Sərdar Cəlaloğlu: “Müsavatın dialoqda iştirak etməməsinin səbəbi başqadır”

“Əli Kərimli və Cəmil Həsənlinin iqtidar-müxalifət dialoqunda iştirakının tərəfdarı deyiləm. Onlar yalnız kimisə yaxşı təhqir edə bilərlər. Bu isə siyasi dialoq üçün məqbul yol deyil, dialoq əməkdaşlıq tələb edir”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.

O, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənlinin iqtidar müxalifət dialoquna qatılmamasına münasibət bildirərək, əslində bunun absurd olduğunu vurğulayıb: “Onların münasibəti göstərir ki, bu adamların dialoqda iştirakı absurddur. Biz bu adamların siyasi potensialına və ölkədəki problemlərin həlli üçün mütərəqqi təklif vermək imkanının olmadığına bələdik”.

S. Cəlaloğlu Müsavat Partiyasının iqtidar-müxalifət dialoqunda iştirak etməməsi ilə bağlı göstərdiyi səbəbi əslində siyasi konyuktura adlandırıb: “Mənə elə gəlir ki, Müsavat Partiyasının iqtidar-müxalifət görüşündə iştirak etməməsinin səbəbi başqadır. Məncə, bu, partiyanın daxilində gedən proseslərlə bağlıdır. Çünki Müsavat Partiyası hazırda böhran yaşayır. Böhranlı vəziyyətdə də partiyanın ciddi addımlar atması, qərarlar qəbul etməsi müəyyən mənada fəsadlar yarada bilər deyə, onlar ehtiyatlı mövqe tutur və çalışırlar ki, partiyadaxili böhran dərinləşməsin”.

Xatırladaq ki, AXCP və Müsavat Partiyası iki dəfə baş tutan iqtidar-müxalifət dialoquna qatılmaqdan imtina edib. Müsavat Partiyası bunun səbəbini müzakirə olunacaq mövzuların müəyyənləşməməsi ilə əlaqələndirib.