“Azadlıq ideologiyasının banisi kimi Rəsulzadə sovetlərə ciddi təhlükə idi” – Cümhuriyyət qurucusunun nəvəsi

Baxış sayı:
1269

“Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqına azadlıq hissini yaşatdı. O, bu yolda özünü deyil, xalqının məqsəd və məramını düşünən şəxsiyyətlərdən biridir”.
 
Muxalifet.az
xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Respublikanın Əməkdar rəssamı, 74 yaşlı Rais Rəsulzadə deyib.
 
Dahi şəxsiyyətin nəvəsi Azərbaycan xalqını 28 May – Respublika Günü münasibətilə təbrik edib.
 
Müstəqillik gününü həm qürur, həm də kədərlə xatırladığını deyən R.Rəsulzadə hisslərini belə ifadə edib:
 
“Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucularından biridir. Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının oğludur. Xalq onun Azərbaycan və azərbaycançılıq ideyası üçün əlindən gələni etdiyini bilir. Təəssüf ki, bəzi hallarda babam haqqında danışarkən təhriflərə yol verilir. Azərbaycanı işğal edən Qızıl ordu bolşeviklərin siyasətini yeridirdi. Rusiya Çar hökuməti dövründə olduğu kimi öz imperialist siyasətindən əl çəkmirdi. Bu, onların siyasətinin ana xətti idi. Rusiya dövlətinin tərkibində olan bütün respublikalar da onların siyasətinə məhkum idi. Onlar neftə sahib olmaq üçün Bakını istəyirdilər.
 
O vaxt Rusiya Kommunist (bolşeviklər) Partiyasının rəhbəri Sergey Mironoviç Kirov öz nitqində də Azərbaycan Respublikasının paytaxtı kimi “Yaşasın Gəncə” deyirdi. Kirov və onun dəstəsi bu məsələdə Azərbaycan türklərinin mövqeyinə elə də əhəmiyyət vermirdi. O dövrdə Azərbaycanın ərazi bütövlüyü haqqında qələmə alınan yazılarda Bakı nəinki Azərbaycanın ərazisi, hətta paytaxtı kimi qiymətləndirilir. Bakısız Azərbaycan başsız hesab olunardı. Kirovun müdafiə etdiyi düşmən qüvvələr öz xain planlarını davam etdirirdilər. Bu barədə nə qədər danışsan, bitməz. Tarixi araşdıranlar bütün prosesləri çox yaxşı bilir. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi rəsmən elan edildi”.
 
R.Rəsulzadə deyir ki, Sovet hakimiyyətinin M.Ə.Rəsulzadəni düşmən kimi görməsi çox normaldır:
 
“Sovet hakimiyyəti bərpa olunduqdan sonra xalqın vətənpərvər oğulları, görkəmli şəxsiyyətlər, sayılıb-seçilən ziyalılar təqib olundu, güllələndi. Evlər qarət olundu, çox pis hadisələr baş verdi. Ən çox təqiblərə məruz qalanlardan biri isə Məhəmməd Əmin Rəsulzadə olub. O, öz xalqının maraqlarını, milli birlik, azərbaycançılıq nəzəriyyəsini öndə tutub. Bütün təhlükələrə sinə gərib. Bu səbəbdən də onlar babamı düşmən sayıb, qorxurdular. Azadlıq ideologiyasının banisi kimi Rəsulzadə onlar üçün ciddi təhlükə idi. Lakin bütün hallarda tarix silinməzdir, mənbələr, məlumatlar onu göstərir ki, Rəsulzadə öz amalına, məqsədinə nail oldu. Azərbaycan xalqına azadlıq hissini yaşatdı. Bunun nəticəsidir ki, Məhəmməd Əmin Rəsulzadənin ideologiyası, fikirləri bu gün də xatırlanır.
 
Rəsulzadə gənc yaşlarından bu yolda inamla addımladı və istəyinə nail oldu. O, xalqımızın milli istiqlal hərəkatını təkcə türk ellərində deyil, bütün islam aləmində ilk respublika üsul-idarəsi olan Azərbaycan Demokratik Cümhuriyyətinin təməl daşını qurdu. Babamın ömür yolu zəngin və keşməkeşli hadisələrlə dolu bir dastandır. Məhəmməd Əmin Rəsulzadə inqilabi bir şəxsiyyət idi. Milli məsələləri, xalqın rifahını öndə tutan Rəsulzadə bizə bu gün yaşadığımız, yaşatdığımız müstəqil Azərbaycanı bəxş etdi. Əbəs yerə onun məzarı üzərində “İnsanlara hürriyyət, millətlərə istiqlal!” fikirləri yazılmayıb”.