AXISQA TÜRKLƏRİNİN ÖZ TARİXİ VƏTƏNLƏRİNƏ QAYITMAQ ÜĞRUNDA MÜCADİLƏSİ – Və yaxud Qərbin bu Türk toplumuna qarşı ikili standartlarla yanaşmasının bariz nümunələri… / I YAZI

Baxış sayı:
286

Dünyanın deportasiya və ya genosid tarixinə nəzər salsaq, bu fəlakətin ən çox türk xalqlarının payına düşdüyünü görərik. Azərbaycan, Gürcüstan, Krım türklərinin deportasiyası çox da uzaq olmayan tarixdə baş vermişdir. Və deportasiyanı tətikləyən faktor da türklərə qarşı hiddət qarışıq qərəz, nifrət olmuşdur. Məqsəd türklərin köklərini aid olduqları torpaqlardan qoparmaq, tarixin yönünü dəyişdirmək olub. Bu niyyət də hər zaman, hətta indi də gündəmdədir.

Azərbaycan türklərinin 3 əsr boyunca mərhələlərlə deportasiyaya məruz qalmasının ağır nəticələri – “zəhərli meyvələri” süni erməni dövləti oldu. Hansı ki, bu deportasiya nə beynəlxalq hüquq, nə tarixi baxımdan dünya miqyasında qiymətini almayıb.

Krım türklərinin deportasiyasına əsas kimi çox absurd bir iddia ortaya atılıb. Guya II Dünya müharibəsi ərzində Nasist Almaniyası ilə əməkdaşlıq etmiş bəzi Krım tatarlarına görə, kollektiv cəza tədbiri olaraq, bu toplum deportasiyaya məruz qoyulub. Sovet mənbələri tatarları xəyanətkarlıqda ittiham edirdi. Tatarlar isə bu iddialara qarşı çıxış edərək, onların bu ərazilərdən köçürülməsinin Türkiyə ərazisində yerləşən Dardanel boğazına keçid əldə etmək məqsədilə təşkil olunmuş Sovet planının tərkib hissəsi olduğunu elan edirdilər.

Təbii ki, Krım ərazisində yaşayan tatarların türklərlə etnik yaxınlığı var və onlar bu planın reallaşdırılmasına problem yarada bilərdi. Digər tərəfdən, dövlətlər arasındakı sərhədlərin təbii yox, inzibati faktor olduğunu bilirik. Məsələn, İran adlanan Güney Azərbaycanla Türkiyənin sərhəddində yaşayan türkləri inzibati sərhəd ayırsa da, onların arasında təbii sərhəd yoxdur. İran hakimiyyəti qorxusundan azərbaycanlıları köçürərək, bu əraziyə kürdləri yerləşdirib, qardaşlar arasına "kürd sərhədi" çəkməklə onları ayırmağı planlayır. Necə ki, Krım türklərini də Türkiyə türkləri ilə ayırmaq məqsədilə bu ərazilərə ruslar köçürüldü və indiki duruma gəlindi. Yəni Türklər arasında ruslar “təbii sərhəd” halına gətirildi. Yalnız 1989-cu ilin 14 noyabrında Krım Ali Şurasının qəbul etdiyi qərarla Stalin hakimiyyəti illərində baş tutmuş deportasiya cinayət kimi qəbul olundu və “yenidənqurma”ya start verilməsindən sonra, Krım türklərinin geri qayıtması haqda qadağa ləğv olundu.

