Vahid Əhmədov Naqif haqda: “Beləsi parlamentdə oturmamalıdır...”

Milli Məclisin deputatı Vahid Əhmədov “Yeni Müsavat” qəzetinə müsahibəsində Məmmədəmin Rəsulzadənin barəsində təhqiramiz fikirlər səsləndirən həmkarı Naqif Həmzəyevin deputat adına layiq olmadığını deyib. “Mən onun fikirlərinə çox pis yanaşıram və belə şeyləri qəbul etmirəm. Belə məsələləri tarix öz yerinə qoyur”-Vahid Əhmədov deyib.
Deputat xatırladıb ki, Məmmədəmin Rəsulzadə 1918-20-cü illərdə, 23 ay ərzində Azərbaycan hökumətində təmsil olunan şəxsdir. Dünyasını dəyişəndə də üç dəfə “Azərbaycan” deyib. “O vaxt elə çətin bir vəziyyətdə müstəqil Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan Rəsulzadə, Əhməd Cavad, digər görkəmli şəxsiyyətlərin qədrini bilmək lazımdır. Rəhmətlik Heydər Əliyev və indiki prezidentimiz İlham Əliyev də Rəsulzadə ilə əlaqədar fərmanlar, sərəncamlar veriblər, onun yubileylərini həmişə qeyd ediblər”-V.Əhmədov bildirib.
Onun fikrincə Milli Məclisə seçilən hər bir millət vəkili başa düşməlidir ki, ona bu mandatı Azərbaycan xalqının mənafeyini müdafiə etmək, Azərbaycanın müstəqilliyini qoruyub-saxlamağa yönələn fəaliyyət üçün veriblər. Azərbaycanın müstəqilliyinə xələl gətirən çıxışlar etmək üçün deyil.
“Mən Azərbaycanın müstəqilliyinə səs verən adamam, istiqlalçı deputatam. Belə insanlar ümumiyyətlə Milli Məclisdə təmsil olunmamalıdır! Belələri Milli Məclisə layiq insanlar deyil! İkincisi də bəziləri elə fikirləşirsə ki, əyalətdən Bakıya gəlib, ordakı danışıq qabiliyyətini paytaxtda da, Milli Məclisdə də aparmaq olar, səhv edir. Milli Məclis siyasi arenadır, burada hamı danışığına fikir verməlidir”-Vahid Əhmədov vurğulayıb.