Sumqayıt Travmatalogiya Xəstəxanasının həkimi əməliyyat etdiyi xəstəni şikəst qoydu – ŞOK İDDİA

Baxış sayı:
14104

Sumqayıt şəhəri, 21-ci məhəllə, ev 13/52-nin qarşısındakı həyət evindən yaşadığını bildirən İsmayılov Asif Cavanşir oğlu tərəfindən redaksiyamıza şikayət daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“57 yaşım var. 22.02.2023-cü ildə Sumqayıt Travmatalogiya Xəstəxanasında həkim Emin Yaqubov tərəfindən boyun onurğa əməliyyatı olmuşam. O, mənə boş yerə 3 ay 8 gün ümid verərək, xəstəxanada yatızdırdı. Sonra məlum oldu ki, uğursuz əməliyyat edib. Hansı ki, ayağımla xəstəxanaya getsəm də, araba ilə qayıtdım”.

Hazırda 1-ci qrup əlil olduğunu deyən şikayətçinin sözlərinə görə, 8 aydan sonra vəziyyəti daha da pisləşib: “Bundan sonra Bakıda, Əhmədlidə yerləşən Neyrocərrahiyyə Xəstəxanasına müraciət etdim. Sağ olsun, Rasim həkim məni əməliyyat edib, ölümdən qurtardı. Amma şikəstliyim yenə də qalır. Məni bu günə salan Emin Yaqubov bir dəfə də olsun mənimlə maraqlanmır.

Sumqayıt Travmatalogiya Xəstəxanasında olan özbaşınalıqla bağlı baş həkim Rauf həkimə, Səhiyyə Nazirliyində Səkinə xanıma, TƏBİB-ə, Respublika Prokurorluğuna müraciət etdim. Üstəlik, ərizə ilə Prezident İlham Əliyevə də müraciət etmişəm. Lakin heç bir tədbir görən yoxdur.

Sizdən xahiş edirəm ki, mənim müraciətimi işıqlandırın, bəlkə aidiyyəti qurumlar bir tədbir görər”.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.