Dövlət istehlakçı hüquqlarının qorunmasındakı öhdəliyini icra etmir

Baxış sayı:
4156

Nə İqtisadiyyat Nazirliyi, nə də məhkəmə inhisarçı hökmranlığına son qoymağı fikirləşir

İnhisarçı qurumların istehlakçı hüquqlarını pozması getdikcə daha kəskin, qarşısıalınmaz hal alır. Gerçəkdə belə pozuntununun qarşısının alınmasına dövlət məhkəməni də, uyğun icra qurumunu da görəvləndirib. Di gəl, nə məhkəmə, nə də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti görəvini icra edir.
Elə sonuncu pozuntudan başlayaq. Mobil operatoplar internet paketinin qiymətlərini ortalıq 35 faiz qaldırıb. Biz hələ danışıq tariflərinin qaldırılmasını, nömrənin aktiv qalması müddətinin ikiqat azaldılmasını demirik. İstehlakçı hüquqlarının kobud pozuntusuna baxın, “Bakcell”də 2 manat ödəməklə bir ay nömrə aktiv qalırdı; qısalda-qısalda 15 günə salıblar. Nömrə ikitərəfli bağlanandan sonra 180 gün zəng edilirdi, indi 150 gün keçməmiş nömrə ləğv edilir və içindəki balans da silinir. Hətta əlillərə, xəstələrə də güzəşt edilmir. Güzəşt deyəndə, heç olmasa istaehlakçının- abonentin xəstəxanada yatması zamanı “müddəti ötürməsi” “yüngülləşdirici hal”, “təqsirsizlik prezumpsiyası” kimi nəzərə alınmır. İqtisadiyyat Nazirliyi yanındakı Dövlət Xidməti də, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi də susur, məhkəmə isə hüquq pozucusunun sifarişi ilə ya süründürməçilik edir, ya da özbaşınalıq. Hüquq və azadlıqların məhkəmə təminatı hüququna baxın, 1-ci dərəcəli Qarabağ qazisinin “Bakcell”ə qarşı Səbail məhkəməsində qaldırdığı iddianı hakim Mədinə Bağırova anında geri qaytarıb ki, “Bakcell”in baş ofisi Xətai rayonuna köçüb.(?) Bəyəm bu şirkətin Səbail rayonunda müştəri xidmətləri ofis(lər)i yoxdur? Müştəri xidmətdən narazıdır, “ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbinə uyğun olaraq məhkəməyə müracjət edib; MPM-in 36-cı maddəsinin tələbinə görə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı iddialarda məhkəməni seçmək hüququ iddiaçıya məxsusdur, Səbail məhkəməsi isə anında “Bakcell”in yerini necə müəyyən edib? Heç demə, hakim İqtisadiyyat Nazirliyi (yenə də İqtisadiyyat Nazirliyi!- M.B.) yanında  Dövlət Vergi Xidmətinin saytına giribmiş!(?) Hər şey bir qırağa, axı mülki işlərdə məhkəmənin sübut toplamaq hüququ qanunda yazılmayıb! Məhkəmənin qanunsuzluğunun “ Bakcell”in sifarişindən qaynaqlandığını şirkətin baş direktoru Klaus Millerin adından Bakı Apellyasiya Məhkəməsinə təqdim edilən etiraz (da) ortaya qoyur. Süründürməçiliklə şirkət nəyə nail olmaq fikrindədir? Bəs İqtisadiyyat Nazirliyi yanındakı Dövlət Xidməti niyə susur, niyə məhkəmədə iddia qaldırmır? Axı qanun bu hüququ da İqtisadiyyat Nazirliyinə verib! Deməli, dövlət xidməti də “ Bakcell”in sifarişini yerinə yetirir. Yoxsa, necə olur, hansısa xırda marketi müştəriyə, məsələn, ƏDV qəbzi verməyəndə məhkəmə yolu ilə minlərlə manat cərimə etdirən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iri şirkətlərə “gözün üstə qaşın var” demir?!
