ABŞ-ın daha bir neft-qaz nəhəngi Xəzərdəki payını satır - Azərbaycana təsiri olacaqmı?

Baxış sayı:
2314

ABŞ-ın "ExxonMobil" neft şirkəti özünün Azərbaycanın ən böyük neft yatağındakı payının satılmasını yenidən gündəmə gətirib.

"Reuters" agentliyinin yaydığı məlumata görə, bank və sənaye mənbələrinin məlumatında bildirilir ki, sözügedən yataq Asiyanın bir sıra iri neft-qaz şirkətlərinin diqqətini cəlb edir.

ABŞ-ın ən böyük neft-qaz şirkəti olan "ExxonMobil" Xəzər dənizindəki Azəri-Çıraq-Günəşli (AÇG) yatağındakı 6.8 faizlik payını ilk dəfə 2018-ci ildə satmaq istəmişdi. Elə təxminən həmin vaxtdan onun rəqibi olan "Chevron" da bu yataqdakı 9.57 faizlik payının satışına hazırlığa başlamışdı.

"Reuters" yazır ki, "Exxon" şirkəti satış prosesini heç vaxt rəsmən dayandırmasa da, bu prosesə "Chevron" öz payını Macarıstanın "MOL MOLB.BU" şirkətinə satmaq üçün danışıqlara başlayanda ara vermişdi. Bu danışıqlar 2019-cu ilin noyabrında 1.57 milyard dollarlıq sazişin imzalanması ilə nəticələnmişdi.

Bazarın zondajı

"Exxon" şirkətinin payının satılması prosesi ilə məşğul olan "Bank of America Merrill Lynch" firması satış prosesini bu yaxınlarda bərpa edib. "Reuters" vurğulayır ki, bütün bu proseslər neft qiymətlərinin bir barrel üçün 30 dollar civarında qalxıb-endiyi bir vaxtda cərəyan edir. Şirkətin sözçüsü Culya King deyib ki, “ExxonMobil" özünün Azərbaycandakı qeyri-əməliyyat aktivlərinə bazar maraqlarını yoxlayır. O əlavə edib ki, "”Exxon" özünün istehsal portfoliosunu vaxtaşırı qiymətləndirir və əgər başqa şirkətlər hər hansı aktivlərdə daha böyük dəyər görsələr, biz bu aktivləri satırıq”.

Potensial alıcılar - Çin, Hindistan, İndoneziya

"Reuters" yazır ki, "Exxon" şirkətinin payına Çinin "National Offshore Oil Corp", Hindistanın "ONGC" və İndoneziyanın "Pertamina" şirkətləri maraq göstəriblər.

Agentlik sənayedəki mənbələrə istinadən yazır ki, bu şirkətlər "ExxonMobil"-in payını ilkin qiymətindən xeyli ucuz almağa ümid bəsləyirlər. "Exxon" şirkətinin bu satışdan nə qədər pul götürmək istədiyi aydın deyil, amma bu, "Chevron"-un payından əhəmiyyətli dərəcədə ucuz ola bilər.

"Reuters" yazır ki, BAML və Pertamina şirkətləri agentliyin sorğusuna cavab verməyiblər. "ONGC" şirkəti də şərh verməkdən boyun qaçırıb.

Hindistandakı sənaye mənbələrindən biri bildirib ki, AÇG-də artıq payı olan "ONGC" "Exxon" şirkətinin payını alıb-almamaq məsələsi barədə hələlik qərar qəbul etməyib, lakin bu yataqdakı başqa şərikləri ilə danışıqlar aparır.

25 illik tarixin sonu

"Reuters" yazır ki, neft qiymətlərinin kəskin düşməsi nəticəsində "Exxon" şirkəti ilin birinci rübündə son onilliklər ərzində ilk dəfə olaraq ziyanla işləyib və bu səbəbdən də xərclərini 30 faiz azaldıb.

Bu da xəbər verilir ki, "Exxon" ötən ildən özünün Avropa, Asiya və Afrikadakı 25 milyard dollarlıq neft və qaz yataqlarından xilas olmaq planının icrasına başlayıb. Bunun əvəzində, qərargahı Texasda olan şirkətin diqqətini ABŞ-da və xaricdəki bir neçə meqalayihələrə yönəldəcəyi deyilir.

"Exxon" bundan əvvəl Norveçdəki aktivlərini 4.5 milyard dollara satıb və Avstraliya, Malayziya və Nigeriayada da aktiv satışı proseslərinə başlayıb. Xəzərdəki əməliyyatlarının satışı "Exxon" üçün Azərbaycandakı 25 illik fəaliyyətinin sonu demək olacaq.