Qismətinə deportasiyanın acılarının düşdüyü bir türk boyu da Axısqa türkləridir. Bu fikrimizi bir qədər də geniş açmaq üçün ilk öncə Axısqa türklərinin tarixi keçmişinə nəzər yetirmək faydalı olar. Hansı ki, Axısqa türklərinin tarixi çox qədim olduğu qədər də, ən ağır məşəqqətə düçar olmuş Türk toplumudur. Ən qədim dövrlərdən Kiçik Qafqaz sıra dağlarının başlanğıcında yaşayan bu soydaşlarımız danışdığı şivə, adət-ənənə, folklor, mədəniyyət baxımından qədim Türk məskəni Borçalı mahalındakı Azərbaycan türkləri və Ərzurum-Qars ərazilərindəki Türklərlə çox yaxındır. Məlumdur ki, rus-Türk müharibələri nəticəsində zaman-zaman Türk torpaqlarının böyük hissəsi arxa planda Habsburqların idarə etdiyi Rusiya imperiyasının tərkibinə daxil olub. İmperializm hər zaman türklərin budanması, zəiflədilməsi planlarını həyata keçirməklə, öz ədalətsiz hakimiyyətini sürdürüb. Bu ərazilərdə yaşayan yerli Türklər də əsrlər boyu rus əsarətinə məruz qalıblar. Ruslar tərəfindən zəbt edilən bölgələrdən biri də Adıgön-Axısqa ərazisidir.

1829-cu ildə "Ədirnə müqaviləsi" ilə Osmanlı dövlətindən qoparılıb Rusiya İmperatorluğuna ilhaq edilən Axısqa və Axalkələk bölgəsi Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə bir növ nəzarətsiz zonaya çevrilir. Əhalisi əsasən müsəlman acarlar və Türklərdən ibarət olan bölgə xalqı Sovetlərin 1917-ci ildə elan etdiyi "Rusiyadakı millətlərin haqlarına aid bəyannamə" hüququndan istifadə edərək, 26 aprel 1918-ci ildə ümumi qərarla Türkiyəyə birləşmək istədiklərini bildirmişdilər. Ona görə də Batum, Axısqa, Acar və Axalkələk bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi imzalı-möhürlü müraciət Osmanlı hökuməti tərəfindən qəbul edilmiş, Anadoluya birləşmək üçün hüquqi zəmin yaranmışdı. Digər tərəfdən də Azərbaycan, Gürcüstan və Ermənistanın təmsil olunduqları Zaqafqaziya Seymi Rusiyanın bolşevik hökumətini tanımasa da, onun bu "Bəyannamə"sinə rəsmi münasibət bildirməmiş, deməli, məntiqlə onun ləğvinə dair hər hansı rəsmi qərar qəbul etməmişdi. Bütün bunları nəzərə alan Türkiyə hökumətinin Nümayəndə Heyəti 11 may 1918-ci il Batum Konfransında Batum, Axısqa və Axalkələk nahiyələrinin Türkiyəyə ilhaqını tələb edir. Lakin ilk əvvəl gürcü nümayəndələr bunu qəbul etməmişsə də, Türkiyə nümayəndə heyətinin başçısı Xəlil Bəyin təkidli tələbi ilə bunu qəbul etmək zorunda qalmışdılar. Sovet hökumətinin "Batum müqaviləsi"ni tanımamaq haqqında nota verməsinə baxmayaraq, nə Osmanlı hökuməti, nə də Zaqafqaziya Seymi buna əhəmiyyət verməmişdir. Müqavilənin adı keçən məsələlərə dair müddəaları Seym tərəfindən təsdiq edilməmiş, Zaqafqaziya Seymi gürcülərin özlərini 26 may 1918-ci ildə müstəqil elan etmələri və ardınca da ermənilərin və azərbaycanlıların öz istiqlallarını elan etmələri ilə dağılır. Bu və ya bir sıra başqa səbəblər üzündən Osmanlı bu müstəqil dövlətlərlə 4 aprel 1918-ci ildə ayrı-ayrı sülh müqavilələri bağlayır.

