Keçmiş bankirin adı yeni sensasion qalmaqalda: ortağının əmlakını ələ keçirir - “ETİBAR ƏLİYEV ŞİRKƏT ÜZƏRİNDƏN “OTKAT” PULLARI YUYURDU...”

Baxış sayı:
8527

Ləğv edilmiş “Texnikabank”ın keçmiş sahibi, adı əvvəllər Eldar Mahmudovun adamı kimi hallanan (bu haqda daha sonra) Etibar Əliyev onunla şərikli biznes qurmuş keçmiş ortağının əmlakını rayon məhkəməsi hakiminin əliylə qəsb etdirir, faktiki olaraq talayır. Qalmaqallı keçmiş bankir barədə yeni qalmaqallı hadisələr isə bu dəfə Quba rayonunda (həmin rayonda Etibar Əliyevin villası var) cərəyan edib. Redaksiyamıza müraciət edən iş adamı Pərviz Hacıyev Etibar Əliyevin onun başına açdığı oyunlardan danışıb, sensasion faktlar açıqlayıb. Quba sakini olan P.Hacıyev deyir ki, 90-cı illərin əvvəllərindən etibarən sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Etibar Əliyevlə tanışlığı isə 2013-cü ildə (həmin dövrdə E.Əliyev ölkənin ən iri banklarından birinə rəhbərlik edirdi) başlayıb. Etibar Əliyev və Pərviz Hacıyev “Mənim Quba rayonu, 1-ci Nügədi kəndi ərazisində balıq istehsalı zavodum vardı. Xaricdən idxal etdiyim balıq məhsullarını həmin zavodda emal edib ölkə ərazisində satırdım. Vergilərimi vaxtlı-vaxtında ödəyən, ölkəmə qazandıran, yüzlərlə insana qazanc imkanı yaradan dürüst sahibkar kimi tanınmışam. 2015-ci ildə Etibar Əliyevlə ortaq biznes qurmaq haqda razılaşdıq, payları öz aramızda bərabər bölməklə balıqçılıq, heyvandarlıq, əkinçilik, bağçılıq və tikinti sahələri üzrə fəaliyyət göstərən “Aqro İnvest və İstehsalat” MMC-ni təsis etdik. MMC-nin səhmlərinin 50 faizi mənə məxsus idi, Etibar Əliyev isə öz payını qardaşının kürəkəni Abdullayev Elşən Zöhrab oğlunun adına rəsmiləşdirdi”,-sahibkar deyir. Şirkət qurulanda nizamnamə kapitalı 1 milyon manat olub. İcraçı direktoru isə Pərviz Hacıyev təyin edilib. Pərviz Hacıyev bildirir ki, müəssisə yaranandan sonra gecə-gündüz işləyib, şərikli biznesə bir qəpik də olsun haram qatmayıb, aqrar sahədə və balıqçılıqda qazandığı təcrübəsi, peşəkarlığı sayəsində “Aqro İnvest və İstehsalat” MMC bir neçə ilə dəfələrlə böyüyüb. Nizamnamə kapitalı 15 milyon manata çatıb. ortaq müəssisə Lakin 2019-cu ilin əvvəllərindən ortaqlar arasında narazılıq başlayıb. P.Hacıyev bu narazılığın səbəbləri barədə danışaraq deyir ki, Etibar Əliyev “Aqro İnvest və İstehsalat” MMC üzərindən çirkli pulların yuyulmasını həyata keçirirdi, Rizvan adlı hansısa yaxın qohumunun iri dövlət səhmdar cəmiyyətinin tikinti layihələrindən əldə etdiyi “otkatı” bu şirkət üzərindən ərzaq almaq adı altında fəaliyyəti kağız üzərində olan şirkətlərə köçürürdü və nəğdləşdirirdi. Haşiyə: Etibar Əliyevin adının yenidən çirkli pulların yuyulmasında çəkilməsi deyəsən nələrisə yada salır axı. Çirkli pulların yuyulmasının bu keçmiş bankirin ən sevimli qazanc mənblərindən biri olduğu haqda faktlar, şahid ifadələri vaxtilə “MTN işində” üzə çıxıb. Xəbərlər vardı ki, Eldar Mahmudov Etibar Əliyevin məhz bu əməllərinə görə onu vaxtilə MTN zirzəmisinə saldırmışdı və nəhəng məbləğlərdə pulunu almışdı. Hərçənd onun özünün də əvvəllər Eldar Mahmudovla əlbir olduğu deyilirdi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin şöbəsi rəisi, polkovnik Vüsal Ələkbərovun işi üzrə məhkəmə prosesində isə zərərçəkənlər demişdilər ki, məhz Etibar Əliyev “Texnikabank”da iri əmanətləri olanların adlarını MTN-ə ötürüb. Nəticədə həmin adamları MTN-ə çağırıb pullarını alıblar. Və zərərçəkənlər onun həbs edilməsi üçün yuxarı instansiyalara, ölkə rəhbərliyinə çoxsaylı müraciətlər göndərmişdilər. Sahibkarın danışdıqlarından: “Mən bu qara əməllərin şahidi olanda dəfələrlə ona dedim ki, belə işlərə son qoysun, çünki axırı həbsdir. Amma nəticəsi olmadı. Nəticədə 2019-cu ilin mayında ortaqlığı pozmaq qərarına gəldim. Şirkətin nizamnamə kapitalından mənim payıma 7 milyon manata yaxın dəyərində aktivlər düşsə də öz aramızda əldə etdiyimiz centlmen anlaşması əsasında cəmi 1 milyon manata yaxın dəyərində aktivləri (balıq məhsulları, tikinti texnikası, nəqliyyat vasitələri və s. )götürməyə razılaşdım. Amma çox keçmədi ki, Etibar Əliyev bunları da mənim əlimdən almaq üçün müxtəlif qanunsuz yollara əl atmağa başladı”. P.Hacıyev nəql edir ki, şifahi anlaşma ilə ayrılandan sonra E.