BP-dən açıqlama

AÇG yataqlar bloku üzrə layihənin operatoru olan BP şirkətinin Azərbaycanda Ünsiyyət və sosial sərmayələr üzrə meneceri Tamam Bayatlı "ExxonMobil" şirkətin öz aktivlərini satma səbəbi ilə bağlı bir açıqlama verə bilməcəyini desə də, bu prosesin təbii olduğunu bildirib: "Səbəblər barədə "ExxonMobil" şirkətinin özünə yönəlmək lazımdır. Çünki hər bir şirkətin öz strategiyası var. Amma belə proseslər bütün dünyada baş verən praktikadır. Böyük layihələrdə də payçılar öz payını satır, onun yerinə digər payçı gəlir. Bundan əvvəl də "Chevron" şirkəti öz payını satdı və onun yerinə "Mall" şirkəti gəldi. Yəni, istər neft-qaz layihəsi olsun, istər digər layihələr hansısa payçının öz payını satması, onun yerinə yeni şirkətin daxil olması təcrübədə var və həmişə olacaq".

T.Bayatılı qeyd edib ki, "ExxonMobil" şirkətinin öz payının satması AÇG layihəsində BP-nin əməliyyatlarına təsir etməyəcək: "Bunun heç bir təsiri olmayacaq. Belə proseslər əvvəllər dəfələrlə olub. Hansısa şirkət gedib, hansısa şirkət gəlib, əməliyyatlar isə davam edir".

Dalğa Xatınoğlu: "Bu satışın Azərbaycana ziyanı olmayacaq"

Londonda yayımlanan "Natural Gas World" nəşrinin təhlilçisi, neft-qaz sahəsi üzrə tanınmış mütəxəssis Dalğa Xatınoğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, "Exxon" noyabr ayında satış prosesini dayandırmışdı, amma yenidən aktivləşdirib: "AÇG layihəsi açıqdır, müxtəlif şirkətləri, paylarını artırırlar, azaldırlar, yaxud satırlar. "Exxon" şirkətinin əsas strategiyası budur ki, xarici sərmayə yatırımlarını azaltsın. Təmərküzləşmə siyasəti aparıb əsasən Amerikada yeləşən layihələrə fokuslanmaq istəyirlər. Bundan əvvəl Norveçin neft-qaz nəhəngi "Statoyl" "Şahdəniz"-də olan payını satdı. Amma daha sonra yenidən Azərbaycan bazarına üz tutub və burada yeni layihəyədə payçı olub. Bunlar adi şeylərdir".

Ekspert şirkətin satışa çıxardığı payın dəyərinin ötən illə müqaysədə azalacağını bildirib: "Ötən il "Brent" neftinin qiyməti 65 dollardan yuxarı idisə hazırda 30-35 dollar aralığındadır. Gözlənilir ki, 40 dollara qədər artsın. Bu da, əlbəttə, "Exxon"a payını satmaq üçün daha sərfəli şərait yaradır. Amma bu qiymət şübhəsiz ki, ötənilki qiymət təklifindən yenə də az olacaq".

D. Xatınoğlu başqa bir maraqlı məqama diqqət çəkir: "Əsas məsələ odur ki, Azərbaycan OPEC+ razılaşması çərçivəsində öhdəlik götürüb ki, hasilatı azaltsın. Azərbaycan 2018-ci ilin oktyabr ayındakı hasilat göstəricisinə nisbətən sutkalıq hasilatı 174 min barrel azaltmalıdır. Bu azalmada AÇG ən böyük payı realizə etməyi öz üzərinə götürüb. Bu proses gələn ilə qədər davam edəcək. Əsasən may və iyun aylarında istehsalı daha çox azalda bilərlər. Bu aylarda 23 faiz, ilin sonlarına qədər isə 18 faiz hasilatı azaltmalıdır. Hasilatın və qiymətlərin azalması da şübhəsiz ki, "Exxon"un satışa çıxardığı payın bazar dəyərinin azalmasına ciddi təsiri olacaq".

Bəs Azərbaycana bu satışın xeyri və zərəri nə ola bilər?

Dalğa Xatınoğlu deyir ki, Azərbaycanda AÇG-nin operatoru BP şirkətidir. "Qalan şirkətlər sərmayə yatırıb qazanc götürürlər. Ona görə də payçıların hansı ölkənin şirkətləri olması fərq etmir. Bu "Exxon" yaxud, Çin şirkəti olsun, sərmayə yatırıb qazanc götürürlər. Ona görə də bu məslənin Azərbaycana, AÇG layihəsinə heç bir təsiri olmayacaq".

Xatırladaq ki, "Exxon" və "Chevron" Sovet İttifaqının çökməsindən sonra, 1994-cü ildə Azərbaycanın hazırkı neft sənayesinin qurulmasında və “Əsrin kontraktı” adını qazanmış layihədə iştirak edən 5 ABŞ şirkətinin sırasında idi./Azpolitika