“Müalicəm üçün evimi satmağı düşünürdüm…” – Mehman ona dəstək olanlara təşəkkür etdi

Baxış sayı:
556

Xərçəng xəstəliyindən əziyyət çəkən, hazırda İsveçrədə müalicə olunan məşhur bloqer Mehman Hüseynov sosial şəbəkədə səhhətiylə bağlı açıqlama yayıb.

Muxalifet.az xəbər verir ki, M. Hüseynov dostlarına onu xilas etməyə çalışdıqları üçün təşəkkür edib. O, artıq çətinliklərə öyrəşdiyini vurğulayıb:

“Həyat məni hər dəfə sınağa çəkir. 7 il ölkədən çıxışıma qadağa qoyulmuşdu, polis bölmələri, döyülmə, 2017-ci ildə də həbs etdilər, həbsdə olduğum vaxtı anamı itirmişəm, sonra yenə həbsimi uzatmaq istədilər, həbsdən çıxdım, yenə döyüldüm və nəhayət bir gün həkim gəlib dedi ki, bala, sən xərçəngsən. Həyatım tələb edir ki, mübarizə aparım. Əminəm ki, bu şişi də məhv edəcəm.

Bu xərçəng hardan çıxdı, bilmirəm. Amma bu şişi Azərbaycan səhiyyəsi ortaya çıxara bilmədi. Ayağımda damarlar çıxmışdı, bizim klinikalara gedib müayinə olunurdum, həkimlər deyirdi, narahat olma, ayağındakı damarlar adi varikozdur. Amma damarlar niyə çıxıb, səbəbi nə olub, onu demirdilər. Yeni İl ərəfəsi döyüləndən sonra isə heç bir xəstəxana mənə yaxın durmadı. Məni siyasi baxışlarıma görə yaxın buraxmırdılar. Ona görə məcbur olub Tiflisə gedib müayinə olundum. Oradakı həkimlər bildirdilər ki, ayağımdakı damarlar elə-belə əmələ gəlməyib. Səbəb isə odur ki, damar gəlib qarnımın aşağı hissəsində yox olur. Müayinə edib bildirdilər ki, qarnımın aşağı hissəsində şiş var. Şübhələnirik ki, onkoloji ola bilər, olmaya da bilər. Biopsiya cavabları çıxdıqda gürcü həkimləri bildirdilər ki, biz dəqiqləşdirə bilmirik bu nə şişdi. Biz sizə məsləhət görərdik ki, Avropada müayinə edəsiniz, çünki orada dəqiq sizə deyəcəklər.

Bakıya qayıdıb seçkilərdə iştirak edib, sonradan müayinə üçün İsveçrəyə gedəsi oldum. Ölkədən çıxan kimi COVID 19-a görə giriş-çıxış bağlandı. İsveçrədə 2 ay ərzində həkimlər müayinə edib yekun qərarı təqdim etdilər və bildirdilər ki, onkoloji şişdir və burada vaxt itirmək olmaz, təcili müdaxilə lazımdır. Lakin o məbləğ nağd əlimizdə olmadı. Mənə burada təklif etdilər ki, gedib İsveçrə hökumətinə müraciət edib mühacir kimi qalım. Məni hər şey ilə təmin edəcəklər və üstəlik bu müalicə, əməliyyat pulsuz başa gələcək. Yalnız mühacir olduğum halda bu əməliyyat pulsuz ola bilər. Siz indi yəqin düşünərsiz ki, mənim başım çatışmır, dəliyəm, amma elə düşünün. Düşünün ki, məndə çatışmır”.

M. Hüseynov mühacirlik təklifindən imtina etdiyini vurğulayıb: “Mən qəti bu qərarı rədd etdim və heç bir Avropa ölkəsinə müraciət etməkdən söz gedə bilməz. Bu təklifdən imtina etdim. Mənim öz ölkəm var- Azərbaycan, öz xalqım var. Həyatımın bir hissəsini korrupsiyaya əli batmış məmurlarla mübarizəyə həsr etmişəm. Çalışmışam xalqa xidmət edim, ölkədə baş verənləri çəkib göstərim. O boyda çətinliklərdən keçib əziyyət görüb, sonra durub ölkədən imtina edib mühacirliyə gedən deyiləm. Ölkə hamımızındır, ölkədə problemlər var, deməli, hamımız ölkəmizə sahib çıxmalıyıq. Mən bundan sonra əgər ayağa qalxsam, öz ölkəmdə mübarizəni aparacam. Əgər sağlamlığım imkan verməsə belə yenə də öz ölkəmdə yaşayacam, çalışdığım qədər xalqa xidmət etməyə davam edəcəm. Düşündüm ki, bu xəstəliklə qayıdacam ölkəmə.

Lakin çıxılmaz vəziyyəti nəzərə alaraq, qardaşım təklif etdi ki, petisiya edək, Azərbaycan xalqına müraciət edək və ianə toplayaq. Buna da mən yox cavabı vermişdim. Mən xalqın sosial vəziyyətini nəzərə alıb dedim ki, buna da razı deyiləm. Həm də istəməmişdim bu məsələ haqqında yazıb sizləri narahat edim. Ən pis halda düşünürdüm ki, mənim Azərbaycanda evim var, onu satıb birtəhər özümü müalicə edərəm. Amma bunun üçün gərək ölkəyə qayıdıb, evi sataraq pulu əldə edib yenə qayıdıb müalicə edim. Nəzərə alsaq ki, ölkəyə giriş-çıxış bağlıdır və mənim onkoloji şişə müdaxilə olunub deyə vaxt itirmək olmaz idi. Həkimlər də təcili olaraq radioterapiya edib əməliyyata götürmək istəyirlər, çünki vəziyyətim getdikcə pisləşir. Ona görə də qardaşım çıxılmaz vəziyyətdə Azərbaycan xalqına müraciət etdi. Və yəqin düz edib. Xalq məni çətin vəziyyətdə qoymadı. Mən də öz qərarımı düzgün etdiyim üçün çox rahatam. Demək ki, bu xalq üçün, bu ölkə üçün min əziyyətlərdən keçməyə dəyər. Çox sağ olun ki, bu vəziyyətimi nəzərə alıb dəstək oldunuz. Hamınızı sevirəm. Sağlamlığınızı qoruyun”.