Azərbaycan radiosunun dalğaları Ermənistanda təşviş yaradıb

Ermənistan öz ərazisində yayımlanan Azərbaycan radiostansiyaları ilə mübarizə apara bilmir.
 
news.am xəbər verir ki, Ermənistan Milli Teleradio Komissiyasının sədri Qaqik Buniatyan Azərbaycan radiostansiyalarının Ermənistan ərazisində yayımlanması ilə bağlı sualı cavablandırarkən Azərbaycana məxsus ötürücülərin daha güclü olduğunu etiraf edib.
O, qeyd edib ki, Azərbaycan radiolarına məxsus radiosiqnalın nüfuz etməsinin harada obyektiv olduğu, harada qəsdən edildiyi müəyyənləşdirmək lazımdır.
Buniatyan bildirib ki, Azərbaycan radistansiyalarında tezliklərin spektrləri daha həcmlidir, ötürücülər daha güclüdür. Və coğrafi maneə olmayan yerlərdə bu siqnallar asanlıqla qəbul edilir. "Azərbaycandan bizim ərazimizə indi erməni dilində verilişlər ötürülür. Buna görə də, harada təbliğat və yalan məlumat vermə məqsədi ilə ötürülən siqnallar aşkar edəcəyik, bunun qarşısını almaq üçün müvafiq tədbirlər görəcəyik”.
Qeyd edək ki, bir qədər öncə Ermənistan parlamentdə qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdi ki, rəqəmsal yayıma keçid Azərbaycan radiostansiyalarının Ermənistanın sərhəd ərazilərində translyasiya problemini həll etməyə imkan verəcək. Ancaq qanun layihəsinin müzakirəsi zamanı çıxış edən Ermənistanın hakim Respublika partiyasından olan deputatlar Azərbaycan radiostansiyalarının siqnallarının qarşısını almaq üçün rəqəmsal keçidin rolunun nədən ibarət olduğunu izah edə bilməyiblər. Mənbə bildirir ki, hazırda Ermənistan ərazisində ən çox analoq yayımda orta dalğalarda yayımlanan Respublika radiosudur.