ALİMPAŞA MƏMMƏDOVUN YENİ CİNAYƏTLƏRİ ÜZƏ ÇIXDI – İcra başçısının "qara kassası" kim olub?

Baxış sayı:
336

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Şəmkir rayon icra hakimiyyətinin keçmiş başçısı Alimpaşa Məmmədova iki maddə ilə rəsmi ittiham irəli sürülüb. Amma reketlik üzrə ad çıxarmış sabiq məmurun hər keçən gün yeni müxtəlif qanunusuz əməlləri üzə çıxır.

Xatırladaq ki, Alimpaşa Məmmədova qarşı Cinayət Məcəlləsinin 179 (Mənimsəmə və ya israf etmə) və 311-ci (Rüşvət alma, passiv rüşvətxorluq) maddələri ilə ittiham irəli sürülüb. Səbail rayon Məhkəməsində keçmiş icra başçısı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Məlumatlı mənbə "AzPolitika.info"-ya onun “Park Kolizey” MTK adlı tikinti şirkəti vasitəsi ilə törətdiyi daha bir qanunsuzluq barəsində informasiya verib.

Məlumatda qeyd olunur ki, adıçəkilən MTK-nın Şəmkirdə iki hündürmərtəbəli yaşayış binası tikdiyi ərazidə əvvəllər Şəmkir rayon Mədəniyyət Evi yerləşib. Həmin bina sonralar Bələdiyyə Evinə verilib. Bir müddət sonra isə Bələdiyyə Evinə yeni bina inşa edilməsi adı ilə söküb, yerini “Park Kolizey” MTK-ya satıblar.

Qeyd edək ki, "Park Kolizey” MTK-nın rəhbəri tanınmış iş adamı Famil Xəlilovdur. Məlumata görə, Alimpaşa Məmmədov rayonda tikinti sektorunu Famil Xəlilovun inhisarına verib və qeyri-qanuni olaraq digər tikinti şirkətlərini rayona buraxmayıb.

Bələdiyyə Evinin yerində də “Park Kolizey” MTK iki doqquzmərtəbəli bina tikib.

 

Mənbə bildirir ki, adıçəkilən MTK Bakının Nərimanov rayonu, Təbriz küçəsində başqa şirkətlərlə şərikli binalar tikib. Həmin yerin müqabilində Famil Xəlilov Alimpaşa Məmmədova Təbriz küçəsində şərikli tikdiyi binalarda ümumi sahəsi 1500 kv.m. olan mənzil və obyektlər verib. Bundan əlavə həmin vaxt birinci müavin olan Qüdrət Əliyevə və baş memar İlqar Quliyevin hərəsinə bir mənzil verilib.

Bundan əlavə, xüsusi imtiyaza malik olan “Park Kolizey” MTK şəhərin ən görkəmli yerlərində çoxmərtəbəli yaşayış binaları üçün nəzərdə tutulmayan ərazilərdə də tikintilər aparıb.

Belə ki, “20 yanvar” abidəsinin ətrafında salınmış park sonradan hansısa yollarla çoxmərtəbəli yaşayış binasi üçün ayrılıb və artıq burada binanın tikintisi yekunlaşmaq üzrədir.

 

Binanın tikintisinə icazə almaq üçün MTK rəhbəri Famil Xəlilov nə az nə çox bir neçə çoxotaqlı mənzildən keçməli olub. Binanın bir mərtəbəsinin mənzillərini birləşdirərək Alimpaşa Məmmədova, 4 otaqlı bir mənzili rayonun baş memarı İlqar Quliyevə və hal-hazırda həbs olunan digər aidiyyatı şəxslərə rüşvət olaraq verib.

Bundan əlavə, Famil Xəlilov həmin parkın ərazisini almaq üçün Alimpaşa Məmmədova 1 milyon 300 min manat da pul veribmiş. Veyis Xəlilov ilkin dindirilmə zamanı bunu etiraf edib.

Mənbə "AzPolitika.info"-ya bildirib ki, Şəmkirin Şiştəpə kəndində köhnə məktəbin yeri də keçmiş icra başçısı tərəfindən satılıb. Buna etiraz edən kənd sakinlərinin bir neçəsi həbs edilib.

Mənbə onu da qeyd edib ki, A. Məmmədovun kirli işlərini görən şəxslərdən biri də onu köməkçisi Mahir Əliyev olub.

“Mahir Əliyev rayonda icra başçsının "qara kassası" hesab olunurdu. Dövlətin ayırdığı vəsaitləri mənimsəmək üçün istifadə edilən maaş kartları onda olurdu, qeyri-rəsmi pul köçürmələri və s. işləri o, idarə edirdi. Ancaq maraqlıdır ki, onun adı heç yerdə yoxdur...” – deyə mənbə qeyd edir.