxtlarının qurbanlarına çevriləcək, köməksiz “quzular” hazırlayırlar. Baş verənlərin hər birində ortalığa qoyulmuş faktlarla valideynlərin bildirdikləri fikirlərin üst-üstə düşməməyi kiçiklərlə böyüklər arasındakı əlaqənin hansı səviyyədə olmasından açıq xəbər verir. Bu kimi boşluqlar doldurulmazsa, hələ xeyli sayda fərqli simaların qətllərindən agah olacacağıq.
“Hadisələri törətmiş şəxslərin həbs edilməsi həqiqətənmi cinayətkarlığın qarşısını alır?” sualı isə mübahisəli məsələlərdəndir. Bu gün kütləvi informasiya vasitələrində istənilən qədər nümunə var ki, 18-20 yaşlı gənclər həbsə salınıb və “cəzalandırılıb”. Halbuki, son günlərdə özünü biruzə verən xoşagəlməzliklər, ağır qətllər sübut etdi ki, əsl cinayətkarlar yetinlik yaşına çatmamış gənclər deyil, əksinə, onları azadlıqda həmin hadisələrə sövq edən görünməz qüvvələrdir. Ölkədə savadsızlıq, işsizlik, etik davranış kodekslərinin əməl edilməməsi, özünü tanımamaq, kütləvi şəkildə “küt” cəmiyyətin yetişdirilməsi, ziyalı təbəqənin günü-gündən işci qüvvələri ilə əvəzlənməsində və i. a. ideaların inkişafında əli olan hər kəs günahsız, rəhmətə qovuşan və dörd divara məhkum edilən gənclərimizin haqqına əli bulaşmış hesab edilən kəslərdir. Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanında belə bir məşhur ifadə var: “İnsanların bəzən nəyə güldüklərini anlamaq çətindir.” Bugün yüzlərlə ictimai-sosial problemlərimiz olduğu halda, gülə-oynaya, baş verənlərə biganə tərzdə “Əşi məndən uzaqdırsa, nəyimə gərək?” deyə biliriksə, kiçik problemləri aradan qaldrmağa çəkiniriksə, deməli, əsl qəsbkar, qatil, duyğusuz, “azadlıqda yaşayan” əzəli və əbədi cinayətkarlar elə biz özümüzük.
Püranə Piripudini