TÜRKİYƏNİN "QANDİ"Sİ... - Onun seçkilərdə iştirakı Ərdoğan üçün nə dərəcədə böyük təhlükədir?

Baxış sayı:
17670

Təhlilçilər deyir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan may ayında bir çoxlarının Türkiyənin "Qandi"si adlandırdığı namizəd səbəbilə böyük çətinliklə üzləşəcək.

Bütöv siyasi spektri təmsil edən altı partiyanın dəstəklədiyi ölkənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlu martın əvvəlində prezidentliyə namizədliyini elan etdi.

O, geniş islahatlar, prezidentin səlahiyyətlərini məhdudlaşdırmağı və parlament demokratiyasını qaytarmağı vəd edir.

“O [Kılıçdaroğlu], deyir ki, ‘Mən tək idarə etməyəcəm, konsensusla rəhbərlik edəcəm.’ O, iqtisadi sabitlik və hər kəsin bərabər şəkildə təmsil olunduğu insan hüquqlarına hörmət edən bir Türkiyə vəd edir. Və biz unutmamalıyıq ki, Kamal Kılıçdaroğlu uzun zamandır siyasətdə və dövlət büroktratiyasındadır. Ancaq buna baxmayaraq, heç vaxt korrupsiyada ittiham olunmayıb,” Halk TV xəbər kanalının redaktoru Bengü Sap Bababeker deyir.

74 yaşlı Kılıçdaroğlu CHP partiyasını yenidən canlandırıb. Onun hökuməti tənqid edənlərin həbs edilməsinə etiraz olaraq Ankaradan İstanbula 400 kilometrlik “Ədalət Yürüşü” Prezident Rəcəb Tayyib Ərdoğanın hakimiyyətinə qarşı ilk böyük kütləvi hərəkatlardan birinə çevrildi.

Kılıçdaroğlu Ərdoğanın siyasi istinadgahı olan İstanbul daxil olmaqla Türkiyənin beş ən böyük şəhərinin dördündə bələdiyyə seçkilərində qələbə təmin etdi.

Ancaq tənqidçilər dövlət qulluğu tarixi olan və yumşaq xasiyyətli Kılıçdaroğlunda Ərdoğanın xarizmasının olmadığını vurğulayırlar.

Bununla belə təhlilçilər deyir ki, fevralda baş verən ölümcül zəlzələ siyasi oyunu dəyişdirir. Belə ki, ölkədə tikinti qüsurları və hökumətin ləng reaksiya verməsi ilə bağlı iddialarla əlaqədər qəzəb artır.

Bəzi analitiklər deyir ki, Kılıçdaroğlu ölkədəki əhval-ruhiyyəni dərk edir.

“O dedi ki, bütün bu sistem səhvdir və ona görə də biz tamamilə yenisinə başlamalıyıq. Biz bu ölkəni birdəfəlik daha yaxşı tərəfə doğru dəyişməliyik, çünki yanlış olan çox şey var,” Politikyol-un köşə yazarı Sezin Öney deyir.

Kılıçdaroğlunun üzləşdiyi bir başqa əngəl din ola bilər. O, bəzi mühafizəkar müsəlmanların imansız hesab etdiyi İslamın liberal Ələvi məzhəbindəndir.

Ələvilər Türkiyədə əsrlər boyu ayrı-seçkiliklə üzləşiblər. Ancaq analitiklər deyir ki, Ərdoğanın 20 illik hakimiyyəti dövründə hökm sürən dindarlar və dünyəvilər arasındakı gərginlikdən sonra seçiciləri artıq kimlik siyasətindən çox iqtisadi narahatlıqlar maraqlandırır.

“Məncə ölkə, və ya ən azından gənclər artıq başqa insanın inanclarına baxmır. İqtisadiyyat bərbad vəziyyətdədir. İnflasiya səviyyəsi dəhşətlidir. Valyuta böhranı yaşanır. Borc getdikcə artır,” Okan Universitetinin politoloqu Zeynep Alemdar bildirir.

Kılıçdaroğlunun partiyalar koalisiyasına millətçilər, islamçılar, sağçılar və solçular daxildir və o, siyasi və etnik qütbləşməyə son qoyulacağını vəd edir ki, bir çoxları bunu Ərdoğan hakimiyyətinin üzləşdiyi ən böyük çətinlik olaraq görür./amerikaninsesi