3 UŞAQ ANASI EVDƏN QAÇIB – Həyat yoldaşı onun tapılması üçün kömək istəyir

Baxış sayı:
10514

“O qadın kimdirsə, yoldaşımı öyrədib ki, get boşan, öz həyatını yaşa”
Astara rayonu, Ərcivan kənd sakini Feyziyev Eldar Camal oğlu tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi 3 uşaq anası olan həyat yoldaşının tapılması  üçün kömək istəyir:
“Yazaraq bildirirəm ki, 3 uşaq atasıyam. İşsizlikdən heç yerdə işləmirəm. Yoldaşım da işləmir, bu səbəbdən də bizə ünvanlı sosial yardım vermirlər. Hara gedirəm müraciətimə baxılmır.
Hazırda Bakı şəhərində qohumların birinin evinə sığınmışıq. Çarəsiz vəziyyətdəyik. Keçən ilin noyabr ayında yoldaşım uşaqları aldadıb, “atana paltar aparıram” deyərək evdən qaçıb. Həmin gündən uşaqlarım anasız qalıb. Feyziyev Nəzakət Nəcəbəli qızı 3 uşağını atıb, “qohumumdur” dediyi qadına qoşulub, evdən qaçıb. 1 ildən çoxdur ki, polis uşaqların anasını tapa bilmir.
Mən sizin qəzet və sayt vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm, yoldaşımı tapıb uşaqlarıma qovuşdursunlar. O qadın yoldaşımı aldadaraq, evdən aparıb. Narkomandır, xəstədir, hansı yoldadır bilmirəm, amma uşaqlarıma görə narahatam.
Məktəb açılıb, uşaqları məktəbə yola salmaq lazımdır. Dövlət tərəfindən heç bir yardım da almıram.
O qadın kimdirsə, yoldaşımı öyrədib ki, get boşan, öz həyatını yaşa. Polis əməkdaşlarından xahiş edirəm ki, yoldaşımın tapılmasında mənə kömək göstərsinlər. Polisə müraciət etmişəm, amma tapa bilmirlər. Mən uşaqlarımın analarına qovuşmasını istəyirəm”.
LALƏ
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.