ƏSƏDOVUN BAŞ NAZİR KİMİ İLK AÇIQLAMASI – “Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib”

Baxış sayı:
7474

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsindən sonra çıxış edib. “Report” xəbər verir ki, o, çıxışında göstərilən yüksək etimada görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirib. Ə.Əsədov qeyd edib ki, müasir Azərbaycan müstəqillik illərində böyük uğurlar qazanıb: “Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı titanik inkişaf yolu keçib. Dövlətimizin başçısının rəhbərliyi ilə bir sıra qlobal layihələr reallaşdırılıb. Qeyri-neft sektoru inkişaf edir. Azərbaycan kosmik ölkələr ailəsinə daxil olub”. O bildirib ki, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 46 milyard dollara çatıb: “Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sahəsinə yatırılması da böyük imkanlar yaradıb”. Əli Əsədov qeyd edib ki, əsas problem doğma Qarabağın işğal altında olmasıdır: “Ermənistan rəhbərliyinin populist çıxışına Azərbaycan Prezidenti tərəfindən layiqli cavab verilib. Qarabağın azad edilməsi üçün hərbi imkanlarımızın artırılması hər zaman Prezidentin əsas prioriteti olub”. Əli Əsədov həmçinin bildirib ki, əmək haqları 2,4, pensiyalar isə 3 dəfə artırılıb. O xatırladıb ki, sosial iqtisadi problemlərin həlli üçün son dövrlər ciddi işlər görülür, əmək haqları, təqaüdlər artırılır. Milli Məclisin sədri Oqtay Əsədov çətin və məsuliyyətli işində Əli Əsədova uğurlar arzulayıb. Çıxışdan sonra yeni Baş nazir Milli Məclisi tərk edib.