Azərbaycanda icra başçıları sahibkarlara hansı problemləri yaradır? – “Oyun qaydası dəyişməlidir”

Baxış sayı:
14482

Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçıları ilə görüşüb. Müşavirə zamanı Prezident icra başçılarına yeni tapşırıqlar verərək, mühüm məsələlərə toxunub. Bu məsələlərdən biri də icra başçılarının sahibkarlara yaratdığı problemlər olub.
İ.Əliyev qeyd edib ki, icra başçıları sahibkarlara öz dəstəyini verməli və sahibkarlara diqqət göstərməli, onları incitməmədir:
“Bəzi hallarda sahibkarlara qarşı ədalətsizlik edilir və onlardan nəsə əldə etmək cəhdləri göstərilir. Buna qətiyyən yol vermək olmaz. Sahibkarlara da deyirəm ki, əgər belə xoşagəlməz halla üzləşsələr, dərhal bizə məlumat versinlər”.
Bəs hazırda icra başçıları sahibkarlara hansı problemləri yaradır?
Mövzu ilə əlaqədar “Yeni Sabah”a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, bu problemləri həll etmək üçün təkcə kadr dəyişiklikləri bəs etmir, müxtəlif hüquqi və inzibati aktlar qəbul olunmalıdır.
“Əslində, icra hakimiyyətinin hansı səlahiyyətlərə malik olduğu qanun və qaydalarla dəqiq təspit olunmalıdır. Təəssüf ki, Azərbaycanda tarixi ətalət yaddaşından gələn bir icra başçısı profili yaranmışdır. Sanki sovet vaxtının birinci katibi özünü necə aparırdısa, indiki icra hakimiyyətləri də qanunda nəzərdə tutulmuş səlahiyyətlər qalmışdı bir kənara, özlərini o səlahiyyətlərdən kənar hakimi-mütləq kimi hiss edirdilər. 
Bəzi icra hakimiyyəti başçıları olurdu ki, illərlə eyni rayona rəhbərlik edərək, o rayonu sanki özəlləşdirirdi. Rayonun bütün biznes fürsətləri öz əllərində cəmləşirdi, rayonun bütün iqtisadi fürsətləri öz yaxınlarının arasında paylaşdırılırdı. İş adamları və onların fəalliyyəti ilə bağlı müəyyən maneçiliklər törədilirdi, rəqabətli mühit yaradılmasına imkan verilmirdi. 
Hətta rayonda hər hansı bir abadlıq işləri görüləndə qeyri-qanuni şəkildə iş adamlarına xəbər göndərilib, onlardan pul yığılırdı.  İndi prezidentin müşavirəsindən və dediyi sözlərdən başqa, icra hakimiyyətlərinin səlahiyyət bölgüsü dəqiqləşdirilməlidir. Burda çox ciddi problemlər var. Hazırda “Azərbaycanda rayon icra hakimiyyətinin hansı səlahiyyətləri var?” sualına aydın cavab yoxdur. Daha çox yerli bələdiyyələrin də səlahiyyətlərinin artırılması və güclər nisbətinin balansı yaradılmalıdır. Çünki Azərbaycan çox qəribə ölkədir ki, bələdiyyə üzvləri seçilmişlərdir, amma təyin olunmuşlar, yəni icra başçıları seçilmişlər üzərində böyük səlahiyyət üstünlüyünə malikdirlər. Əslində belə olmalı deyil. 
Dünyanın hər yerində seçilmişlər təyin olunmuşlardan daha üstündürlər. Amma Azərbaycanda bu da bir problemə çevrilib. 
Daha bir problem ondan ibarətdir ki, oyun qaydaları da, düşüncə tərzi də dəyişdirilməlidir. Bəzi qanunlarda da dəyişiklik olmasına ehtiyac var. İş adamlarının əlini rahatlatmaq üçün Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Vegi və gömrük qanunuvericiliyinə yenidən baxılıb, əsasən də rayonlara müxtəlif təşviqlərin verilməsi ilə bağlı işlər aparılmalıdır. Xarici investorların cəlb olunması üçün münbit investisiya şəraiti yaradılmalıdır. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır. 
Bir çox hüquqi və inzibati aktlar da qəbul olunmalıdır ki, tək kadr dəyişilməsi ilə bu işlər yekunlaşmasın. Paralel olaraq, səlahiyyətlərlə də bağlı, aktlarla bağlı irəliyə doğru addımların atılmasına ehtiyac var”.