İş adamının MTN-dəki havadarı açıqlandı – ELDAR MAHMUDOVUN QAYNI OLUB

100 milyon dolları Kanadaya ötürən iş adamının sabiq MTN şefi ilə əlaqələri üzə çıxdı

“Maşın bazarı”nın sahibi, “Bizim market” mağazalar şəbəkəsinin ortaqlarından olan Rasim Salmanovun Beynəlxalq Bankın sabiq rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin vasitəsilə ölkədən 100 milyon dollar çıxardığı haqda yazmışdıq.
“Maliyyə xəyanəti” ittihamı ilə həbsdə olan Cahangir Hacıyevin ölkədən çıxarılmasında iştirak etdiyi və vergidən yayınmaqla qazanıldığı iddia olunan 100 milyon dollar manatın birinci devalvasiyasından 2 gün əvvəl Kanada və Türkiyədəki hesablara yerləşdirilib.
Yazının dərcindən sonra X.İsmayılova redaksiyamıza yeni məlumatlar verib. X.İsmayılova bildirir ki, nəvəsi 1989-cu il təvəllüdlü Sahib Quliyev böyük sifarişin qurbanı kimi həbsdədir.
Rasim Salmanov qayınanası Xanımbacı İsmayılovanı nəvəsi 1989-cu il təvəllüdlü hüquq fakültəsinin məzunu Quliyev Sahib Arif oğlunu tutduracağı ilə dəfələrlə hədələyib. Xanımbacı İsmayılova Rasim Salmanovun bundan əvvəl öz doğma qardaşını sifarişlə tutdurması faktını nəzərə alıb Salmanovun hədələrinin real olduğunu bilib. Buna görə də R.Salmanovun hədə-qorxu tələbləri ilə özünə məxsus dəyəri milyonlarla ölçülən torpaq sahələrini, nəvəsinin adına olan “Porche Panamera” markalı avtomobili, “Grand Hyatt” yaşayış kompleksindəki evləri, digər əmlakları 2015-ci ildə Rasim Salmanovun ailə üzvlərinin adına bağışlama yolu ilə keçirib.
X.İsmayılovanın redaksiyamıza daxil olan son müraciətində bu məsələ haqda ətraflı yazılıb: “Hədə-qorxu ilə tələb edilən əmlakları məhz bağışlama yolu ilə ələ keçirən Rasim Salmanov əlavə vergiləri ödəməkdən yayınmaq və şübhələri üstündən götürmək üçün torpaq sahələrinin Xanımbacı İsmayılovanın qızı və Salmanovun həyat yoldaşı Ülkər Salmanov adına bağışlama etdirib. Rasim Salmanov bu cür zorakılıq və hədə-qorxu gəlməklə istəklərini icra etdirmək üsullarını müəyyən yaxın adamlarından öyrənib. Belə ki, Rasim Salmanovun evinə gedib-gələn və çox yaxın dostu keçmiş MTN-in şefi Eldar Mahmudovun qaynı Vüqar olub. Vüqar Rasim Salmanovun biznesinə havadarlıq edib, onun hüquq-mühafizə orqanları ilə olan bütün məsələlərini həll edib. Hətta Mahmudovlar ailəsi ilə Rasim Salmanov o qədər yaxın olub ki, Vüqar Rasimə istənilən adam barədə məlumatı MTN vasitəsilə yoxlatdırıb ona deyə biləcəyini yanımızda dəfələlə bildirib. Bu yolla Rasim Salmanov Mahmudovların himayədarlığı və köməyi ilə biznesinin qara tərəflərini tənzimləyirmiş”.
X.İsmayılova yazır ki, baş verənlərlə bağlı Kanada hökumətinə də müraciət etməyə hazırlaşır: “Çirkli yollarla ailəyə məxsus külli miqdarda pulları Kanadaya keçirən Rasim Salmanovun qanunsuz hərəkətlərinə bəlkə onun gizli şəkildə vətəndaşı olduğu Kanada dövləti tədbir görər”.
X.İsmayılova üzləşdikləri haqsızlıqlarla bağlı prezidentə də müraciət edib: “Açıq şəkildə cənab prezidentdən köməklik istəyirik. Rasim Salmanov bəzi polis əməkdaşları ilə birlikdə bizlərə zülm edir, qanunsuz hərəkətlər, sui-istifadə hallarına yol verirlər. Bu özbaşınalıqlara son qoyulmasını istəyirik”.