“Əli-qolu bağlı intihar? – MİNGƏÇEVİR PROKURORLUĞUNA İTTİHAM!”

Dünən saytımızda Mingəçevir şəhəri, Yeni köçkünlər qəsəbəsi ev 3, mənzil 18 ünvanında yaşayan Rzayeva Olqa Pavlovnanın şikayət məktubunu dərc etmişdik. Şikayətçi məktubda oğlu - 1975-ci il təvəllüdlü Rzayev Zahir Aydın oğlunun ölüm faktından bəhs edir. Belə ki, Olqa Rzayeva rəsmi qurumlar tərəfindən intihar etdiyi bildirilən oğlunun əslində öldürüldüyünü iddia edir. Onun sözlərinə görə, Zahir Rzayev 17.03.2017-ci ildə əli və ayaqları bağlı halda, asılmış vəziyyətdə aşkarlansa da, Mingəçevir şəhər prokurorluğu oğlunun intihar etdiyini bildirib. “Yoldaşı Pərvanənin sözlərinə görə, o, səhər yuxudan durandan sonra Zahiri mətbəxdə əlləri arxadan bir-birinə skoçla, ayaqları isə bir-birinə iplə bağlı vəziyyətdə qaz borusundan asılı görüb və 19 yaşlı qızı Çinarə ilə mələfəni kəsərək, onu yerə endirib, əllərini, ayaqlarını açdıqdan sonra köməyə adam çağırıblar” – deyə O.Rzayeva yazır.
Xanım Rzayeva deyir ki ki, 30.03.2017-ci ildə Mingəçevir şəhər prokuroru Azad Qarayev onu prokurorluğa cağıraraq, otaqda 3 nəfər şəxsi Bakıdan, Gəncədən və Şəmkirdən gəlmiş ekspertlər kimi təqdim edib və onların ekspertiza aparacaqlarını bildirib. “Meyitin müayinəsi zamanı qızım Afət özünü Bakıdan gələn ekspert kimi təqdim edənə Zahirin boynunun qırıq olması faktını və ayağındakı 4 iynə izini göstərmiş və bunların Zahirin ölümündə həlledici rol oynaya biləcəyindən şübhələndiyini bildirib və onların necə yaranmasının araşdırılmasını xahiş edib” – deyən O.Rzayevanın sözlərinə görə, əksinə, Mingəçevir şəhər Prokurorluğu oğlunun qətlə yetirilməsini ört-basdır edib. Belə ki, ölüm faktından 47 gün sonra - 17.05.2017-ci il tarixində açıqlanan ekspert rəyində Zahirin guya özünü asdığı qeyd olunub. Bu səbəbdən də 14.06.2017-ci ildə saxta faktlar əsasında işə xitam verilib.
Ən maraqlısı isə odur ki, Z.Rzayev “özünü asdıqdan” sonra onun üzərindən müəllifi məlum olmayam məktub tapıldığı iddia olunur. Latın əlifbası ilə yazılan həmin məktubda, guya, Zahir iş tapa bilmədiyi üçün həyatına qəsd etdiyini yazıb. Ancaq mərhumun xanımı bildirir ki, Z. Rzayev məktəbdə rus sektorunda oxuduğu üçün ancaq kiril əlifbası ilə yazıb-oxuya yaza bilib. Bu səbəbdən də mərhumun ailə üzvləri onun intihar etmədiyini və qətlə yetirildiyini iddia edirlər.
 
Azərbaycanda bir ilk...

Mingəçevir şəhər sakinini məlum müraciətini saytımızda geniş işıqlandırsaq da, burada qeyd olunan faktlar bizi bir daha bu haqda yazmağa vadar etdi. İlk olaraq onu qeyd edək ki, əli-qolu bağlı "intihar faktı"nı Azərbaycanda bir ilk hesab etmək olar. Təbii ki, belə bir ilkə imza atdığı üçün Mingəçevir şəhər prokuroru Azad Qarayevin “təltif” olunmasına və “vəzifə pilləsində irəli çəkilməsinə” ehtiyac var. Çünki bu adamın “xüsusi peşəkarlığı” nəticəsində əli və ayaqları arxadan bağlı vəziyyətdə aşkarlanan Zahir Rzayevin “özünü asdığı” ortaya çıxıb. Belə görünür ki, Z.Rzayev “intihar edərkən” hörmətli Azad Qarayevin peşəkarlığını yoxlamaq düşüncəsində olub, amma prokurorun sayıqlığı nəticəsində onun bu “hiyləsi” baş tutmayıb...

Prokurorun sayıqlığı...

Əlbəttə, Azərbaycan hüquq-mühafizə orqanları əməkdaşlarının qazdan da ayıq-sayıq olduğu kiməsədə şübhə doğurmur. Zahir Rzayevin “öz intiharı ilə şəhər prokurorluğunu aldatmaq cəhdinin” ifşa olunması da deyilənlərin bariz nümunəsi hesab oluna bilər. Bu baxımdan cənab Baş prokuror Zakir Qaralov öz işçiləri ilə fəxr edə bilər. Hətta, fəxr etmək azdır, Zahir Rzayevin ölüm faktını araşdıran bütün mütəxəssislər tezliklə ən yüksək mükafatlara layiq görülməlidir. O cümlədən, Bakıdan, Gəncədən və Şəmkirdən getmiş ekspertlər də tezliklə aşkara çıxarılıb, ən yüksək mükafatlara, fəxri adlara layiq görülməlidir. Axı, əli-qolu arxadan bağlı bir adamın “hoppanaraq başını ilgəyə keçirib, canına qıyması faktını” aşkara çıxarmaq heç də hər kişinin, daha doğrusu, hər ekspertin işi deyil. Belə olduğu halda, dövlətimiz öz səxavətini bu şəxslərdən niyə də əsirgəməlidir ki?!

Hurriyyet.org