Azərbaycanda kütləvi yerlərdə koronavirus testi keçiriləcək - ÜST AÇIQLADI

Baxış sayı:
2563

Koronavirusun ikinci dalğasından qorxmamalıyıq.

Muxalifet.az xəbər verir ki, bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, hər dalğa koronavirusa nə qədər qalib gəldiyimizin sübutudur: "İkinci dalğanın olub-olmadığını yalnız geriyə baxdıqda, rəqəmlər əsasında deyə bilərik. Hazırda yoluxmaların sayında artım var. Düzgün müalicə üsullarını və vaksini gözləməklə yanaşı, yeni həyata öyrəşməliyik. Sosial məsafə qaydaları, gigiyena tədbirlərini yaxın bir il ərzində gözləməliyik ki, xəstə sayı artmasın".

H.Harmancı əlavə edib ki, testlərin aparılması və təkmilləşdirilməsi davam edir: "Yaxın zamanda insanın koronavirusu keçirib-keçirmədiyini müəyyənləşdirən testlər tətbiq olunacaq. ÜST Azərbaycanla əməkdaşlıq çərçivəsində kütləvi yerlərdə bu testləri tətbiq edəcək. Nə qədər çox insan bu virusa yoluxub, sağalıbsa, geridə qalanlar bir o qədər təhlükəsizdir".

ÜST rəsmisi bildirib ki, virus 5 aydır yayılıb və bir insanın ikinci dəfə virusa yoluxması üçün bizə zaman lazımdır: "Bildiririk ki, insanda virusa qarşı immunitet formalaşacaq. Lakin bunun üçün də vaxt lazımdır ki, müəyyənləşdirək".