“Qarabağın taleyi yalnız Azərbaycan xalqının iradəsi ilə həll olunacaq” – MÜXALİF PARTİYADAN PAŞİNYANIN REFERENDUM TƏKLİFİNƏ SƏRT REAKSİYA

Baxış sayı:
7658

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəxalq aləmdə baş verən ictimai-siyasi proseslərin müzakirəsinə həsr olunmuş növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata görə, toplantı iştirakçıları ilk növbədə son günlərin ən qalmaqallı mövzususu ətrafında - Bakı Slavyan Universitetində 20 Yanvar qırğınının başında duran və xalqımızın qanına susamış Yevgeni Primakova aid sərgi keçirilməsi və adı çəkilən təhsil ocağının tələbələri arasında onun siyasi fəaliyyətinə həsr edilən esselərin yazdırılması məsələsinə münasibət bildirib. Qeyd olunub ki, 20 Yanvar faciəsinin araşdırılmasına dair yaradılan komissiyada qırğını törədən şəxslər sırasında adı keçən bir caniyə sərgi düzənləməsi şəhid olan soydaşlarımızın, qazilərimizin və bütövlükdə xalqımızın milli ruhuna qarşı ən böyük sayğısızlıq və dolayısı yolla yenidən rus işğalına meydan açan bu biabırçı fakt diqqətdən kənarda qalmamalı, bu tədbiri gündəmə gətirən universitet rektoru istefaya göndərilməklə onun fəaliyyəti hüquq-mühafizə orqanlarının araşdırma obyektinə çevrilməlidir. İdarə Heyəti Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, Siyasi Məhbusların Müdafiə Mərkəzinin koordinatoru Oqtay Gülalıyevin avtoqəza nəticəsində ağır xəsarət alaraq xəstaxanaya yerləşdirilməsi, hadisə ilə bağlı şübhəli məqamların ortada olması ilə bağlı yaranan narahatlıqları müzakirə edib və hüquq mühafizə orqanlarını baş verən avtoqəza ilə onun aktiv ictimai-siyasi fəaliyyəti arasında hər hansı bir bağlılığın olması faktını araşdırmağa və istintaq işini şəffaflıqla yekunlaşdırmağa çağırıb. İdarə Heyəti ABŞ Konqresinin aşağı palatasında qondarma “erməni soyqırımı”nın tanınması ilə yanaşı, Türkiyəyə qarşı sanksiyaların tətbiq edilməsi ilə bağlı qərarı türk və müsəlman dünyasına qarşı yönəlik hərəkət kimi dəyərləndirib və artıq ikiqütblü savaşların mədəniyyətlərarası savaş müstəvisinə keçməsi faktından ciddi narahat olduğunu diqqətə çatdırıb. Bu cür ədalətsiz qərarların Yaxın və Orta Şərqdə hegemonluq iddiasında olan Qərbin, o cümlədən ABŞ-ın Türkiyə dövlətinə qarşı qərəzli niyyətlərindən doğduğunu qeyd edən partiya rəsmiləri beynəxalq ictimaiyyəti sülhün və təhlükəsizliyin pozulmasına rəvac verən belə hadisələrə göz yummamağa səsləyib. İdarə Heyəti son vaxtlar həyata keçirilən kadr islahatlarını, sovet nomenklaturasına məxsus yaşlı nəsil məmurlarının elmi, biliyi, təfəkkür tərzi modern dünyanın tələbləri ilə uzlaşan yeni kadrlarla əvəzlənməsini təqdir edib, lakin bu məslədə təkcə yaş məsələsinin deyil, cəmiyyətimizi yeni qaydalarla idarə etməyə qadir olan, çağdaş ideyalarla yüklənən, korrupsiya və rüşvətxorluqdan uzaq şəxslərin önə çəkilməsinin vacibliyinin məqsədə müvafiq olduğu diqqətə çatdırılıb. İdarə Heyəti son vaxtlar ölkənin ictimai-siyasi həyatının dəyişdirilməsi tələbləri ilə keçirilən etiraz aksiyalarının vətəndaşların konstitusion hüquqları ilə uyğunluq təşkil etdiyini bir daha diqqətə çatdırıb və hakimiyyət təmsilçilərini baş verən aksiyalar zamanı etiraçılara qarşı zorakılıqdan, şiddət göstərməkdən geri durmağı çağırıb. Eyni zamanda beynəlxalq şərtlərin imkan vermədiyi hazırkı şəraitdə sosial sifarişə çevrilməyən, kifayət qədər etirazçı olmadan, yalnız bir qrupun hakimiyyət iddiasının gerçəkləşməsinə xidmət edən aksiyaların keçirilməsinin də ziyanverici olduğunu, ölkədə insan hüquq və azadlıqlarının pozulmasına, demokratiyanın boğulmasına və xalqın enerjisinin tükənməsinə gətirib çıxaracağını diqqətə çatdırıb. İdarə Heyəti Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistanda referendum keçirilə biləcəyinə dair bəyanatına da münasibət bildirib. İdarə Heyəti Ermənistanın baş naziri Nikol Paşinyanın bu bəyanatını sərsəm bir bəyanat kimi dəyərləndirib, eyni zamanda bildirib ki, Qarabağın taleyi yalnız Azərbaycan xalqının iradəsi ilə həll olunacaq. Muxalifet.az