Solovyov üzr istədi - “Həddindən artıq emosional idim...”

Baxış sayı:
304

Aprelin 14-də Monakoda yaşayan, lakin Rusiyada popular olan Viktoriya Bonya adlı rusiyalı bloqer Putinə "xalqın adından" müraciət edərək, hakimiyyətin fəaliyyətini tənqid etmişdi. Bu müraciət Rusiyada geniş müzakirələrə səbəb olmuşdu.

O, beş problemi sadalayaraq rusiyalıların Putindən qorxduğu üçün bu məsələləri qaldırmadıqlarını demişdi. Lakin özünün Putindən qorxmadığını əlavə edən Bonya Kremli bu problemlərin həllinə çağırmışdı.

Onun bu müraciətinə ən kəskin reaksiya verənlərdən biri Kremlin əsas təbliğatçısı sayılan Vladimir Solovyov olub. Bloqeri “fahişə” adlandıran Solovyov onun “çirkli ağzını açıb danışmağa” haqqının olmadığını demişdi. Buna oxşar daha bir açıqlamanı deputat Vitali Milonov da verərək, Bonyanı təhqir etmişdi.

Muxalifet.az xəbər verir ki, Vladimir Solovyov bu gün Viktoriya Bonyanı öz efirinə dəvət edərək, onu təhqir etdiyinə görə üzr istəyib: “Bəli, əlbəttə ki, üzr istəməliyəm. Tamamilə haqlısan. Əlbəttə ki, həddindən artıq emosional idim və təbii ki, dediklərimin arxasındakı motivasiyadan və nə üçün deməyimdən asılı olmayaraq, efirdə dediyim sözlərə daha diqqətli yanaşmalı idim".

Qeyd edək ki, müşahidəçilər Bonyanın müraciətinin yaratdığı əks-sədadan Kremlin narahat olduğunu və Solovyovun da buna görə bloqerdən üzr istəməyə məcbur edildiyini bildirirlər.