“Səfər Əbiyev ölkəni özbaşına tərk etməyib”

Üzeyir Cəfərov: “Bu məsələyə aydınlıq gətirmədiklərindən mətbuat daha çox məlumat yayır”

Son günlər mətbuatda sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə bağlı ilginc məlumatlar yayılır. Bəzi iddialara görə, keçmiş nazir Azərbaycanı tərk edərək Çexiyadan sığınacaq alıb. Azərbaycanda uzun illər müdafiə naziri postunu tutan S.Əbiyevin mühacirətə getməsi mümkündürmü?

Hərbi ekspert Üzeyir Cəfərov AzVision.az-a açıqlamasında bildirib ki, hərbi qulluqçuların icazəsiz ölkə hüdudlarını tərk etmək hüququ yoxdur. Bu qanunla tənzimlənir.

Ekspertin sözlərinə görə, eks-nazir yalnız xidməti ezamiyyətlərə və məzuniyyət vaxtı komandanlığın icazəsi ilə ölkə ərazisini tərk edə bilər:

“Keçmiş müdafiə naziri Səfər Əbiyev sıravi bir vətəndaş deyil. O, ehtiyyatda olan general-polkovnikdir və 20 ilə yaxın Azərbaycanın müdafiəsinə, təhlükəsizliyinə bağlı olan məsələləri dərindən bilən şəxsdir. Bildiyim qədəri bu müddət ərzində ölkə ərazisini tərk etməsi baş verib. Düşünürəm ki, bu özbaşına olmayıb. Ölkə hüdudlarından kənara çıxması aidiyyatı orqanlardan aldığı icazə əsasında olub. Bu məsələ mətbuatın gündəminə gələndən rəsmilər nədənsə susur. Bu məsələyə aydınlıq gətirmədiklərindən mətbuat daha çox məlumat yayır. Həmçinin həqiqətə uyğun olan və olmayan fikirlər səslənir. Bu heç də xoşa gələn hadisə deyil”.

Hərbi ekspert bildirib ki, ölkəmiz müharibə şəraitindədir və belə bir hadisə varsa, təcili hansısa addımlar atılmalıdır:

“Keçmiş nazir məxfilik dərəcəsi yüksək olan məlumatlara malik bir şəxsdir. Əgər o, ölkə hüdudlarından kənardadırsa, asanlıqla xarici xüsusi xidmət orqanları tərəfindən oğurlana bilər, işgəncələr və təzyiq altında dövlət, hərbi sirlər ondan alına bilər. Hazırda dünya çox qloballaşıb və biz istənilən hadisəyə hazır olmalıyıq. Hadisələri dramatikləşdirmək istəmirəm, amma bu sıradan bir məsələ deyil. Ümumilikdə hərbi qulluqçuların məxfilik sənədlərinə girişi var. Bu baxımdan müəyyən müddətə ölkə ərazisini tərk edə bilməzlər. Bu müddət bir sıra dövlətlərdə 5 il nəzərdə tutulub. Bu məsələ qanunla tənzimlənir”.

Qeyd edək ki, son günlər ölkə mətbuatında Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə xəbərlər yer alıb.