AZƏRBAYCAN AVRASİYA İTTİFAQINA DAXİL OLUR? – Və yaxud son vaxtlar bu haqda təkliflərin irəli sürülməsinin arxasında hansı gizlinlər dayanır?

Baxış sayı:
370

Rusiya prezidenti Vladimir Putin son açıqlamaları ilə SSRİ-ni bərpa etmək istədiyi haqda iddiaların heç də səbəbsiz olmadığını ortaya qoydu. "SSRİ-nin dağılması mübaliğəsiz böyük humanitar faciədir" deyən Rusiya prezidenti bununla, əslində, SSRİ-ni diriltmək fikrindən geri çəkilməyəcəyini də açıqca ifadə etmiş oldu.
Əlbəttə, söhbət SSRİ-nin eyni ad altında, yaxud eyni formatda bərpa olunmasından getmir. Məsələn, Kremlin təşəbbüsü ilə meydana gələn Avrasiya İqtisadi İttifaqı da SSRİ-nin yeni formatı hesab oluna bilər. Hansı ki, bu və ya digər şəkildə Azərbaycana da dəfələrlə Avrasiya İqtisadi İttifaqına qoşulmaq təklif olunsa da, indiyədək rəsmi Bakı Qarabağ münaqişəsini səbəb gətirərək, Ermənistanla eyni birliyə üz olmaqdan yayınırdı.
44 günlük müharibədən, daha doğrusu savaşdan bir il keçdikdən sonra Kreml tərəfindən Bakıya Avrasiya İqtisadi İttifaqına üzv olmaq təklifinin yenidən gündəmə gələ biləcəyi haqda fikirlər səsləndirilir. Bu arada, Ermənistanın baş naziri Nikol Paşinyan da Azərbaycanla apardığı danışıqların gedişi barədə mətbuata məlumat verərkən, bizim üçün çox əhəmiyyətli və həm də geniş müzakirəyə səbəb olacaq mühüm bir detalı açıqlayıb. O deyib ki, Ermənistan Azərbaycanın Avrasiya İqtisadi İttifaqına qoşulmasına etiraz etməyəcək.
Paşinyanın bu açıqlamasından da aydın olur ki, Rusiyanın vasitəçiliyi ilə aparılan sülh danışıqlarında əsas müzakirə mövzularından biri də həm Ermənistanı, həm də Azərbaycanı vahid iqtisadi məkanda birləşdirmək təşəbbüsüdür ki, prezident İlham Əliyevin dekabrın 28-də Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri dövlət başçılarının qeyri-formal görüşündə bu təşəbbüsün "qeyri-formal" müzakirəsinin də baş tutduğy şübhə doğurmur. Xüsusilə də Rusiyanın Bakı və İrəvan arasında vasitəsi kimi çıxış etmə istəyinin ortada olduğu və artıq münaqişənin həllindən sonra tərəflərin bəhanələrini əllərindən almış olduğu vəziyyətdə...
Rusiya Ermənistanla Azərbaycan arasında nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə sonrakı delimitasiya-demarkasiya məsələlərinin daha asan həlli üçün də hər iki ölkənin eyni ittifaqda olmasını asanlaşdırıcı şərt kimi irəli sürə bilər. Hərçənd, SSRİ-nin tərkibində olan dövrdə torpaqlarımızın səssiz-soraqsız Ermənistana verilməsi faktı da dəfələrlə baş verib və Kremlin indi də "ədalətli" davranacağına zəmanət yoxdur. Bu səbəbdən, Rusiyanın müstəsna olaraq hadisələri öz maraqlarına uyğun formata salmaq və özünü “hakim” rolunda saxlamaq istəyinə görə, Ermənistanla Azərbaycanın narazılıqları birdəfəlik yoluna qoymağa izn verəcəyini düşünmək sadəlövhlük olar. Düzdür, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr üçün güzəştli və vahid gömrük qaydaları mövcuddur. Amma Dünya Ticarət Təşkilatına öz səbəblərindən üzv olmayan Azərbaycanın Aİİ-na daxil olmasının onun üzərinə hansı öhdəliklər və eləcə də məhdudiyyətlər qoyacağını da təxmin etmədiyi məntiqsiz olar.

