MİLYARDLARI TALAYANA GÜCLÜ AZƏRBAYCAN LAZIM DEYİL... - Alman qızında olan qeyrət bizim milli vampirlərdə yoxdur

Baxış sayı:
23536

O gün yoxdur ki, biz növbəti erməni təxribatı barədə eşitməyək. Həyasızlıqlarına salıb mina basdırılmış sahələrin xəritələrini vermədilər, istədikləri vaxt atəş açırlar, əllərinə düşən əsgərlərimizin də başlarına min oyun açırlar. Biz isə camaatı belə sakit edirik: düşmən susdurulub, filan, filan təşkilatlara şikayət etmişik.
Bu susdurulmaq sözünün arxasında nələr durur, bunu əlbəttə ki, ruzi-qiyamətə qədər bilməyəcəyik. Beynəlxalq təşkilatlar məsələsi də göz qabağındadır, az qala yarım əsrdir hara gəldi üz tuturuq, minacat da veririk, əzan da çəkirik, şikəstə də oxuyuruq, di gəl bizləri vecinə alan yoxdur. Niyə? Ona görə ki, biz özümüz-özümüzü bu günə qoymuşuq. İndi-indi kəşf etmişik ki, bədxah ancaq güc dilini başa düşür. O güc dilini də axıra qədər işlədə bilmirik, bir az qəzəbnak olub düşmənin belini qırmaq istəyirik ki, çəpərin o üzündən rusun səsi qalxır, mənim itimlə çox işiniz olmasın., həddinizi bilin. Bizdən bir-iki nəfər cürətlənib soruşanda ki, həddimizi bilməsək nə olar?
Rus vələdüzina da cavab verir ki, respublikanızda 260 rus dilli məktəb mənim üçün sadiq təbəələr yetişdirir, dədələri “Rus xalqına eşq olsun” sözlərini deyənlərin nəinki törəmələrinin, hətta onların nökərlərinin sözləri hər yerdə qüvvədədir. Siz hələ vaxtilə Moskvaya sidq -dillə qulluq etmiş partiya təşkilatının göstərişi və nəzarəti altında çəkilmiş psevdotarixi filmlərlə gənc nəslin beynini zəhərləməkdən usanmırsınız. Bunun günahı bizdədir?
...Müstəqillik  də bizim damarlarımızda hələ qalan fağırlıq, mütilik viruslarını çıxarıb ata bilmədi. Yazarların son qurultayında o boyda qoşun-ləşkərdən cəmi üç-dörd nəfərin etiraz səsini qaldırması və əksəriyyətinin əsl təbəə kimi susması göstərdi ki, artıq kitab bağlanıb. Bu torpaqda bundan sonra ortaya qoyulan “ədəbi məhsul” anarların, rəşad məcidlərin qoyduqları əndazələrdən yuxarı çıxmayacaq. Əlqərəz, belə şeylərin mənə dəxli yoxdur. Bunlar əli vəliyevlərin, süleyman rəhimovların, əbülhəsənlərin, vurğunların irsini yenə də öz qibləgahları sayırlarsa, özləri bilərlər.
Tarixə ekskurs
Rus dünyası bütün tarixi boyu ancaq iki dövlət xadimini “Böyük” adına layiq görüb, I Pyotr və II Yekatirina. Pyotr amansız islahatları ilə, on minlərlə təhkimçinin canını almaqla xalqını sürüyə-sürüyə Qərb mədəniyyətinə tərəf apardı, Peterburq kimi şəhərlər saldı və i.a. Amma bununla belə Lev Tolstoy kimi dahi ömrünün sonuna kimi ona nifrət bəslədi, səbəbini də dəfələrlə yazdı.
I Pyotr neçə əsr xalqlara qan udduran imperiyanın təməlini qoydusa, alman qızı II Yekaterina isə onu hər cəhətdən qüdrətli dövlətə döndərə bildi. Tarixə, olan keçənlərə əsl meşşan kimi  açar dəliyindən baxanların fikrincə II Yekaterina şorgöz qadın olub və o, gözəl, qəddi qamətli kişiləri sevərmiş. Bəli, bu faktdır, amma bunu deyənlər unudurlar ki, Rusiya nəyə nail oldusa bu alman qızına minnətdardır.
