“Dediklərinizə əməl edilməyəcəksə, danışmaq nəyə lazımdır?!” – ÜÇƏM ÖVLADLARI OLAN ABŞERON SAKİNİNDƏN SAHİL BABAYEVƏ MÜRACİƏT

Baxış sayı:
10189

Abşeron rayonu Xırdalan şəhəri, S. Bəhlulzadə küçəsi, döngə 1, ev 11-A-da yaşayan Qasımova Əfsanə Yasəf qızı tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə müraciət edən şikayətçinin məktubun olduğu kimi dərc edirik:
“Cənab nazir!

Əvvəla onu qeyd edim ki, beş uşaq anasıyam. Böyük övladım Fatimə Sadıqova 09 oktyabr 2008-ci il tarixində, ikinci övladım Xalid Sadıqov 07 yanvar 2010-cu il tarixində, digər üçəm övladlarım Tüncay, Tünc və Damla isə 12 yanvar 2021-ci il tarixində anadan olublar. Üçəm övladlarıma görə yoldaşım və mən işləyə bilmirik. Çünki üçəmlərdən ikisi xəstədir. Tüncun hər iki qulağının eşitmə qabiliyyəti yoxdur. Yəni 4-cü dərəcəli eşitmənin neyrosensor tipli ikitərəfli itirilməsi, hər iki qulaqda sensonevral tipli eşitmə azlığı var. Ona 16.04.2024-cü il tarixdən müddətsiz əlillik və sağlamlıq imkanlarının məhdudluğu təyin olunub. Qızım Damla isə nitq qüsurludur. Hər ikisi daima həkim nəzarətində olurlar. Həmçinin, oğlum Tunc fevral ayında əməliyyat olunub. O, bir il ABA terapiya və loqoped konsultasiyasına getməlidir. Bunun bir ayı dövlət tərəfindən ödənilir. Qalan on br ayını öz hesabımıza etdirməliyik.
Aztəminatlı ailə kimi artıq bir neçə ildir ünvanlı dövlət sosial yardım alırıq. Bu ilin mart ayında aldığımız ÜDSY-nin vaxtı bitdiyi üçün yenidən müraciət etmişik. Müraciətimiz 6 may 2024-cü il tarixində qeydiyyatdan keçib. Bu müraciətimizə qanunvericiliyə əsasən 15 iş günündə cavab verilməlidir. Lakin artıq 25 iş günü keçsə də, bizim müraciətimizə cavab verilməyib.
Dəfələrlə teleqram vuraraq, şəxsən məni təcili qəbul etməyinizi Sizdən xahiş etmişəm. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə teleqramla müraciət edərək, Sizin qəbulunuza düşməkdə mənə köməklik etməyini xahiş etmişəm. Həmin teleqramlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də göndərilib. Hər dəfə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən mənə zəng edib ya DOST Mərkəzinin adi bir işçisinin, ya da Dövlət Sosial Müdafiə Fondunun sektor müdiri Rasim Səfərovun qəbuluna yazılmağı təklif ediblər. Qəbula gedəndə də Dost Mərkəzinin işçiləri şablon cavablar verirlər. Rasim Səfərov da yalan vədini verməkdən başqa əlindən iş gəlmir.
Cənab nazir!
Sizin əməkdaşlar mənimlə dəfələrlə telefon əlaqəsi saxlayıblar. Onlara demişəm ki, ola bilər cənab nazirin məni təcili qəbul etməsi üçün vaxtı olmaz, mən razıyam ki, ya Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov, ya da onun müavini Mətin Əsgər məni qəbul etsin. Hər dəfə deyiblər ki, Himalay Məmişov da, Mətin Əsgər də məzuniyyətdədilər. Bu necə ola bilər, bir qurum rəhbərliyi hamısı eyni vaxtda məzuniyyətə çıxsınlar?! Axı onlar bizə xidmət etmək üçün üçün təyin olunublar. Nəyə görə bu şəxslər eyni vaxtda məzuniyyətə çıxırlar?!
Mənim ailəm ağır vəziyyətdədir. Amma DSMF-nin rəhbərliyi məzuniyyət də kef edirlər. Belə yerdə atalar yaxşı deyib: «Toxun acdan nə xəbəri?» Çox yaxşı, hər kəsin istirahət etmək hüquqi var. Amma olmaz ki, biri məzuniyyətini başa vursun, sonra digərinə məzuniyyət verilsin? Əlbəttə, olar. Bunun üçün iş prinsipi qurulmalıdır. Həmin iş prinsipinin başlıca məqsədi vətəndaşa yüksək xidmət olmalıdır.
Siz və nazirliyin digər yüksək vəzifəli şəxsləri daima televiziyada, mətbuatda, sosial şəbəkələrdə ünvanlı dövlət sosial yardımın verilməsindən bəh-bəhlə danışırsız. Aztəminatlı ailələrə sosial yardım verilməsi prosesində sənədləşmə işlərinin sadələşdirilməsi, əlçatanlığın artırılması, yardımın təyin olunma meyarlarının yumşaldılması və sairələrdən danışırsınız. Guya 3-dən çox uşaqlı ailələrə maddi məişət şəraitinin yoxlanılması keçirilmədən yerində təyinat verilir. Əgər dediklərinizə əməl edilməyəcəksə, danışmaq nəyə lazımdır?!
3 ildir sosial yardım alıram. Yetkinlik yaşına çatmayan beş uşağım var. Yaşadığımız ünvan da dəyişməyib. Övladlarımın üçü də 8 yaşına çatmayıb. Bəs nəyə görə mənim ailəmə yerində təyinat verilmir? Bu dedikləriniz hansı ailələrə şamil olunur?
Cənab nazir!
Suallarım çoxdur. Bu sualları cavablandırılması üçün özünüzün vaxtınız yoxdursa, tapşırıq verin Himalay Məmişov şəxsən özü təcili məni qəbul etsin və həmin qəbulda mənim bu suallarımı özü şəxsən cavablandırsın”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.