​Bakıda "Bulaq" restoranında atışmada iştirak edənlərə HÖKM OXUNDU

Baxış sayı:
6655

Bakıda kriminal qruplaşmalar arasındakı silahlı atışmadan sonra həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində Badamdar qəsəbəsindəki “Bulaq” restoranında baş verən silahlı insidentdən sonra həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilən şəxslər Bəhruz Rəfiyev, Fuad Əsgərov, Tofiq Qaramizadə, Müzəffər Cəfərov, Araz Vəliyev, Murtuza Tağıyev, Süleyman Abdullayev və Hüseyn Hüseynovdur.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ay qam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, prokuror Tofiq Qarazadənin 12 il, Fuad Əsgərovun 15 il, 6 ay, Bəhruz Rəfiyevin 13 il, Müzəffər Cəfərovun 7 il 9 ay, Samir Allahyarov 18 il, Süleyman Abdullayev 15 il, Araz Vəliyevlə Murtuza Tağıyev və Hüseyn Hüseynovun isə 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Xatırladaq ki, silahlı insident aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.
Bildirək ki, restorandakı silahlı insidentin Rövşən Lənkəranski və "Lotu Qulu"nun adamları arasında baş verməsi haqda mətbuatda məlumatlar yer almışdı. Ancaq "Lotu Qulu"nun yaxın ətrafı bu məlumatı təkzib ediblər. Lakin silahlı insidentin kriminal qruplaşmalar arasında hesablaşma olması istisna edilmir.
Qeyd edək ki, bu atışmadan sonra Bakının müxtəlif rayonlarında kriminal aləmlə əlaqələrdə şübhəli bilinən onlarla şəxs saxlanılmışdı./Hurriyyet/