ABŞ-dan Bakıya tələb: “Emin Hüseynovu ölkədən burax!”

Kristofer Smit və “Civil Rights Defenders” Emin Hüseynovla bağlı açıqlama verdi

ABŞ Konqresinin Helsinki Komissiyasının sədri Kristofer Smit Azərbaycan hakimiyyətini cinayət təqibindən İsveçrə səfirliyində gizlənən hüquq müdafiəçisi Emin Hüseynova ölkəni tərk etməyə icazə verməyə çağırıb.

“Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) direktoru olan Emin Hüseynov yorulmadan Azərbaycanda jurnalistləri və KİV azadlığını dəstəkləyirdi.

Prezident Əliyevə Hüseynovun İsveçrə səfirliyini təhlükəsiz şəkildə tərk edib ölkədən çıxmasına imkan vermək çağırışı ilə müraciət edirəm.

Təəssüf ki, cənab Hüseynovun təqibi hüquq müdafiəçilərinə qarşı böyük mübarizə kampaniyasının bir hissəsidir”, deyə Smit bildirib.

Öz növbəsində, Dövlət Departamentindəki mənbə “Azadlıq Radiosu – Azad Avropa”ya bildirib ki, ABŞ rəsmiləri Hüseynovun adından Azərbaycan hökuməti ilə əlaqə saxlayır, həmçinin hakimiyyəti Hüseynovun ölkəni təhlükəsiz şəkildə tərk etməsinə icazə verməyə çağırır. ABŞ Hüseynovun vətəndaş cəmiyyətində rolunu dəstəkləyir və onun hazırki vəziyyətindən narahatdır”, deyə mənbə bildirib.

ABŞ-da yerləşən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini Hüseynovun cinayət təqibinə son qoymağa və onun həbs təhlükəsi olmadan işi və sərbəst şəkildə yerdəyişməsi üçün şərait yaratmağa çağırıb.

Komitənin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Nina Oqnianova bildirib ki, hüquq müdafiəçisinin xarici səfirlikdə xilas olmağa məcbur olması Azərbaycan hökuməti üçün utancvericidir.

Xatırladaq ki, Emin Hüseynov 2014-cü ilin avqust ayından – prokurorluq ona qarşı qanunsuz sahibkarlıq və vergi ödənişindən yayınma ittihamı ilə cinayət işi açdıqdan sonra İsveçrənin Bakıdakı səfirliyində müdafiə altında yaşayır.

Bu arada “Civil Rights Defenders” beynəlxalq hüquq-müdafiə təşkilatı Azərbaycan hakimiyyətini tanınmış fəal Emin Hüseynovun üzərindən ittihamları götürməyə çağırıb.

Təşkilatın bəyanatında deyilir ki, E.Hüseynov hakimiyyətin repressiyalarından xilas olmaq üçün İsveçrə səfirliyində sığınmağa məcbur olub.

“Civil Rights Defenders” və digər beynəlxalq hüquq-müdafiə təşkilatları hesab edirlər ki, E.Hüseynova qarşı irəli sürülən vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlar siyasi motivlidir.

““Civil Rights Defenders” Azərbaycan hakimiyyətini Emin Hüseynova və Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna qarşı saxta ittihamları götürməyə çağırır”, - bəyanatda deyilir.

Muxalifet.az