Aksiyada saxlanılanlar var

Baxış sayı:
591

Bu gün ölkənin ictimai-siyasi təşkilatlarının gəncləri və bir sıra gənclər təşkilatlarının təşkilatçılığı ilə orduda əsgər ölümlərinə etiraz əlaməti olaraq keçirilən yürüş-mitinq insidentsiz ötüşsə də, yürüş-mitinqdən sonra aksiya iştirakçıları dağılışdığı zaman hakimiyyət əleyhinə şüarlar səsləndirməsi polis qüvvələrini sözün əsl mənasında qəzəbləndirib. Kütləyə hücum edən polis və mülki geyimli qoçu dəstələri ilə aksiya iştirakçıları arasında qarşıdurma yaranıb.
Qarşıdurma zamanı onlarla aksiya iştirakçısı polis əməkdaşlarının zorakılığına məruz qalaraq döyülərək bədən xəsarətləri alıb. Bir neçə nəfər aksiya iştirakçısı isə həbs olunaraq Yasamal Rayon Polis İdarəsinə aparılıb. Həbs olunanlar arasında digər müxalifət partiyaları ilə yanaşı ADP üzvləri də olub. Aldığımız məlumata görə ADP üzvü Mirzəka Osmanlı da həmin qarşıdurma zamanı polis və mülki geyimli şəxslər tərəfindən döyülən və saxlanılaraq polis idarəsinə aparılanlar arasında olub. O, polis idarəsində axşam saatlarına qədər saxlanılaraq işgəncələrə məruz qalmasından sonra barəsində saxta ittihamlarla protokol tərtib edilərək məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, ADP-çi gənc polisə müqavimət göstərməkdə təqsirli bilinir. Halbuki, polis və mülki geyimli şəxslər tərəfindən fiziki zorakılığa və işgəncələrə məruz qalan aksiya iştirakçılarından biri Mirzəka Osmanlı olub. Məhkəmə zamanı ADP-çi gənc vəkil tələb etsə də, onun bu tələbinə əhəmiyyət verilməmiş, tələm-tələsik, heç bir məhkəmə araşdırması aparılmadan, yalnız polis orqanının tərtib etdiyi saxta protokola əsaslanaraq məhkəmə onun barəsində 5 gün inzibati qaydada həbs qərarı çıxarıb. Bu hadisə ölkədə məhkəmə və hüquq sisteminin nə qədər rəzil vəziyyətdə olduğunun və icra qurumlarının siyasi sifarişini həyata keçirdiyinin göstəricisidir.