SSRİ bayrağı qaldıran Səmədovdan İLGİNC IFADƏ

Baxış sayı:
259

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilmiş İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. Hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən Saleh Səmədov sərbəst ifadə verib. O, məhkəmədə irəli sürülən ittihamlar üzrə özünü qismən təqsirli bildiyini deyib. Məhkəmə baxışı zamanı Saleh Səmədovun ifadəsinin cinayət işinin digər epizodları ilə müqayisəli şəkildə araşdırılması qərara alınıb.

Keçmiş rayon Ağsaqqallar Şurası sədri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilir.

İş üzrə əvvəlki məhkəmə iclasında dövlət ittihamçısı Fuad Musayev ittiham aktını elan etmişdi. İttihama əsasən, Saleh Səmədov tutduğu vəzifədən istifadə etməklə ümumilikdə 200 min manat məbləğində vəsaiti mənimsəyib.

Təqsirləndirilən şəxs mənimsəmə ittihamı üzrə özünü qismən təqsirli bildiyini, lakin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi – vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamını qəbul etmədiyini bildirib. Məhkəmədə məlum olub ki, dəymiş ziyanın 44 min manatı artıq ödənilib.

Saleh Səmədovun adı ilk dəfə 2025-ci ilin may ayında İmişlinin Sarıxanlı kəndində keçirilən 9 May – Faşizm üzərində Qələbə Gününə həsr olunmuş tədbirdən sonra ölkə gündəminə gəlmişdi.

Həmin tədbirdə SSRİ bayrağının nümayiş etdirilməsi və Saleh Səmədovun sinəsində Rusiyanın imperiya simvollarından hesab olunan "Georgi lenti" ilə çıxış etməsi geniş ictimai müzakirələrə səbəb olmuşdu. Tədbirdə, həmçinin sovet dövrünün məşhur "Den Pobedı" ("Qələbə Günü") mahnısı səsləndirilmişdi. Hadisədən sonra mediaya açıqlama verən Saleh Səmədov SSRİ bayrağının nümayişində qanunsuz heç nə görmədiyini bildirmişdi.

"SSRİ kimi böyük dövlət olub, onun bayrağıdır. Bu bizim tariximizdir. Biz o bayrağın altında böyümüşük. "Georgi lenti" də həmin müharibənin rəmzidir. Azərbaycan bayrağından uca bayraq yoxdur", - deyə o, həmin vaxt bildirmişdi.

Bu açıqlamalar cəmiyyətdə ciddi rezonans doğurduqdan sonra Saleh Səmədovun fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılmağa başlanılıb. Sonradan onun barəsində cinayət işi başlanıb, istintaq aparılıb və DTX tərəfindən həbs edilib.
Araşdırmalar dövründə onun fəaliyyətində maliyyə pozuntuları və vəzifə səlahiyyətlərindən istifadə ilə bağlı müxtəlif epizodların istintaq predmetinə çevrildiyi açıqlanıb. Bundan başqa, Saleh Səmədovun övladları da tutduqları dövlət vəzifələrindən azad ediliblər.

Qeyd edək ki, Saleh Səmədov 2025-ci il mayın 13-də İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib. Cinayət işi üzrə növbəti məhkəmə iclası iyulun 1-nə təyin olunub.