Gürcüstanla bağlanan sülh müqaviləsinə əsasən, Batum şəhəri və sancağından başqa, Axısqa və Axalkələk nahiyyələri də Türkiyəyə qaytarılır. Amma Birinci dünya müharibəsində tam məğlub duruma düşən və ərazilərinin çox böyük hissəsini itirən Osmanlı dövlətinə qarşı Avropa və bolşevik Rusiyası ağır şərtlər irəli sürürlər ki, bu şərtlərdən biri də Batum, Axısqa və Axalkələk bölgələrinin Sovet Rusiyasına qaytarılması idi. Belə vəziyyətdə "Vilson prinsipləri"nə dayanaraq Qars, Gümrü, Axısqa və Axalkələk bölgələrinin əhalisi içərisindən seçilən "Milli İstişarə Məclisi"nin on iki nəfərdən ibarət nümayəndəsi hökumət təşkil edərək, bu bölgənin gürcü və ermənilərin idarəsi altına düşməsinə qarşı silahlı mübarizəyə başlayırlar. Lakin işin altından ingilis barmağının çıxması ilə vəziyyət türklərin əleyhinə dönməyə başlayır. İngilislərin Batuma və Bakıya daxil olmaları, türk silahlı qüvvələrinin təzyiq vasitəsilə Qafqazdan çıxarılmaları Qafqazdakı siyasi və hərbi vəziyyəti kökündən dəyişdi. Erməni və gürcülər ingilislərin onları himayəyə götürməsindən istifadə edərək, ərazilərini genişləndirməyə başladılar.

Amma Qarsda "Milli İstişarə Məclisi" hökumətinin hərbi dəstələri yaradıldı. Müsəlman Türk əhalidən təşkil edilən bu dəstələr yaxşı silahlanmışdılar və Qars, Gümrü çevrəsi və Arpa çayı boyunca ermənilərə, Axısqa və Axalkələk bölgələrində isə gürcülərə qarşı müqavimət göstərdilər. Hətta Sərvər bəy və Hafiz bəyin komandanlığındakı dəstələr gürcüləri 1828-ci il sərhədlərinə qədər çəkilməyə məcbur etmişdilər. Gürcü və Ermənilərə qarşı mücadilədə bu dəstələri Qars, Kağızman, Oltu və aşağı Çorux əhalisi dəstəkləyirdi. Hər tərəfdə könüllülərdən ibarət birliklər yaranırdı. "Milli İstişarə Məclisi"nin qanuni status almaq məqsədilə ingilis hərbçiləri və İrəvandakı erməni hökuməti ilə təmasa keçmək və özlərini təsdiq etdirmək təşəbbüsləri heç bir nəticə vermədiyindən, Qarsda II Milli Qurultay toplanır və 17 yanvar 1919-cu ildə "Milli İstişarə Məclisi" "Cənub-Qərb Qafqaz Keçici hökuməti" kimi yenidən təşkilatlanaraq, Batum ilə Naxçıvan arasında müsəlmanların yaşadıqları ərazilərdə "İslam Türk Dövləti" meydana gətirirlər. Hökumətin başçısı Fəxrəddin Piroğlu seçilir.

Bu hökumətin "Vilson prinsiləri"nə dayanan "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" və özlərinin arzu etdikləri idarəçilik formasını yaratmaqdan başqa heç bir iddiasının olmamasına baxmayaraq, həmişə müsəlmanlara və xüsusilə türklərə ikili standartlarla yanaşan xristian Qərb bu dəfə də özlərinin yaratdıqları "Vilson prinsipləri"ni özləri bildiyi kimi tətbiq etməyə, müsəlman Türkləri deyil, xristian erməni və gürcüləri hərtərəfli müdafiə etməyə başladılar. Belə ki, ingilislər təkcə erməni və gürcülərə hərbi yardım göstərməklə kifayətlənməyib, 19 aprel 1919-cu ildə Qarsa hücum edərək "Cənub-Qərb Qafqaz hökuməti" Məclisinin binasını mühasirəyə alıblar və hökumət üzvlərini həbs edərək "Maltaya" göndəriblər.  Hökumətin başçısı Fəxrəddin Piroğlu ilə Kağızmanlı Əli Bəy isə Ərzuruma sığınmağa məcbur olublar.

