Hər bir narkoman İrana xidmət edir – BÜTÜN NARKOTİK SATICILARI “VƏTƏN XAİNİ” ELAN EDİLMƏLİDİR

Baxış sayı:
29866

Azərbaycanda hər bir narkoman İrana, molla rejiminə xidmət edir.

Əlbəttə, ilk baxışdan bizim bu fikrimizlə razılaşmayanlar ola bilər. Məsələn, hansısa narkotik aludəçisi çıxıb deyə bilər ki, mənim mollalarla nə işim var, öz pulumla “kayfımı” tuturam?! Hətta daha da dərinə gedib, bizi qərəzli olmaqda ittiham edənlər, cəmiyyətə yalan informasiya verdiyimizi iddia edənlər də ola bilər. Bəs, bu düşüncədə olanlar nə dərəcədə haqlıdırlar?

Öncə ondan başlayaq ki, Azərbaycanda satılan narkotik vasitələrin 95 faizdən çoxunun İrandan daxil olduğu artıq kimsəyə sirr deyil. O da bəllidir ki, 44 günlük Qarabağ savaşından sonra molla rejimi Azərbayacana qarşı, hərbi sahə istisna olmaqla, bütün müstəvidə savaş aparır. Belə ki, Tehran istər dini, istər ideoloji, istər siyasi, istər iqtisadi və s. sahələrdə öz təsir imkanlarını gücləndirməklə, ölkəmizi zəiflətməyə, çökdürməyə çalışır. Fars rejimi belə düşünür ki, Azərbaycanın güclənməsi təkcə İranın regiondan sıxışdırlıb çıxarılması deyil, həm də parçalanması ilə nəticələnə bilər. Bu səbəbdən, Tehran mollaları gecə-gündüz ölkəmizi təhdid edir, hətta bu və ya digər şəkildə Azərbaycana qarşı hərbi güc tətbiq edə biləcəkləri haqda mesajlar verirlər.

Əlbəttə, İranın bu təhdidləri rəsmi Bakı üçün heç də ciddiyə alınmır və narahatedici deyil. Lakin molla rejiminin ölkəmizə qarşı açdığı “narkotik savaşı” hər bir vətəndaşımızı narahat edir. Çünki qarşı tərəf bu “savaş”da “sapı özümüzdən olan baltalar”dan istifadə edir. Söhbət ondan gedir ki, qanunsuz yollarla qazanc əldə etmək istəyən bəzi vətəndaşlarımız gənclərimizi, ölkəmizin gələcəyini məhv etməyə çalışan İran mollalarının əlində alətə çevriliblər. Çox təəssüf ki, bu insanlar gec-tez həbs olunacaqlarını bildikləri halda Tehranın ölkəmizə qarşı açdığı “narkotik savaşı”nda, yəni dövlətimizə qarşı xain planın içərisində yer alırlar. Bu səbəbdən, onlar “vətən xaini” elan edilməli və hər biri ən sərt şəkildə cəzalandırılmalıdır.

Şübhəsiz, təkcə narkotik tacirləri deyil, hər bir narkoman dolayısı ilə İrana xidmət edir. Bir halda ki, Azərbaycanda satılan narkotiklərin 95 faizi İrandan daxil olur, deməli, burada ən çox qazanan molla rejimidir. Yəni narkotikə verilən hər bir manat qarşı tərəfin daha da güclənməsi və ölkəmizə qarşı daha geniş müstəvidə savaş açması ilə nəticələnir. Digər tərəfdən, İranın narkotikdən əldə etdiyi pullarla Ermənistanı silahlandırdığı da kimsəyə sirr deyil. Bu baxımdan, narkotik aludəçiləri unutmamalıdırlar ki, onlar narkotikə verdiyi pullarla təkcə öz gələcəklərini məhv etmirlər, həm də ölkəmizi parçalamağa hər an hazır olan düşmənlərin daha da güclənməsinə şərait yaratmış olurlar.

Odur ki, içərisində az da olsa dövlət, millət, vətən sevgisi qalan narkotik satıcıları və narkomanlar öz əməlləri haqda bir də düşünməlidirlər. Unutmamalıdırlar ki, onların bu cür qanunsuz əməlləri təkcə dövlətimizi, gənclərimizin gələcəyini deyil, həm də öz yaxınlarını, hətta ailə üzvlərini də məhvə aparır…

Stopnarkotik.az