RUSİYA ALOV İÇİNDƏDİR - Ukrayna dronları iki vilayətdə nəhəng bazaları və liman terminalını məhv etdi

Baxış sayı:
265

Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatları Rusiyanın Rostov vilayəti və Krasnodar diyarına kütləvi zərbələr endirib. Hücumlar nəticəsində Rusiyanın bir neçə mühüm neft və liman infrastrukturu obyekti alova bürünüb, ərazidə fövqəladə vəziyyət elan olunub.

“AzPolitika” xəbər verir ki, Rostov vilayətinin qubernatoru Yuri Slyusar Azov, Taqanroq, həmçinin Azov və Matveyev-Kurqan rayonlarının hücuma məruz qaldığını təsdiqləyib. Qubernatorun sözlərinə görə, Azov şəhərində dron zərbələri nəticəsində neft məhsullarının saxlanıldığı iki böyük obyektdə güclü yanğın başlayıb. Taqanroq şəhərində isə dəniz limanının ərazisi alova bürünüb. İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Lakin vəziyyətin ciddiliyi nəzərə alınaraq, Taqanroq hakimiyyəti fövqəladə hal zonasından əhalinin təxliyə ediləcəyini elan edib.

Rəsmi qurumlar yanan obyektlərin adlarını gizlətməyə çalışsa da, Ukraynanın monitorinq kanalları və yerli mənbələr vurulan hədəflərin dəqiq siyahısını yayıblar. Məlumata görə Azov şəhərində "Rosneft" şirkətinə məxsus "Azov" neft bazası və "DonTerminal" neft bazası (yaxud Azov Optik-Mexanika Zavodu) yanır. Taqanroq şəhərində yenə "Rosneft"ə məxsus olan və strateji əhəmiyyət daşıyan "Kurqannefteprodukt" port terminalı alovlar içindədir.

Analoji hücum Krasnodar diyarında da qeydə alınıb. Bölgənin Operativ Qərargahından verilən məlumata görə, vurulan PUA-ların qalıqlarının düşməsi bəhanəsi ilə regional əhəmiyyətli İlsk neft emalı zavodunun (NEZ) ərazisində yanğın baş verib. Rəsmilər yanğının qısa müddətdə söndürüldüyünü və xəsarət alanın olmadığını iddia edirlər. Dron qalıqlarının həmçinin fərdi yaşayış evlərinin həyətinə və digər bir müəssisənin ərazisinə düşdüyü bildirilir.

Rusiya Müdafiə Nazirliyi isə hücumun miqyasının görünməmiş dərəcədə böyük olduğunu dolayısı ilə etiraf edib. Rəsmi açıqlamada iddia olunur ki, Rusiya Hava Hücumundan Müdafiə (HHM) qüvvələri gecə ərzində ölkənin 12 regionu (Belqorod, Bryansk, Kaluqa, Kursk, Leninqrad, Novqorod, Pskov, Rostov, Smolensk, Tver vilayətləri, Moskva regionu və Krasnodar diyarı), həmçinin ilhaq olunmuş Krım və Azov dənizi akvatoriyası üzərində Ukraynaya məxsus 376 ədəd pilotsuz uçuş aparatını məhv edib. Ancaq bu qədər PUA-nın vurulması iddiasına baxmayaraq, strateji neft obyektlərinin alovlanmasının qarşısını almaq mümkün olmayıb.

Rasim Əliyev