"Azərbaycanda deputatların əli ilə destabilizasiya hazırlayırlar" - SENSASİON AÇIQLAMA

Baxış sayı:
14763
"İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir".

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP), millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

BAXCP sədri həmçinin bildirib ki, bəzi iqtidar təmsilçilərinin iqtidarın maraqlarına xidmət etməyib, açıqdan-açığa ona zərər vuran bəyanatlarla çıxış etmələri onu təəccübləndirmir: “Çoxları bilir ki, onlar iqtidarda kimin əlaltısına çevriliblər, onun tapşırıqlarını ıcra edirlər. Bu açıqlamalar 11 sentyabrda siyasi partiyaların, aparıcı QHT və KİV rəhbərlərinin “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda keçiriləcək tədbiri pozmağa, seçki öncəsi iqtidarı daxildə və beynəlxalq aləmdə çirkin və qanunsuz işlərin müəllifi, korrupsiyaya bulaşmış bir komanda kimi biabır etməyə hesablanıb. Zaman-zaman biz iqtidar daxilində qudurub həddini aşan və Prezidentə meydan oxumaq fikrinə düşən şəxslərin hansı taleyi yaşadıqlarının şahidi olmuşuq. Atalar sözü var: “Quduran 40 gün yaşayar””.

Q.Həsənquliyevin sözlərinə görə, indi növbəti dəfə iqtidarda özünütəmizləmə işinə başlanılmasının zamanı çatıb. Əgər bu gün bu edilməsə, gələcəkdə proses daha ağrılı və çətin olacaq. İqtidar Azərbaycanı və özünü qorumaq üçün hərəkətə keçməlidir: ““MTN işi”nin məntiqi sonluğa çatmaması bəzilərini cürətləndirib. Onlar payızda fit müxalifətindən istifadə edərək sabitliyi pozmaqla istədiklərinə nail olacaqlarına kökləniblər”.

Xatırladaq ki, bundan əvvəl hakim Yeni Azərbaycan Partiyasından bir neçə deputat eyni vaxtda məlumat gündəmini pozan qalmaqallı açıqlamalar vermişdilər. Belə ki, deputat Siyavuş Novruzov keçmiş nazirləri “milyardlar toplamaqda və indi hökuməti müdafiə etməkdən imtina etməkdə” ittiham etmişdi. YAP-dan ikinci deputat Eldar İbrahimov isə hakimiyyət tərəfinə keçmiş bütün keçmiş müxalifətçiləri düşmən adlandırmışdı.