HAAQA MƏHKƏMƏSİNİN PUTİNLƏ BAĞLI HƏBS QƏRARINA AZƏRBAYCANDAN DƏSTƏK – “İnsanlığa qarşı cinayət törədən…”

Baxış sayı:
16597

Bu gün ADP İdarə Heyətinin ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib.
Partiyanın mətbuat xidmətindən Muxalifet.az-a verilən məlumata əsasən, toplantı iştirakçıları ilk növbədə ordu bölmələrimizin keçirdiyi lokal əməliyyatlar nəticəsində Laçından şimalda yerləşən quru yolla qeyri-qanuni silah, canlı qüvvə daşınmasının qarşısının alınmasını, strateji yüksəkliklərin ələ keçirilməsini təqdir edib və Qarabağın rus “sülhməramlıları”nın nəzarətində olan digər ərazilərində də bu cür əməliyyatların keçirilməsini vacib hesab edib.
İdarə Heyəti rus sülhməramlılarının nəzarət etdiyi ərazilərə məhz onların iştirakı ilə Ermənistandan hərbi texnika daşınması, separatçı rejimin yenidən silahlandırılması faktını qətiyyətlə pisləyib və bunun üçtərəfli sazişin müddəalarına zidd olduğunu diqqətə çatdırıb.
Həmçinin, Rusiya Müdafiə Nazirliyinin ordu bölmələrimizin keçirdiyi son əməliyyatlar nəticəsində əldə edilmiş ərazilərdən geri çəkilmək, əvvəlki mövqelərə qayıtmaq barədə Rusiya Müdafiyə Nazirliyinin bəyanatına münasibət bildirən partiya yetkililəri bu bəyanatın arxasında Rusiyanın işğalçı siyasətinin, Qarabağı Azərbaycandan qoparmaq cəhdinin durduğunu qeyd edib, hakimiyyəti üçtərəfli sazişin müddəalarını kobud şəkildə pozduğuna, üzərinə düşən missiyanı yerinə yetirmədiyinə görə rus sülhməramlı qüvvələrinin ölkəmizi tərk etməsi üçün lazımi addımlar atmağa çağırıb.
ADP İdarə Heyəti son vaxtlar İranın sərhədlərimizdə hərbi təlimlər keçirməsi, “əzələ nümayiş etdirməsi”, milli telekanallarında ölkəmizə qarşı təxribat xarakterli verilişlər yayımlaması, öz ərazisindən Qarabağa müxtəlif təyinatlı hərbi ləvazimatlar, döyüş hazırlığı keçmək üçün canlı qüvvə göndərməsi faktlarını da qətiyyətlə pisləyib. Partiya rəsmiləri qeyd edib ki, istər birinci, istərsə də ikinci Qarabağ savaşında İran, Rusiya və Ermənistan Azərbaycana qarşı birgə hərəkət etmiş və 30 illik işğal faktının gerçəkləşməsində eyni dərəcədə rol almışlar. Milli, xarici siyasətimizdə bu faktorun nəzərə alınmasının vacibliyinə diqqət çəkən İdarə Heyəti hakimiyyəti dövlətimizə qarşı düşmən kəsilən bu ölkələrlə siyasətində daha ehtiyatl, tədbirli və beynəlxalq dəstəyin qazanılmasına uyğun düşünülmüş addımlar atmağa çağırıb.
İdarə Heyəti Beynəlxalq Haaqa Məhkəməsinin Rusiya prezidenti Vladimir Putin haqqında həbs orderi verməsini alqışlayıb və bu cür addımların insanlığa qarşı cinayət törədən, başqa ölkələrin suveren ərazilərini işğal edən dövlət başçılarına qarşı təsirli tədbir olacağını ifadə edib.
İdarə heyəti Rusiya xarici işlər naziri Sergey Lavrovun Donbas və Qarabağ arasında anologiya apararaq, Qarabağda yaşayan ermənilərə yüksək səviyyəli hüquqların verilməsi, onların irəli sürdüyü tələblərin yerinə yetirilməsi barədə səsləndirdiyi bəyanatı qətiyyətlə pisləyib və istər bu bəyanatın, istərsə də ordumuzun tutduğu mövqelərdən geri çəkilməsi barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatı ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı yönələn düşmənçilik hərəkəti kimi dəyərləndirib.
İdarə Heyəti hakimiyyəti hazırkı şəraitdə Rusiya ilə siyasətində məsafə saxlamağa, iqtisadi, siyasi münasibətlərini çərçivəyə salmağa, bu əlaqələrin qarşılıqlı əməkdaşlığa deyil, Rusiyanın ölkəmiz üzərində təsir dairəsinin artırılmasına xidmət edəcəyini bildirib və dövlətimizin daha çox Avroatlantik məkana inteqrasiya edilməsi istiqamətində addımlar atmasının vacibliyini diqqətə çatdırıb.
Muxalifet.az