Əliyev onun üzərinə idmançıları göndərib, təhdid edərək boş məxaric qəbzlərinə imza atdırmaq istəyib. Dediyinə görə, keçmiş bankir onun üstünə imzalanmaq üçün 29 ədəd belə qəbz göndərmişdi. Görünür məqsədi bu olub ki, sonradan həmin qəbzlərə istədiyi məbləği yazıb pulları ortağına verdiyini iddia eləsin. Vəziyyət belə olanda Pərviz Hacıyev “Aqro İnvest və İstehsalat” MMC –nin aktivlərinin səhmlərin pay bölgüsünə uyğun rəsmən bölüşdürülməsi üçün Quba Rayon Məhkəməsində iddia qaldırıb. İddia baxılmaq üçün qəbul ediləndə Etibar Əliyev də səhmləri adına rəsmiləşdirdiyi həmin qohumunun adından keçmiş ortağına qarşı iddianı məhkəməyə təqdim edib. İddia P.Hacıyevin özünə götürdüyü aktivlərin ondan geri alınması barədə idi. Və bunun ardınca absurdluğu baxımından hüquqdan anlayışı olmayanları belə mat qoyacaq əhvalatlar baş verib. Pərviz Hacıyev Hakim Rahim Həsənov E.Əliyevin qohumunun qaldırdığı iddia üzrə iddianın təmin tədbiri haqqında qərardad verib. Qərardada əsasən P.Hacıyevin şifahi anlaşma əsasında özünə götürdüyü aktivlərə həbs qoyulurdu. Lakin hakim çox keçmədən növbəti qərardad çıxarıb-bu dəfə üzərinə həbs qoyulmuş aktivlərin Etibar Əliyevin qohumunun nəzarətinə verilməsi barədə. “Ortaq müəssisədən götürdüyüm aktivlərin bir hissəsi-dəyəri təxminən 294 min manat olan dondurulmuş balığı Nügədidə sahibi olduğum balıq zavodunun soyuducusunda saxlayırdım. Orada başqa sahibkarların da balıq məhsulları saxlanılırdı. Bir neçə gün əvvəl məhkəmə icraçıları hakim Rahim Həsənovun tamamilə absurd, qanunsuz qərardadı əsasında Nüqədidəki balıq zavodunun qapılarını sındırıblar, içəridən cəmi 500 min manata yaxın dəyərində balıq məhsulları aparıblar”,-şikayətçi bildirir. Pərviz Hacıyevin başqa əmlakı da beləcə E.Əliyevin adamlarının nəzarətinə verilib. Bəs rayon hakimi hansı əsasla belə qərardad çıxarıb, bir halda ki, ortaqların birgə aktivlərinin bölüşdürülməsinə dair qaldırdıqları iddia üzrə hələ qanuni qüvvəyə minmiş hökm yoxdur? Nədən və hansı arqumentlərlə hakim ortaqlardan birinin bütün aktivlərinin onun saxlancından götürülüb digərinin nəzarətinə verilməsi qənaətinə gəlib? P.Hacıyev şübhə etmir ki, ortaqda keçmiş bankirlə məhkəmə hakimi arasında qanunsuz sövdələşmə dayanır... “Dələduzluq əməlləri ilə bütün ölkədə ad çıxarmış birinin hakimlə əlbir olması nəticəsində illərlə zəhmət çəkib qazandığım bütün əmlakım əlimdən çıxıb, sahibkarlıq fəaliyyətim iflic olub, müflisləşmə həddinə çatmışam. Hətta üzləşdiyim bu misli görünməmiş qanunsuzluğa, dələduzluğa görə intihar etmək haqda düşünürəm”,-sahibkar bildirir. Əlbətdə, P.Hacıyevin maraqlarını müdafiə edən hüquqşünas rayon məhkəməsinin hakimi Həsənovun çıxardığı qərardadlardan rayon məhkəməsinə şikayətlər verir. Amma işə bax ki, hakim həmin şikayətlərə baxılmasını ləngidir (qərardaddan verilmiş şikayətə məhkəmə 3 gün ərzində baxıb ya ləğv etməli, ya yuxarı instansiyaya göndərməlidir) , məzmununu qarşı tərəfə çatdırır, nəticədə qarşı tərəf iddianın təmin tədbiri barədə yeni vəsadət verir. Beləcə Quba Rayon Məhkəməsində “təkqapıya oyun” gedir, sahibkarın əmlakı faktiki qəsb olunur...//virtualaz