İslahat "müharibə" deməkdirsə, qalib ola biləcəyikmi?

  1.  
Baxış sayı:
424

Samir FEYRUZOV
 
İslahatlar həyata keçirmək çox ciddi prosesdir. Uzun illər Qərb xüsusi xidmət orqanlarında çalışmış siyasətçilər hesab edirlər ki, islahatlar aparmaq bir ölkədə inqilab etmək qədər çətindir. İslahatlar həm də bir neçə cəbhədə "müharibə" elan etmək deməkdir.
İslahatlar zamanı:

- Mövcud siyasi sistemin əsaslarını saxlamaqla, ciddi dəyişikliklər edilir
- İstehsal münasibətlərini təkmilləşdirilir
- İctimai-siyasi və ideoloji təsisatlar sistemi daha çevik şəkildə formalaşdırılaraq fəallaşdırılır
- Ölkədə insan hüquqları və söz azadlığı sahəsində ciddi praktiki addımlar atılır
- Uzun illərdir cəmiyyətdə yığılıb qalmış ziddiyyətlər, problemlər aradan qaldırılır
- Sosial partlayışın elementləri və sosial gərginlik aradan qaldırılır
- Kiçik müəssisələrin böyük müəssisələr tərəfindən udulması prosesi dayandırılır, monomoliya ləğv edilir (radikal və yumşaq olmaqla, 2 xarakterli qərarlarla), azad sahibkarlıq inkişaf etdirilir və s.

Və bütün bunları biz dövlətin mövcud siyasi və iqtisadi strukturunun təkmilləşməsi, yenidən qurulması üçün kompleks tədbirlər məcmusu adlandırırıq.
1987-ci il iyun ayının 25-də SovİKP MK-nın plenumunda  "Yenidənqurma" haqqında qərar qəbul edilir. "Yeniləşmə" kursu sosial-iqtisadi, siyasi və ideoloji sahəni əhatə edirdi. Eyni amanda,  Sovet İttifaqında söz azadlığı ilə bağlı da "aşkarlıq" siyasəti tətbiq edildi. Lakin cəmi 4 il sonra SSRİ dağıldı. Yəni, SSRİ-də ötən əsrin 80-ci illərindən başlayan, konfiqurasiya və islahat hərəkatı adlandırılan "Yenidənqurma" heç bir nəticə vermədi. Hələ 60-cı illərdə bu kimi cəhdlər bir dəfə də boşa çıxmışdı.
Və bir neçə ölkələrdən bu kimi xeyli sayda nümunələr saymaq olar. İslahat kursununun müsbət nəticələndiyi, bu "yumşaq inqilabı" uğurla başa çatdığı tək-tük nümunə tapmaq olar.
İslahatlar kursunun köklü dəyişikliklər etmədən, kosmetik üsullarla uğurla nəticələnəcəyini düşünmək sadəlövhlük olardı, Mövcud siyasi sistem bütün sahələr üzrə formasını deyil, mahiyyətini, məzmununu dəyişməlidir.
İslahatlar zamanı həyata keçirilən addımlara daban-daban zidd olan, süni və çox ciddi əngəllər də ortaya çıxır:
- Regional amillər qabardılır
- Köhnələr "mövcud olanın dağıdılması" istiqamətində fəallaşır
- Yenilər "mövcud olanın qorunması" üçün sadəcə cəhdlər etməyə məcbur olur, islahatlar kursu ilə bağlı birxətli iradə vaxt itirir
- Mövcud siyasi sistemin sütunu hesab olunan təşkilatlar süni yollarla provakasiyaya çəkilir, təşkilatlar daha çox süni yollarla inzibati, zorakı üsullara təşviq edilir
- Daxili informasiya savaşı başlayır

Bütün bunları yazmaqda məqsədim odur ki, Azərbaycanda islahatlar kursu elan edən hakimiyyət baş verən bütün hadisələrə (irili-xırdalı) ciddi yanaşmalı, vəziyyətin ciddiliyini nəzərə almalıdır. Xüsusilə də, bu islahatlar kursu pandemiya dövrünə təsadüf edibsə... Cəmiyyətdə sosial gərginliyin artdığı,  psixoloji tarazlığın pozulduğu bir ərəfədə islahatlar kursunu təmkinlə, yumşaq şəkildə (bəzi hallarda radikal) və bütün cəbhələr üzrə savaş açmamaqla aparmaq daha məntiqli olardı. Artıq Azərbaycanda bundan sonra baş verə biləcək çox ciddi hadisələrin işartıları görünməkdədir. İslahat savaşdır, müharibədir, ayıq-sayıq olmaq lazımdır.
İslahatlarla bağlı o vaxt uğurlu nəticənin əldə olunacağına ümid olacaq ki, mövcud siyasi sistemin qolları və ölkənin bütün sahələri vahid idarəçilikdən, vahid iradədən kənarda qalmasın, pərakəndəlik iflas, bu savaşda məğlubiyyət deməkdir.