Keçək kommunal xidmətlərdəki qanun pozuntularına. Başlıca pozuntu, xidmətlə təminatda üzə çıxır. Qanun,  fərman, qərar texniki şərtin ödənişsiz verildiyini doğrulayır, fiziki şəxslərin sayğaclarla təminatını uyğun xidmət qurumunun üzərinə qoyur. Di gəl, “Azərişıq” texniki şərtə görə 200-1000 manat arası ödəniş , “Azəriqaz” 80 manat rüsum tələb edir; “ Azərsu”, ümumiyyətlə, 40-50 ilin evinə texniki şərt tələb etməsi bir yana ,  “fiziki şəxs”i “sahibkarlıqla məşğul olmaqda suçlayıb “hüquqi şəxs” kimi 700-800 manatlıq sayğac haqqı tələb edir. Bəs məhkəmə? Bakı İnzibati Məhkəməsi 4 ildir qaz və su xidmətinə qarşı iddia üzrə qərarını vermir, işıq xidmətini isə “məhkəmədən toxunulmaz” edib.
Sabunçu məhkəməsi bir il Sabunçu işıq idarəsinə qarşı “ 03.04.2017 tarixli texniki şərtin icra edilməsi” tələbli iddianı gizlədib, axırı, e-məhkəmə sistemindən verilən iddianı , Məhkəmə Hüquq Şurasına şikayət sonucunda 10 gündən sonra icraata götürməyə məcbur olub. Hakim Adilə Paşayeva cavabdehin sifarişi ilə icraata xitam verib ki, məhkəmədə baxılmalı deyil. Bakı Apellyasiya Məhkəməsi ( sədrlik edən Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva) bu qərardadı qüvvədə saxlayıb. Kassasiya şikayəti verməyə vəkillə təminatına ərizə verən 1-ci dərəcəli qazi iddiaçının ərizəsini işə ( və Mülki Kollegiyaya) aid olmayan heyət ( sədrlik edən Fuad Abdıyev, Anar Tanrıverdiyev, Fərrux Qasımov) təmin etməyib. Qanunsuz heyət qanunsuz olaraq , cavabdehin sifarişi ilə, Qarabağ qazisinin gəlirləri haqqında yanlış bilgiyə əsaslanaraq dövlət hesabına vəkil ayrılmasından imtina edib. ( Bir daha bildiririk, birincisi, mülki işlərdə məhkəmənin sübut-sənəd toplaması yolverilməzdir və ikincisi, lap olsun, ərizəçinin gəlirlərini hesablayan hakimlər bəs xərcləri niyə hesablamır?- M.B) Hətta bu imtinadan kassasiya şikayəti verilsə də, 7 aydır Ali Məhkəməyə göndərilmir. Üçü qanuni, üçü qanunsuz 6 hakim, “Azərişıq” ASC 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə təminatı, istehlakçı hüququna da kobud qadağa qoyub.
“Azəristilik” ASC-nin istehlakçı hüquqlarını pozmaqda “xidməti” lap “gül vurur”. Tarif Şurası qiyməti qaldırmadığı halda (yaşayış sahəsinin kvadrat metrinə görə 0.15 manat) , istehlakçılardan qəbzlə ikiqat-üçqat ödəniş tələb edilir. Nə Tarif Şurası özü dinir, nə də Antinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti. Hər ikisinin İqtisadiyyat Nazirliyi yanında susmaq hüququ var? Bəs istehlakçı hüququ necə olsun? İstilik verilməyən artırmaya, dəhlizə, hamam-tualetə… görə hansı məntiqlə, hansı vicdanla, hansı qanunla ödəniş tələb edilir?
Konstitusiyanın 73-cü maddəsinə görə, heç kəsdən qanunda nəzərdə tutulan həcmdən artıq vergiləri və digər dövlət ödənişlərini ödəmək tələb edilə bilməz. Yeri gəlmişkən, stasionar telefon xidməti də inhisarçılığından abonentlərin hüquqlarını pozmaqdan yana yararlanır. Tarif Şurası 3 ildir aylıq abunə haqqını bir gecədə 40 faiz qaldıraraq 3.50 manat müəyyən edib, amma telekommunikasiya xidməti özbaşına 10 faiz əlavə ilə abonentlərdən 3.85 manatı hər ay zorla qoparır. Bircə saat gecikəndə telefon birtərəfli kəsilir.
Bəs İqtisadiyyat Nazirliyi, məhkəmə niyə görəvini yerinə yetirməyi fikirləşmir? Fikrimizcə , dövlət , hökumət bu “fikirsizlik” haqqında fikirləşməlidir. İnsanların, istehlakçıların fikirləşməkdən canında hey, cibində qara qəpik də qalmayıb.
Məğrur BƏDƏLSOY