AZƏRBAYCAN SÜLH ŞURASINA TƏSİSÇİ ÜZV OLDU - İlham Əliyev sənədi imzaladı / VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edir.
Muxalifet.az-ın məlumatına görə, Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət və hökumət başçıları sözügedən sənədi imzalayıblar.
Bununla da Azərbaycan Qəzza ilə bağlı yaradılan Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulub. Ölkəmiz Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq.
Xatırladaq ki, ABŞ Prezidenti, Sülh Şurasının sədri Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə məktub ünvanlayaraq Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində Şuraya qoşulmağa və Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edib.
Prezident İlham Əliyev isə cavab məktubunda bu dəvəti Azərbaycanla ABŞ-nin qarşılıqlı hörmətə əsaslanan faydalı tərəfdaşlığının, həmçinin Azərbaycanın regional və qlobal miqyasda sülh və sabitliyin təşviqində rolunun tanınmasının rəmzi olaraq qəbul etdiyini bildirib.




















