“Seçkidə iki qüvvənin üz-üzə dayanmasını istəyirik”

Sərdar Cəlaloğlu: "Müxalifət parlament seçkilərində birgə iştirak üçün danışıqlara başlayıb"
“Azərbaycan müxalifəti qarşıda gələn parlament seçkilərində birgə iştirak istiqamətində danışıqlara başlayıb”.
Bunu Moderator.az -a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, hazırda Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzində yaradılan işçi qrup Milli Şura, kənarda qalan müxalifət partiyaları ilə danışıqlara başlayıb: “Məqsəd müxalifətin qarşıda gələn parlament seçkilərində düzgün konfiqurasiyasında iştirakını təmin etməkdən ibarətdir. Bu görüşlərdə müxalifətin parlament seçkilərində iştirak məsələsinə aydınlıq gətirir. Mənə elə gəlir ki, müxalifət ilk olaraq bu məsələdən başlamalıdır. Digər məsələlərin həlli bundan asılı olacaq.”
S.Cəlaloğlu hesab edir ki, müxalifət seçkidə mümkün qədər geniş koalisiyada iştirak edərsə daha effektli olar:”Yəni biz müxalifətin mümkün qədər birgə iştirakına nail olmaq istəyirik. Seçkidə iki qüvvənin üz-üzə dayanmasını istəyirik. Əks təqdirdə qüvvələr parçalanacaq.”
Milli Şuranın və AXCP-nin ayrıca seçkilərdə iştirakı ilə bağlı mövqeyinə gəldikdə isə S. Cəlaloğlu bildirdi ki, deyir kasıbın bir iti oldu, adını “brilyant” qoydu: “İndiki məqamda özlərinə nə ad qoymağın məsələyə nə aidiyyatı var?! Həqiqi müxalifət bizik. Biz seçkiyə gedirik. Heç müxalifət adını daşımırıq. Seçkiyə gedib bitərəf kimi çıxış edəcəyik.”
ADP lideri onu da əlavə etdi ki, müxalifətçilik məgər şərəfli bir işdir ki, hamı onun uğrunda mübarizə aparasın: “Camaat hakimiyyət uğrunda mübarizə aparır. Bunlar da müxalifət olmaq uğrunda mübarizə aparır. Aparsınlar və əbədi olaraq müxalifətdə qalsınlar. Yəni bu məsələlər boş şeylərdir. Ucuz və dəyərsiz məsələlərdir. Onda belə çıxır ki, müxalifət olmayanların hamısı xalqın düşmənidir. Yoxsa müxalifətdə olanların hamısı xalqın dostudur. Biz müxalifətdə olub xalqını xarici ölkələrə satan , Azərbaycanın maraqlarına ziyan vuranı az görmüşük, və yaxud da hakimiyyətdə olub xalqı, milləti üçün çalışan insanlar yox dərəcəsindədir. Yəni, bunların hamısı gülünc məsələlərdir. İnsanın müxalifətdə, iqtidarda olmasının məsələyə heç bir aidiyyatı yoxdur. Əgər sən həqiqətən millətini, dövlətini sevirsənsə iqtidarda da olsan, müxalifətdə də xalqa xidmət edəcəksən. Yox əgər belə bir hiss yoxdursa sənin müxalifətdə olmağın nəyə dəyər.”
S.Cəlaloğlu partiyasının növbəti seçkilərdə blok şəklində getməyə üstünlük verdiyini bəyan edib.