Səhiyyə Nazirliyi qripə qarşı hücuma keçir

Baxış sayı:
13036

Yeni tədris ilinin başlaması ilə övladını məktəbə göndərən valideynlərin qayğıları da artdı. Və bu qayğılar yalnız keyfiyyətli təhsil, çantaların ağırlığı, yaxud uşağın məktəbdə qidalanması ilə yekunlaşmır. Hava soyuyur və fəsil dəyişikliyi ilə əlaqədar bəzi xəstəliklər də yayılır. Xüsusilə də günün yarısını məktəbdə keçirən uşaqlar bir-biri ilə yaxın təmasda olduqlarından daha tez yoluxurlar. Şagirdlərin sağlamlığının qayğısına qalmaqda əsas yük isə təkcə valideynlərin deyil, həm də məktəblərdəki tibb kabinetlərində çalışan həkimlərin, tibb bacılarının üzərinə düşür. Bəs tibb kabinetlərində müəllim-şagird kollektivinə yardım göstərməyə şərait varmı? Yaxud tibb kabinetlərinin dərmanla təminatı nə yerdədir? Haqqın.az-ın əməkdaşları bu suallara cavab tapmaq üçün məktəblərdəki tibb kabinetlərində həkimlərin iş prosesini izləyiblər. Səhiyyə Nazirliyindən tapşırıq... Yasamal rayonundakı 153 saylı məktəbə çatanda saat 7:45-i göstərir. Həkim və tibb bacısı giriş qapısında sıra ilə düzülən uşaqları yoxlayırlar. Çox keçmir ki, 5 saylı uşaq poliklinikasının baş həkimi Ediliya Hüseynova da məktəbə gəlir. Öyrənirik ki, Səhiyyə Nazirliyinin tapşırığı ilə oktyabrın 1-dən məktəblərdə profilaktika məqsədilə nəzarət gücləndirilib. Dərs başlanmazdan uşaqlar yoxlanılır, yüksək temperaturu olan, yaxud qripin əlamətləri müşahidə edilən şagirdlərə tibbi yardım göstərilir. Nisbətən yaxşı olanların vəziyyətini nəzarətdə saxlamaqla dərsə buraxılır, digərlərinin valideynləri məktəbə çağırılır və poliklinikalara yönəldilir. E.Hüseynova deyir ki, nazirliyin tapşırığı ilə məktəblərdə tibbi xidmətin keyfiyyətinə nəzarət edirlər, elə məktəbə gəlişinin məqsədi də budur. Hər bir poliklinika tabeliyində olan tibb kabinetlərini dərs ili boyunca lazımi preparatlarla vaxtlı-vaxtında təmin edir. Baş həkim deyir ki, buna baxmayaraq ayda ən azı bir dəfə dərmanla təminat, yaxud dərmanların saxlama şəraitini öyrənmək məqsədilə məktəblərə baş çəkirlər. Həkim uşaqları müayinə edir, E.Hüseynova isə şkafdakı dərmanların yararlılıq tarixini yoxlayır, burada xeyli preparat var, hamısı da istifadəyə yararlıdır. Həkim Gülnarə Salahova söyləyir ki, ağrıkəsici, qızdırma salan, hətta şok əleyhinə dərmanları var. Dərs ili başlamamışdan uşaqların siyahısı müəyyənləşdirilib, ehtiyac olduğu qədər də dərman alınıb. “Birincilər məktəbə gələrkən tibbi müayinədən keçirilirlər, 2-5- ci siniflərdə təhsil alanları isə dərs başlayan kimi qurd xəstəliklərinə qarşı müayinə olunurlar. Şagirdlərin peyvənd olub-olmadıqları da ayrıca və ciddi yoxlanılır. 9 və 10-cu sinif şagirdləri isə ildə bir dəfə rentgen müayinəsindən keçirlər”,- həkim məlumat verir. Valideyn məsuliyyətsizliyi... Qapı astaca döyülür, 7-ci sinifdə təhsil alanlardan biri baş ağrısından şikayətlənir. Həkim əvvəlcə onun hərarətini yoxlayır, sonra fenandaskopla ürək döyüntüsünü, ciyərini müayinə edir. Bəlli olur ki, uşağın temperaturu 37.7-dir. Həkim dərman verir, tibb bacısı anasına zəng vurur. Məlum olur ki, ana uşağın xəstə olmasından xəbərdardır, sadəcə işlədiyi üçün övladına vaxt ayıra bilməyib. Məktəbə gəlmək əvəzinə tibb bacısına qızdırmanın qalxacağı təqdirdə təcili yardım çağırmağı məsləhət görür. G.Salahova təəssüflə qeyd edir ki, belə valideynlər çoxdur. Amma valideynin iştirakı olmadan da uşağı məktəbdən tək göndərmək olmaz. Buna görə də dərs saatının sonunadək uşağı nəzarətdə saxlayacaqlar. 31 saylı məktəbdə vəziyyət... Saat 10:00-dur və növbəti səfərimiz 31 saylı məktəbədir. Poliklinikanın baş həkimi deyir ki, xəbər vermədən getməyin bir üstünlüyü var, həkimin vəzifəsini necə yerinə yetirdiyini şahidi olacağıq. Əvvəlcə məktəbin həyətində dayanan uşaqlarla söhbətləşirik. 