UNEC koronavirusla əlaqədar Azərbaycana qayıdan tələbələrə müraciət etdi - "DƏRSLƏRDƏN GERİ QALMAMAQ ÜÇÜN..."
“Xaricdə oxuyan bir sıra azərbaycanlı tələbələr koronavirusla əlaqədar dərslərini yarımçıq qoyaraq Azərbaycana qayıtmış və ya xarici ölkədə qalmaqla dərslərini dayandırıblar. Dərslərində geri qalmamaları üçün həmin tələbələrə UNEC-də bu gündən distant formada təşkil edilən dərslərə qoşulmağı təklif edirik”.
Bu barədə UNEC-in rektoru, proffessor Ədalət Muradov xaricdə təhsil alan tələbələrə müraciətində bildirib.
Müraciətdə qeyd olunub ki, dərslər ödənişsiz təqdim ediləcək: “Seçimlərinə uyğun olaraq tələbələr dərsləri azərbaycan, türk, ingilis, rus dillərində dinləyə bilərlər. Yekunda tələbələrin istəyinə uyğun olaraq onlara dinlədikləri dərslər barədə müvafiq sənəd verilə bilər. UNEC-də distant dərslərə qoşulmaq üçün http://kabinet.unec.edu.az/ səhifəsinə və bununla əlaqədar təlimatla tanış olmaq üçün shorturl.at/ptzB5 səhifəsinə müraciət etmək lazımdır. Hər birinizə uğurlar arzu edirəm”.