APA TV-DƏ QALMAQAL - Texniki direktor televiziyanın rəhbəri tərəfindən döyüldü

APA TV-də Texniki direktor vəzifəsində çalışan Samir Həsənov qanunsuz olaraq işdən çıxarılıb.
Muxalifet.az xəbər verir ki, buna səbəb onunla APA TV-nin rəhbəri Orxan Məmmədli arasında yaranmış qalmaqal olub.
Etibarlı qaynaqlardan əldə etdiyimiz məlumata əsasən, bir neçə gün əvvəl siyasi partiya rəhbərlərindən birinin APA TV-nin canlı yayımında ölkə rəhbərliyi əleyhinə işlətdiyi kəskin ifadələr texniki imkanlardan istifadə olunmaqla vaxtında kəsilmədiyi üçün tərəflər arasında münaqişə yaranıb. Daha dəqiq desək, O.Məmmədli efiri yarımçıq saxlayaraq, texniki heyətin otağına hücum çəkib və içəridə olan S.Həsənovu yumruq zərbələri ilə vurmağa başlayıb. Texniki direktor güclü zərbələr nəticəsində hüşunu itirərək yerə yıxılıb. Bir müddət sonra iş yoldaşları onu özünə gətiriblər.
Qeyd edək ki, Samir Həsənov baş verənləri Muxalifet.az-ın əməkdaşına açıqlamasında təsdiq edib. Onun sözlərinə görə, məlum qalmaqal Ağ Partiya sədri Tural Abbaslı ilə canlı müsahibə zamanı yaranıb: “Efir zamanı Tural Abbaslının bir neçə cümləlik fikrini kəsib çıxarmışdım. Lakin verilişin sonuna yaxın, yəni təxminən saat 12:45-də onun “hansısa məmur rüşvət alırsa, vətəndaşa zülm edirsə, günah ilk növbədə onu həmin vəzifəyə təyin edən ölkə başçısındadır” fikrini müxalif siyasətçinin sıradan tənqidi baxışı hesab etdiyimdən, həmin sözləri kəsib çıxarmağı lazım bilmədim. Bu zaman APA TV-nin rəhbəri Orxan Məmmədlinin rabitə (intercom) vasitəsilə “Karsan, yoxsa korsan? Eşitmirsən ki, ağzına gələni danışır?! Yayımı dərhal dayandır” deyə qışqırtısını eşitdim. Bundan sonra aparıcıya verilişi təcili dayandırmaq lazım olduğunu bildirdim. Təxminən 5-6 dəqiqə sonra aparıcı tamaşaçılarla sağollaşıb verilişi dayandırdı. Lakin zaman çox az olduğundan mən fürsət tapıb prezident haqda səslənən tənqidi fikri efirdən yığışdıra bilmədim. Düşündüm ki, efir bitsə də, həmin hissəni kəsim çıxarım. Bu zaman Orxan Məmmədli mənim olduğum efir otağına daxil olub sifətimə yumruqlamağa başladı. Qəfil zərbələrdən yerə yıxıldım. Bundan sonra o, məni yerdə təpikləməyə başladı. Zərbələrin gücündən bir anlıq huşsuz vəziyyətə düşmüşdüm, müqavimət göstərmək imkanım yox idi. Lakin az sonra O.Məmmədlinin söyüş və qışqırıqlarını eşidən əməkdaşların içəri daxil olduğunu hiss etdim. Onlar məni onun əlindən alıb, üzümə su vurub özümə gətiriblər”.
S.Həsənov deyir ki, hadisədən sonra yaxınlıqdakı 7 saylı şəhər poliklinikasına aparılıb və orada ilkin tibbi xidmət göstərilib və müayinə olunub.
Texniki direktor onu da dedi ki, döyülməsi ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib. O, tezliklə məsələyə hüquqi qiymət veriləcəyinə ümid edir.
Samir Həsənov onu da dedi ki, bu hadisədən sonra onu “təxribatçı” adlandıraraq, APA TV-dəki vəzifəsindən də çıxarıblar.
Xatırladaq ki, S.Həsənov 2001-ci ildən başlayaraq «Hermes Telecom» şirkətində Studiya rəisi, «ANS Commers» Teleşirkətində Kompüter qrafikası və dizayn, «ITV»-də (İctimayi Televiziya) Böyük mühəndis, «ADA»-da (Azerbaijan Diplomatic Academy) Studiya rəisi, AZTV Dövlət televiziyasında Kompüter qrafikası və dizayn, “Caspian broadcasting company” CBC-də Mühəndis-proqramçı, Televiziya mühəndisi, Kultura Plus Tv-də Texniki Direktor, APA TV-də (Azeri Press Agency) Texniki Direktor vəzifələrində çalışıb.
Muxalifet.az
Redaksiyadan: Qeyd edək ki, APA TV-nin rəhbəri Orxan Məmmədli bu haqda saytımıza danışmaqdan imtina etdi.