4-cü sinif şagirdi Günel Məmmədova deyir ki, dünən qarnı bərk ağrıyıb, həkim də onun qarnını dərmanla masaj edib. Həkim kabineti məktəbin ən böyük sinif otağında təşkil edilib, uşaqların müayinəsi üçün yataq, ayrıca iki şkaf qoyulub. Şkafların birində dərmanlar, digərində tibbi müayinədən keçmiş şagird və müəllimlərin sənədləri yığılıb. Həkim deyir ki, müəllimlər ildə 1 dəfə, məktəbin bufetində işləyənlər isə ildə 2 dəfə hərtərəfli müayinədən keçirlər. E.Hüseynova dərmanların yığıldığı şkafı yoxlayır, travmalar zamanı ilkin yardım üçün sarğılar, ağrıkəsicilər, qrip əleyhinə, təzyiqsalıcı dərmanlar var. “Uşaqların əsas şikayəti baş ağrıları, qarın, mədə sancısı olur. Əksəriyyəti ilə danışanda bəlli olur ki, dərsə heç nə yemədən gəliblər”,-həkim məlumat verir. Onu da əlavə edir ki, təcili yardım həkimləri gələnə kimi ilkin tibbi yardım göstərmək üçün bütün şərait var. Məsələn, uşaq yıxılıb travma alırsa yaranın ətrafı sarğı ilə sarınır, sonra cərraha yönəldilir: “Uşaqlardan birinin əlində yarası vardı, qəflətən tikiş açılıb. Anasına xəbər verdik, amma o gələnə kimi gec ola bilərdi. Məktəbin direktoru ilə birgə cərraha apardıq, yenidən tikiş qoydular. Bəzən belə təcili yardım lazım olur”. Bu arada, həkim bir neçə uşağı müayinə edir, aralarında birincilər də var. Hamısı da qarın ağrısından şikayətçidir. E.Hüseynova isə söyləyir ki, nazirliyin tapşırığı ilə poliklinikalarda briqada yaradılıb, ildə bir neçə dəfə məktəblərə gedərək uşaqları hərtərəfli müayinələrdən keçirirlər. Uşaqlarda xəstəlik aşkarlandığı təqdirdə mütəxəssislərin yanına göndərirlər. Virusun qarşısını almaq üçün siniflərdə sistem quraşdırılıb 1500-dən çox şagirdin təhsil aldığı Nəsimi rayonundakı 164 saylı məktəbdə bütün sinif otaqlarında havalandırma sistemi quraşdırılıb, hava xüsusi qurğular vasitəsilə daim təmizlənir və beləcə, virusun yayılmasının qarşısını almaq mümkün olur. Amma buna baxmayaraq hər gün dərs başlamamışdan şagirdlər müayinə olunurlar. Direktor Kəmalə Qədirova deyir ki, dərs ili başlayandan hələlik uşaqlar arasında ciddi xəstəlik qeydə alınmayıb. 1 saylı poliklinikanın baş həkimi Ceyran Məmmədova isə deyir ki, məktəblərdə şagirdlərin illik müayinə cədvəli təsdiqlənərək məktəblərə təqdim edilib. Noyabrin 2-dən poliklinikanın həkimlərindən ibarət briqada 164 saylı məktəbin şagirdlərini müayinədən keçirəcək. Briqadanın tərkibinə lor, cərrah, nevropotoloq, pediatr, kardioloq, oftalmoloq daxildir. C.Məmmədova dərmanların yararlılıq müddətinin bitib-bitmədiyini yoxlayır. Həkim Ruhəngiz Əliyeva deyir ki, onların dərman ehtiyatı var, bu baxımdan heç bir çətinlikləri yoxdur. Uşaqlara verilən dərmanların adı və istehsal tarixi, eləcə də verilmə tarixi məktəb direktorunun imzası ilə möhürlənmiş dəftərə yazılır. “Valideyn gəlib övladına hansı dərman verildiyi ilə maraqlana bilər. Biz işimizi hər ehtimala qarşı ehtiyatlı tuturuq”,-həkim söyləyir. Poliklinikanın baş həkimi isə əlavə edir ki, risk qrupuna daxil olan uşaqların, məsələn, şəkərdən əziyyət çəkənlərin, vərəmli xəstə ilə təmasda olmuşların siyahısı hazırlanıb. Bu uşaqlar nəzarətdə saxlanmaqla yanaşı, təkrar müayinədən də keçiriləcəklər. “Bizim işimiz ağırdır, gün ərzində uşaqları müayinə etmək, ailələrini məlumatlandırmaq lazım gəlir. Ailələr də müxtəlifdir, bəzən uşaq xəstələndiyi üçün biz narahat oluruq, amma valideynlər önəm vermirlər”,-bunu isə tibb bacısı Gülçöhrə İsmayılova deyir və əlavə edir ki, bəzən uşaqları məhz onlar ağır vəziyyətdən çıxarsalar da, həmişə gölgədə qalırlar. Zəng çalınır, bugünkü dərslər başa çatır. Direktorla həkim isə birinci mərtəbəyə tələsirlər. İlk dərsdə özünü pis hiss edən iki şagird təkrar müayinə olunacaq ki, yolda vəziyyətləri pisləşməsin.