Gürcülər də ingilislərin hərbi dəstəyi ilə hərəkətə başlayaraq Axısqa və Axalkələk nahiyyələrini zəbt edib, Gurcustana ilhaq edirlər. Cəmi üç ay fəaliyyət göstərən "Cənub-Qərb Qafqaz hökuməti"nin (El arasında bu hökumətə Araz Respublikası da deyilib –red.) varlığına ingilislər son qoyur.

Axısqa və Axalkələk bölgələri sovet dönəmində Gürcüstan Sovet Sosialist Respublikasının, indi isə Gürcüstan Respublikasının tərkibindədir. Gürcüstana verilən bu ərazi Mexseti (Məhsəti) adlandırılmış və burada yaşayan Axısqa türklərinə də "Mesxeti Türkləri" deyilmişdir.

Burada bir haşiyə çıxaraq deyək ki, Türkiyə və Türklər daxil olmaqla, 100 il əvvəlki oyun yenə də oynanır.

1920-30-cu illərdə Axısqa Türkləri ana dilində məktəblər açmış, teatr yaratmış, mədəni yüksəlişə başlamışdılar. Amma bu yüksəliş və dinc həyat uzun sürə bilmir. 1944-cü ildə ermənilərin fitvası nəticəsində Türk xalqlarının düşməni diktator Stalinin əmri ilə Krım türkləri, Balkarlar, Qaraçaylar kimi, Axısqa türkləri də öz vətənlərindən didərgin salınaraq sürgün edilirlər. Sürgün yollarında xəstəlikdən, dərddən, əzabdan minlərlə Axısqa türkü həlak olur, bütün siyasi hüquqlardan məhrum edilir. Bu dəhşətli sürgündən sonra sənədlərində onların milliyyətinin Türk yazılması yasaq edilir, adları başqa-başqa xalqların adı ilə adlandırılırdı. Gürcülər isə onlara "müsəlman gürcü" adını yapışdırmağa çalışırdı.

Birinci faciənin acıları keçməmiş, Axısqa türklərinin həyatında ikinci dəhşətli faciə yaşanır. Bu faciə 1989-cu ildə Özbəkistanın Fərqanə şəhərində baş verdi. Belə ki, özbəklər Axısqa türklərini qətlə yetirdi. Amma bu məqamda işin içində yenə də erməni barmağının olduğunu düşünməmək mümkün deyil. Nəticədə, Axısqa türklərinin ikinci deportasiyası başlandı və onlar yenidən dünyanın müxtəlif yerlərinə səpələndilər. Ən böyük axın Şimali Azərbaycana-Saatlı, Sabirabad, Beyləqan, Xaçmaz, Quba, Qazax, Şamaxı və digər bölgələrdə olmuşdu. Axısqa Türkləri Ömər Faiq Hemanzadə, Əli Səbri, Mövlud Bayraqdarov, Bədi Muradov, Səadət Güləhmədova, Cavad Qoçuyev və s. kimi şəxsiyyətlər yetirmişdi. Bu gün də Axısqa türkləri Azərbaycanda, Qırğızıstanda, Qazaxıstanda, Kabardin-Balkarda, Türkiyədə və başqa yerlərdə yaşamaqdadırlar. Axısqa türklərinin vətənlərində isə Sovetlərin əli ilə ermənilər, gürcülər yerləşdirilmişdir. 1926-cı il siyahıya alınmada 138 min nəfər göstərilən Axısqa Türklərinin sayı bu gün rəsmi olmayan mənbələrdə 500 minə yaxın qeyd edilir.

