Rusiya Ukraynanın enerji obyektlərinə hücum planlaşdırır - KƏŞFİYYAT AÇIQLAMASI

Baxış sayı:
166

Rusiya Silahlı Qüvvələri ukraynalıları işıq və istiliksiz qoymaq üçün Ukraynanın atom elektrik stansiyalarının (AES) yarımstansiyalarına zərbə vurmaq variantlarını nəzərdən keçirir.

Bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) "Telegram" kanalında məlumat yayıb.

"Ukraynanı müharibənin dayandırılması barədə qəbuledilməz təslim tələblərini imzalamağa məcbur etmək məqsədilə Rusiya enerji sisteminin strateji obyektlərinə - Ukrayna AES-lərinin işini təmin edən elektrik ötürmə yarımstansiyalarına hücum etmək variantını nəzərdən keçirir", - məlumatda deyilir.

BKİ qeyd edib ki, bundan əvvəl Rusiya öz təzyiq kampaniyası çərçivəsində Avropa və ümumiyyətlə, Qərb ölkələrinə qarşı hədə-qorxu tədbirlərini gücləndirməyi planlaşdırır. Bu tədbirlərin məqsədi Ukraynanın dəstəklənməsinin, xüsusilə də ölkənin kritik infrastruktur obyektlərinə hücumların dəf edilməsinin qarşısını almaqdır.

Beləliklə, Moskva mülki ukraynalıları elektrik enerjisi və istiliksiz vəziyyətə salmaq istəyir.

"Moskva qeyd olunan yarımstansiyaların məhv edilməsi və ya sıradan çıxarılması yolu ilə AES-nin enerji bloklarını Ukraynanın vahid enerji sistemindən ayırmağa çalışır. Məqsəd mülki ukraynalılar tamamilə işıq və istiliksiz qoymaqdır", - BKİ-dən bildirilib.

Xatırladaq ki, 2025-ci ilin payızından Rusiya Ukraynanın enerji infrastrukturuna zərbələri bərpa edib. Bununla əlaqədar Ukraynanın bəzi şəhərləri istilik və işıqsız qalıb.