Maraqlıdır ki, Azərbaycan mediasında, eləcə də sosial şəbəkələrdə artıq ölkəmizin Avrasiya İqtisadi İttifaqına üzv olacağı ehtimallarına "yaşıl işıq" yandıran, bu ittifaqa üzvülüyün Azərbaycana "dağlar qədər" imkanlar yaradacağını tirajlayanlar var. Hətta Aİİ-nə daxil olmanın təmin edəcəyi imkanların cəlbediciliyi səbəbindən qonşu İranın belə, öz məhsullarını daha əlverişli bazarlara çıxarmaq çün bu İttifaqa tamhüquqlu üzvlüyə can atdığından da danışılır. Bundan başqa, qardaş Türkiyədə də Qərblə artan gərginliklər fonunda onları Çin, Rusiya, İran kimi bazarlara əlverişli çıxış imkanı verən Avrasiya İttifaqına qoşulmaq çağırışların ilbəil gücləndiyi, əgər ABŞ prezidenti Bayden 2023-cü ilədək Ərdoğanı yıxa bilməsə və Türkiyədəki prezident seçkilərində Ərdoğan yenidən qalib gəlsə, böyük ehtimalla, Türkiyənin də Avrasiya İttifaqında yer almaq istiqamətində real addımlar atacağı bildirlir. Hətta prezident Ərdoğanın təklif etdiyi və Azərbaycan prezidenti Əliyevin də dəstəklədiyi “3+3” formatı genişləndirilmiş Yeni Avrasiya İttifaqı kimi təqdim olunur.
Burada qeyd etmək yerinə düşər ki, Azərbaycan-Türkiyə tandemi "3+3" formatının əsas hərəkətverici qüvvəsidir. Rusiyanın özünün müəllifi olduğu layihə isə "Şimal-Cənub" layihəsidir. "3+3" Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsinə, eləcə də Azərbaycanın özünün bölgədə nüfuzunun güclənməsinə şərait yaratmaq üçün dizayn olundu. Rusiya isə məsələlərə "əgər poza bilmirsənsə, onda liderlik et", yaxud "qabağa düş" prinsipindən yanaşır. Odur ki, Türkiyənin MHP lideri Dövlət Baxçalının prezident Ərdoğana "Türk dünyası" xəritəsini paylaşan məqamda Kremlin sözçüsü D.Peskovdan həmən reaksiya verildi, "Türk dünyası mərkəzində böyük qırmızı ulduzun olmaması, həmin yerin Türkiyədə deyil, Rusiyada, Altay torpaqlarında olduğu" ifadə olundu. Rusiya XİN başçısı S.Lavrovsa Rusiyanın da Türk Dövlətləri Birliyinə üzv ola biləcəyini açıqladı. İndi bu necə başa düşülməlidir? Rusiyanın bu mövqeyi necə dəyərləndirilməlidir?..
Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olmasına gəlincə, bunun ilk növbədə "şirnikləndirici" tərzdə təklif edilməsi istisna deyil. 1920-ci ilin aprelindəki işğalın da “Qırmızı ordu”nun Türkiyəyə köməyə getməsi bəhanəsi ilə baş tutması məlumdur. Rus siyasət adamlarının dilində SSRİ-nin gələcək formatının məhdudlaşdırıcı yox, əksinə hərəkət və səyahət azadlığı kimi imkanlar verəcəyi vəd edilir, amma işğal işğaldır. Aİİ-nin də iqtisadi bağlantılar müstəvisində başlayıb, siyasi ittifaqa çevrilməyəcəyinə heç kim zəmanət verə bilməz. Amma Azərbaycan mediasında ortaya atılan Avrasiya İqtisadi İttifaqına qoşulmağın verəcəyi imkanlardan ağız dolusu danışanların aktivləşməsi göstərir ki, ölkə içində Rusiyaya qoşulmaq, Azərbaycanı yenidən "Rusiyanın yedəyində" görmək həvəsində olanlar boş-boşuna fəallaşmayıblar. 

Daha bir məqam. ABŞ-ın Rusiyadakı keçmiş səfiri, ölkənin sabiq prezidenti Barak Obamanın müşaviri  vəzifəsində çalışmış, Rusiya ilə münasibətləri yenidən qurmaq siyasətinin müəlliflərindən biri Maykl Makfol Gürcüstanın "Birinci kanal"ına bildirib ki, Putin Yalta konfransını yenidən təşkil etmək və Gürcüstanın təhlükəsizliyi də daxil olmaqla Avropanın taleyini Vaşinqtonla həll etmək istəyir: “O, Vaşinqton və Moskvanın başqalarının başına nə gələcəyinə qərar verməsini istəyir". Hər halda, bu açıqlama da bizim üçün mesaj olmalı və yenidən bu və ya başqa şəkildə Rusiyanın boyunduruğuna girməkdən imtina etməliyik.
Ülviyyə ŞÜKÜROVA