1762-1796-cı illərdə imperiya taxtında oturan bu qadın mühüm vəzifələrə kimlərin təyin edilməsini, kimin nəyə qadir olduğunu gözəl bilirdi. Rus xalqının milli iftixarı sayılan Uşakov, Suvorov kimi sərkərdələrə qol-qanad verib külli ixtiyar sahibi etmişdir. Suvorov, Puqaçov  üsyanını yatırarkən başqırd xalqını ən dəhşətli genosidə məruz qoymuşdu. Rus tarixçiləri indi də Suvorovun belə misilsiz cinayətlərindən danışmağı sevmirlər. Kubanda, Dunay boyunda Suvorovun tökdüyü qanlardan, rus qoşunlarının vəhşiliyindən çox yazmaq istəmirlər. Məhz “şanlı, şövkətli” Suvorov  Yekaterinanın göstərişi əsasında bütün Polşanı zəbt edərək on minlərlə polyakı qılıncdan keçirtdi. Yekaterina bir aşnasını ora kral təyin etdi. Polşa xalqı heç bir vaxt başına gətirilən müsibətləri unutmadı. Yekaterina qibtə ediləsi iradə sahibi idi. O, yatağına ən istedadlı, ən bacarıqlı şəxsləri salıb, onlardan istifadə etməyi də bacarırdı.
Ən çox favoritlikdə duruş gətirmiş Q.Patyomkin Krımı işğal edəndən sonra güclü donanma yaradaraq Osmanlı dövlətinin Qara dəniz hövzəsində nüfuzunu heçə döndərdi. Axırıncı favorit Platon Zubov Yekaterinadan 38 il cavan idi. Niyyətimiz başqadır. Alman qızı Yekaterina nəfsinə qulluq edə-edə ölkə, xalq qarşısında borcunu unutmadı. Onun dəqiq 25 favorit aşnası məlumdur, hamısı da bacarıqlı inzibatçı, öhdələrinə düşən vəzifələri canla-başla yerinə yetirənlər hökmdarları ilə birlikdə bu dəstə Avropanı lərzəyə gətirən güclü imperiya yaradıb bir tərəfdən Sakit okean sahillərinə, digər tərəfdən Orta Asiya xanlıqlarına çıxdılar. Mən hələ salınan abad şəhərlərdən, zavodlardan, yaradılan təhsil ocaqlarından danışmıram.
Bizdə isə otuz il ərzində gecə-gündüz çalışan Prezidentlərin dərbarında soyğunçu və talançılardan başqa bir abırlı adam görmədik. “Hürriyyət” qəzetinin hər ayında dərc edilən ifşaedici materialların əsasında onlarla cinayət işi açmaq mümkündür. Amma açılmır, bundan sonra da açılmayacaq, çünki hüquq mühafizə orqanları, dövlətə nəzarət etməli şəxslərin özləri nəfslərinin öhdəsindən gəlmirlər. Milyonları, milyardları talayana güclü Azərbaycan lazım deyil, o, gədadır. Gəda üçünsə nə milli, nə də dövləti təəssübkeşlik yoxdur. Tarixi vərəqləyin ağır günlərdə vətəninə, millətinə asi kəsilən şəcərəli kübarları barmaqla saymaq olar.
Bizdə isə bütöv bir zümrə, bütöv sosial təbəqə vampirə dönüb ölkəni didir. Bizim harınlar elit fahişələrlə eyş-işrət qurub, xarici kurortlarda pul xərcləmələrindən lovğa-lovğa basıb-bağlayanda, arada da Yekaterinanın eşqbazlığından hərcayı-hərcayı danışanda unutmasınlar ki, vətənpərvərlik, dövlət təəssübkeşliyi məsələsində onlar həmin xanımın aşnalarının dırnağı da deyillər.
Firuz HAŞIMOV