Bakıda yaşlı qadını evindən çölə atdılar, bütün məhkəmə instansiyaları xeyrinə qərar çıxardı, amma… -ŞİKAYƏT

Baxış sayı:
16261

Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Rəhmanov küçəsi, manzil 2-də yaşayan Hüseynova Üzrə İsrafil qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəsilə Ədliyyə naziri Fərid Əhmədova müraciət edir:
“Cənab nazir!
Mən, Hüseynova Üzrə İsrafil qızı, yazaraq sizdən xahiş edirəm ki, problemimin həllinə kömək göstərəsiniz.
Bildirim ki, bu barədə dəfələrlə rəsmi qurumlara müraciət etmişik, amma təmin olunmayıb.
Belə ki, cavabdehlər Rəfiyeva İlhamə İsrafil qızı, Rafiyev Nurxan Qurban oğlu, Rafiyev Qurban Hidayət oğlu, Məmmədova  Qəmər İsrafil qızı və Məmmədova Nigar Telman qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər Şpsesi (indiki Elşan Mehdiyev) küçəsi, döngə 1, ev 18 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və mənim həmin fərdi yaşayış evinə köçürülməyim barədə qətnama çıxarılmasını xahiş etmişdim. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin 31.03.2023-cü il tarixli qətnaməsi ilə tələbim qismən təmin edilmişdir.
Məhkəmə iddia tələbini qismən təmin etməklə, yəni heç bir maddi və mənəvi haqqı olmayan, mənə aid olan evin alınması, əlavə olaraq artırılması, yaşayış sahəsinin yaxşılaşdırılması və tamiri üçün 1 manat da pul xərcləməyən, evimə qonaq kimi gəlib, sonra İlhamə bacımın külfətini evimə yığıb “sən sonsuzsan, ev nəyinə lazımdır, get qardaşıngildə yaşa”, - deyərək məni döyərək evimdən qovan Məmmədova Qəmər İsrafil qızına mənzildə yaşamaq hüququ verərək, onu mübahisəli evdən çıxarmamaqla düzgün nəticəyə gəlməmişdir. Qətnamənin həmin hissəsindən narazı qalıb, Apellyasiya şikayəti verərək Məmmədova Qəmərin də həmin mübahisəli evdən çıxarılması barədə yeni qətnama qəbul edilməsini xahiş etmişdim. 22 avqust 2023-cü il tarixində Bakı Apellyasiya Məhkəməsində işə baxıldı və mənim iddiam təmin olundu.
Sabunçu Rayon Məhkəməsinin qətnaməsi həmin hissədə ləğv edildi və Məmmədova Qəmər İsrafil qızının da mübahisəli evdən çıxarılması haqqında qətnamə qəbul olundu.
26 dekabr 2023-cü il tarixdə Azarbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasında yenidən işə baxıldı. Məmmədova Qəmər İsrafil qızı və digərlərinin evdən çıxarılması haqqında qərar qüvvəsində qaldı.
Canab nazir!
21.02.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə "icraata başlamaq haqqında” Sabunçu Rayon İcra şöbəsi tərəfindən məlumat verilməsinə baxmayaraq, heç bir iş görülməmişdir. Məmmədova Qəmər İsrafil qızı hələ də mənim evimdə yaşayır.
Mən qardaşımın, onun-bunun evinda qalmışam. Evimə gedə, paltarlarımı götürə bilmirəm, küçələrdə, yollarda qalmışam. Hər həftə Sabunçu Rayon İcra şöbasinə gedirəm, söz verirlər, aldadırlar.
Təxminən 6 dəfə evə bildiriş göndəriblər, hər dəfə də bir başqa sözlə məni aldadıb, sakitləşdirib, ümid verib yola salıblar. Mən yaşlı, tək yaşayan qadınam, dərdimi kimə deyim?
Evimə köçmək, orada rahat yaşamaq istəyirəm. Rusiya vətəndaşı olan Qəmər mənim evimə sahib çıxıb, orda oturur. Ali və Apellyasiya məhkəmələrinin qərarını Sabunçu İçra Şöbəsi icra etmir, onu niyəsə evdən çıxartmır.
Qanunları, məhkəmə qərarlarını saymır, vəzifələrini vaxtında və düzgün yerinə yetirmirlər.
Cənab nazir!
Xahiş edirəm ki, 6 aydan artıq müddətdə başlamış icraatın başa çatması, yəni Məmmədova Qəmər İsrafil qızının evimdən çıxarılması barədə tədbir görəsiniz”.
Hazırladı: Jalə FAMİLQIZI
P.S. Məlumat üçün bilərk ki, icra məmurların işlərini qanuni çərçivədə görmədikləri haqda çoxsaylı müraciətlər alırıq. Hər birini də sayt və qəzet vasitəsilə işıqlandırırıq. Lakin icra məmurlarına verilən yüksək səlahiyyət onların əlindən alınmır. Hətta bəzi şikayətçilər deyir ki, “icraçının prezident qədər səlahiyyəti var”.
İllərdir aliment borcu olan şəxslər var ki, şikayət olunsa belə, həbs olunmur. Bununla bağlı əllimizdə çoxsaylı şikayətlər var. Bəzi şikayətçilər “yeni nazir yaxşı olar”, - deyə ümid edirdi. Lakin görünür, onların da bu ümidləri boşa çıxır, çünki bu sahədə hələ də “köhnə hamam, köhnə tas”dır.
Onu da qeyd edək ki, şikayətçilərlə birgə biz özümüz də dəfələrlə Ədliyyə Nazirliyinə icra məmurların özbaşınalığı haqqında məlumat vermişik. Təəssüflə qeyd edirik ki, onların barəsində heç bir tədbir görülməyib.
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların və şəxslərin mövqeyini dərc etməyə hazırıq.