Əlbəttə, Axısqa Türklərinin ən böyük arzusu ata-baba yurdlarına dönməkdir. Bu yöndə onlar uzun müddətdir ki, mücadilə aparır və nəhayət onların ana vətənlərinə dönməsi üçün müxtəlif beynəlxalq təşkilatlar belə qərarlar çıxarmışlar. Gürcüstan hökuməti də bu işə "üzdə" razılıq verib. Amma "Vilson prinsipləri"ndən qaynaqlanan haqsızlıqdan psixoloji müstəvidə hələ də qopa bilməyən, bu dəst-xətti davam etdirən Gürcüstan hökuməti Axısqa Türkünü öz doğma yurduna qaytarmaq istəmir. Hər halda, Gürcüstan dövlətinin Axısqa türklərinə qarşı davranışına başqa ad qoymaq mümkün deyil.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və digər bir çox dövlətlərdə rəsmi səviyyədə qəbul olunan Dünya Ahıska Türkləri Birliyi (DATÜB) və Axısqa Türklərinin təmsil olunduğu müxtəlif təşkilatların ayrı-ayrı ölkələrdəki şöbələri öz yurdlarına dönmək üçün səy göstərirlər. Onların ən başlıca tələbi ana vətənlərində kompakt şəkildə yaşamaqdır. Çünki dağınıq şəkildə yaşamaq onları bütün siyasi, iqtisadi və mədəni hüquqlardan məhrum olması deməkdir. Onlar öz ana dillərində təhsil, radio-televiziya verilişləri, qəzetləri və s. olmasını istəyirlər. Bir sözlə, sivil dünyanın bütün hüquqlarından yararlanmağa cəhd göstərirlər. Onların vətəni Adıgön, Axısqa, Azğur, Axalkələk, Abastuban, Varxan, Zediban, Xero və Azərbaycan türklərinin yaşadığı Borçalı, Ağbulaq, Sarvan, Başkeçid, Qarayazı, Qaraçöpdür.

Gürcüstanın hazırda da azərbaycanlılara qarşı ikili standartlardan çıxış etməsi, onlara “ikinci sinif” vətəndaş kimi rəftar etməsinin kökündə 100 il əvvəlki irqçi-istilaçı, okeanın o tayından gəlib heç bir zəminə malik olmadığı torpaqlarda diqtə siyasəti yürüdən ABŞ-ın indi də o vaxtkı kimi "Vilson prinsipləri"nin durduğu görülür. Amma bu dəfə vəziyyət fərqlidir və Abxaziya və Cənubi Osetiyanı itirən Gürcüstan dövləti ermənilərin əlində əsir-yesir vəziyyətinə düşüb. Amma Qafqazda "demokratik ölkə" adına iddia edən Gürcüstanın Axısqa Türklərini vətəninə qaytarmaq öhdəçiliyi nədənsə xatırlanmır. Görünür, 100 il əvvəl "Vilson prinsipləri"nin  "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" müddəasının “yalnız erməni və gürcülərə” aid edilməsinin təməl prinsip kimi götürülməsinə indi də riayət edilməkdədir. Və  "xalqların öz müqəddəratlarını özlərinin təyin etməsi" prinsipi bir yana dursun, Axısqa Türklərinin öz vətənlərinə qayıtması ehtiyacının ən azı tarixi ədalətin bərpası olması nə gürcülərin, nə də onları Qafqazda "demokratiyanın beşiyi"nə çevirmək istəyən himayədarlarının yadına düşmür. Halbuki indiki Gürcüstan ərazisi 100 il əvvəl Qərbin himayəsi sayəsində Türk torpaqlarının hesabına genişləndirilmişdir.

İndi isə məsələyə bir az fərqli yöndən baxaq. Belə ki, Axısqa Türklərinin torpaqlarında ermənilərin məskunlaşdırılması siyasətini və son illər bu bölgədə ermənilərin Gürcstan dövlətinə qarşı ərazi iddiaları irəli sürməsinin siyasi köklərini araşdıraq…

(Ardı var)

Hazırladı: Günay MƏMMƏDOVA

Qafqaz.media