Səudiyyə Ərəbistanına pis xəbər: SANKSİYA TƏTBİQ OLUNACAQ

Baxış sayı:
4174

“Vaşinqton Post”-un Səudiyyə müəllifi Camal Qaşıqçı-nın 2 oktyabrda ölkəsinin İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itməsi ilə başlayan və Ər-Riyadın tam 18 gün gözlədikdən sonra "Qaşıqçı konsulluqda baş verən davada öldü" açıqlaması ilə davam edən xaos prosesi, Səudiyyə Ərəbistanına sanksiya tələblərini gündəmə gətirib.
 
Bu tələblər, Almaniyanın Ər-Riyada qarşı silah satışlarını Qaşıqçı cinayəti tam aydınlaşana qədər təxirə salması ilə özünü göstərdi. Alman hökuməti, aldığı qərarla kifayətlənməyib, başqa Avropa Birliyi (Aİ) ölkələrini daha güclü bir təpki üçün Səudiyyə Ərəbistanına silah idxalını dayandırmağa dəvət edib.
Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp, Səudiyyə Ərəbistanla ötən il imzalanan 100 milyard dollarlıq silah müqaviləsinin Qaşıqçı-nın öldürülməsi səbəbindən pozulmasını istəmədiyini açıq şəkildə söyləyərək digərlərin fərqini bir daha ortaya qoydu.
Səudiyyə müqavilə çərçivəsindəki silahları Çin və ya Rusiyadan da ala biləcəyinə işarə edən Tramp, məsələni Amerikanın rifahına bağlayaraq Ər-Riyada silah satışı xaricində başqa sanksiyalar tətbiq edilə biləcəyini deyib.
 
Konqres, xarici ölkələrə silah satışını dayandırma hüququna malikdir
 
ABŞ Konqresinin aparıcı üzvləri, Ağ Evin əksinə, Səudiyyə Ərəbistanına başda silah satış qadağası olmaqla, müxtəlif sanksiyalar tətbiq olunmasını dəstəkləyir.
Belə ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin 11 Demokrat və 11 Respublikaçı senatoru, Trampdan, Qaşıqçı-nın öldürülməsi ilə nəticələnən prosesin "Qlobal Magnitsky İnsan Haqları Məsuliyyət Haqqında Qanun" çərçivəsində araşdırılmasını və məsuliyyət daşıyanlara sanksiya tətbiq olunmasını tələb edib.
ABŞ Senatının xarici ölkələrlə həyata keçiriləcək silah satışlarını, Xarici Əlaqələr Komitəsinin məsləhətilə baş verdiyini nəzərə alanda, Səudiyyə Ərəbistanına yönəlik silah satışlarının qadağan edilməsi olduqca mümkün görünür.
Konqresin Demokrat üzvlərindən Cim Mcgovern, Qaşıqçı hadisəsi səbəbiylə Səudiyyə Ərəbistanına bütün silah satışları və hərbi yardımların dayandırılması üçün ABŞ Nümayəndələr Məclisinə qanun layihəsi təqdim edib.
 
Konqres, Trampı Rusiya sanksiyalarındakı kimi sıxışdıra bilər
 
Səudiyyə Ərəbistanına qarşı sanksiyalar məsələsində ABŞ Konqresi ilə Ağ Ev arasında olan fikir ayrılığından hansı tərəfin üstün çıxacağına isə ötən il Rusiya sanksiyaları baxımından baş verənlər işıq sala bilər.
Qeyd edək ki, Respublikaçıların nəzarət etdiyi ABŞ Konqresinin, ötən ilin iyul ayında böyük əksəriyyətlə qəbul etdiyi bir qanun layihəsi, ABŞ prezidenti Donald Trampın sanksiyalar məsələsində mütləq səlahiyyətindən imtina etməsini təmin etdi. Tramp, Rusiyaya qarşı sanksiyalar məsələsində atacağı hər addımda Konqresdən icazə almasını tələb edən qanun layihəsini qəbul etmək məcburiyyətində qalmışdı.
Mütəxəssislər, Konqresin, Qaşıqçı-nın öldürülməsi səbəbiylə Səudiyyə Ərəbistanı məsələsində də analoji mövqe nümayiş etdirərək Tramp rəhbərliyini küncə sıxışdıracağını düşünür.
Konqresin, bu yoldakı ilk addım kimi qiymətləndirilən istintaq tələbinə cavab vermək üçün Ağ Evə tanıdığı 120 günlük müddət, gələcək fevral ayının əvvəlində başa çatacaq.
Müxalifət.az