ŞƏXSİ ƏDAVƏT VƏ MƏMUR ÖZBAŞINALIĞI: Qanunsuz göstərişlər və dağıdılmış bir həyat

Baxış sayı:
1669

Mənim yaşadıqlarım birbaşa olaraq icra başçısı Əziz Əzizovun qanunsuz göstərişləri və şəxsi maraqları nəticəsində baş verib. Uzun illər zəhmətlə qurduğum təsərrüfat və sahibkarlıq fəaliyyətim onun mənə qarşı bəslədiyi şəxsi kin-küdurət səbəbindən dəfələrlə məhv edilib.
2009-cu ildən etibarən mən bu təzyiqlərin qurbanı olmuşam. Belə ki, onun qanunsuz göstərişini yerinə yetirmədiyim üçün, o, mənimlə şəxsi ədavət aparmağa başladı. Dəfələrlə mənə məxsus əmlaklar onun göstərişi ilə mənimsənildi, döyülərək ağır işgəncələrə və təhqirlərə məruz qaldım və hətta öz təsərrüfatımı qorumaq üçün dəfələrlə rüşvət verməyə məcbur edildim, lakin bütün bunlar belə məni xilas etmədi.
Sonradan Cəlilabad rayonundakı bütün əmlakımı sataraq Bakıda yeni bir iş qurmağa çalışsam da, Əziz Əzizovun yaşadığım Bakı Şəhəri Yasamal rayonuna icra başçısı təyin olunması ilə problemlər yenidən başladı. Mənim obyektim bağlandı və fəaliyyətimə son qoyuldu. Bu, artıq təsadüf deyildi - bu, məqsədli şəkildə mənim iqtisadi fəaliyyətimin məhv edilməsi idi.
Əziz Əzizovun mənə qarşı həyata keçirdiyi bu hərəkətlər açıq şəkildə vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz tələb və məmur özbaşınalığının nümunəsidir. Mən dəfələrlə hüquqi yollara əl atsam da, Prezident Adminstrasiyasına məktublar göndərsəm də heç bir müsbət nəticə əldə edə bilmirəm, tam əksinə yenidən ağır təzyiq və məhrumiyyətlərə məruz qalıram.

Çox böyük təəssüf hissi ilə bildirirəm ki, bizim ölkəmizdə sahibkarların, hətta sıravi insanların belə hüquqları qorunmur. Mənim kimi yüzlərlə insan, eləcə də sahibkarlar belə harınlamış məmurların şəxsi eqolarının, acgözlüklərinin qurbanına çevrilir və dövlət orqanları buna göz yumur.
Düşünürəm ki, bu məsələni ictimailəşdirərək, həm özüm üçün, həm də hüququ ayaqlar altına atılmış, şəxsi ambisiyaların qurbanı olmuş bir çox sahibkar üçün ümid işığı olacam. Çünki mənim yaşadıqlarım bir icra başçısının harınlığının, bir insanın həyatını necə alt-üst etdiyinin açıq sübutudur. İnanıram ki, aidiyyəti qurumlar bu məsələyə biganə qalmayacaqlar.
Pərviz Məmmədov,
Sahibkar